Millətlər Liqası mənasız turnirdimi? – bizimkilər danışır

Millətlər Liqası mənasız turnirdimi? – <b style="color:red">bizimkilər danışır</b>
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2018 / 12:59 2421
-  A +

Xəbər verdiyimiz kimi, "Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqasını tənqid edib. Yarışı dünya futbolunun ən mənasız turniri adlandıran alman mütəxəssis oyunçularının lazımsız yarışda mübarizə apardığı və bu səbəbdən klubun düşərgəsinə yorğun qayıtdığını bildirib. Təbii ki, Klopp klub məşqçisidir və onun üçün milli komandaların mübarizə apardığı ikinci dərəcəli turnir o qədər də önəm daşımır.

Bəs, görəsən bizim yerli mütəxəssislərimiz milli komandamızın da iştirak etdiyi yarış haqda hansı fikirdədir? Doğrudanmı UEFA-nın bu ildən təşkil etdiyi Millətlər Liqası mənasız turnirdir?

AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov deyir ki, UEFA Millətlər Liqasını Avropanın top-klublarının göstərişi ilə yaradıb: “Real”, “Barselona”, “Mançester Yunayted” kimi klublar narazılıq edirdilər ki, oyunçuları milliyə gedib, zəif komandalarla qarşılaşırlar. Həmin matçlarda həm zədələnmə, həm də yorğunluq ola bilər.


Yurgen Klopp

Bilirsiniz ki, klublar üçün əsas çempionat və avrokuboklardır. UEFA məhz bu səbəbdən belə bir turnir təşkil etdi. Turnirin mahiyyəti də ondan ibarətdir ki, buradan Avropa çempionatına çıxış var. Komandaları 4 diviziona böldülər. Klopp klub məşqçisidir. Onun üçün maraqsız ola bilər. Belə məşqçilər daha çox işlədikləri komandaları fikirləşirlər. Klopp almaniyalı məşçidir, İngiltərə millisi və ya bir başqa yığma onun nəyinə lazımdır.


Ağasəlim Mircavadov

Bu insanı “Liverpul” maraqlandırır. Ancaq mən Millətlər Liqasına maraqsız deməzdim. Bizim kimi ölkələr üçün vacib, faydalı yarışdır. Çünki konkret məqsəd var. Ancaq iddialı ölkələr də bundan maksimum yararlana bilərlər. Misal üçün, az oyun keçirib, Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edə bilərlər. Zəif yığmalar üçün əla şansdır”.

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Kloppla razılaşmasa da, onun fikrində müəyyən həqiqət payı olduğunu da istisna etmir: “Millətlər Liqası hansısa iddialı ölkələr üçün mənasız turnir ola bilər. Ancaq bizim kimi yığmalar üçün vacib turnirdir. Biri var, hansısa hegemon komandanın əlinə düşürsən, səni tapdalayırlar. Biri də var ki, burada bərabər səviyyəli mübarizə şəraitində sənin üçün əlçatmaz hesab olunan Avropa çempionatının final mərhələsində iştirak hüququ qazana bilərsən. Kloppun da sözündə bir həqiqət var ki, Fransa, İtaliya, İngiltərə kimi nəhəng ölkələrin turnirə yanaşmasında fərq var.


Arif Əsədov

Amma Millətlər Liqasının bizim kimi ölkələr üçün mənasız olduğunu düşünmürəm. Çünki bunun sonunda hansısa bir hədəf, məqsəd var ki, ona çata bilərsən. Klopp məsələyə özünə sərf edən tərəfdən yanaşır. O istəyir ki, futbolçular daim əlinin altında hazır olsunlar. Ancaq milli elə bir komandadır ki, hər bir futbolçu üçün orada oynamaq şərəfdir. Bütün meyarlar da milli tərəfdən ölçülür. Bir futbolçunu qiymətlərndirmək üçün ilk növbədə onun millidə keçirdiyi oyunları izləyirsən. Klopp klub məşqçisi kimi danışır. Düşünmürəm ki, hansısa millinin çalışdırıcısı, misal üçün Didye Deşam və ya bir başqası o cür düşünsün, belə müqayisə aparsın”.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər