"Neftçi" rəhbərliyi banka borc ödəməklə məşğuldur" - Tahir Süleymanov

"Neftçi" rəhbərliyi banka borc ödəməklə məşğuldur" - <b style="color:red">Tahir Süleymanov</b>
MÜSAHİBƏ 8 Oktyabr 2018 / 16:10 3368
-  A +

"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada birinci dövrənin yekunlarını dəyərləndirən mütəxəssis milli komanda ilə bağlı suallarımızı da cavablandırıb.


- Ötən həftə çempionatda birinci dövrə başa çatdı. "Qarabağ" və "Keşlə"ni çıxmaq şərtilə digər komandalar bu dövrədə bütün oyunlarını keçiriblər. İlk dövrədən sonra ümumi mənzərəni necə xarakterizə etmək olar? Sizcə, komandaların səviyyəsi, çıxışı ilə turnir cədvəlindəki mövqeləri düz mütənasibdir?

- Çempionatın ümumi səviyyəsi bəllidir. Təəssüf ki, ildən-ilə tənəzzül davam etməkdədir. İlk dövrə sona çatıb. 2-3 klubu çıxmaq şərtilə digərləri eyni səviyyədədirlər. Ona görə hər tur fərqli çıxışlar olur. Artıq komandalara müəyyən qiymət vermək olar. "Qarabağ" sabit çıxışını davam etdirir. "Neftçi"nin, nəhayət, 3-4 ildən sonra turnir cədvəlinə başçılıq etməsi sevindiricidir. Ən acınacaqlı "Qəbələ" kimi iddialı, bütün şəraiti olan klubun vəziyyətidir. "Zirə"nin zəif çıxışı, məşqçi dəyişikliyini nəzərə almasaq, digər klublar öz durumlarına uyğun yerdədirlər. Debütant "Sabah"ı da yaxşı mənada qeyd etmək olar. Ümumilikdə isə boş tribunalar fonunda çempionatın ümumi mənzərəsi ürəkaçan deyil.

- Əvvəlki illərlə müqayisədə Premyer Liqada nə kimi müsbət və mənfi dəyişikliklər müşahidə olunur?

- Son illər olduğu kimi 8 komandalı açıq "Bakı çempionatı"dır. Heç bir müsbət dəyişiklik baş verməyib. 90 faiz görüşlər aşağı səviyyədədir. Çox vaxt oyunlardakı mübarizəni ustalıq səviyyəsi ilə səhv salırlar. Mübarizə məhəllə yarışlarında da olur, əsas keyfiyyətdir. O da ki, demək olar, yoxdur.

- Sizcə, bu mövsüm çempionluq yarışı "Neftçi" və "Qarabağ" arasında gedəcək, yoxsa "Qəbələ" də özünə gəlib, onlara qoşula biləcək?

- Əsas mübarizə "Neftçi" və "Qarabağ" arasında olacaq. İndiki duruma uyğun "Qəbələ" nəinki çempionluğa, belə gedişlə dağılmağa doğru "irəliləyir". Baxmayaraq ki, komandanın heyəti zəif, rəqabətsiz birincilik üçün çempionluq uğrunda oynamağa yetərlidir.

- "Qəbələ"nin hazırkı durumu təəssüf doğurur. Çünki Premyer Liqada qalan yeganə bölgə klubudur. Bu komandanın da iddiasını itirməsi Azərbaycan futbolu üçün nə kimi fəsadlara yol aça bilər?

- Çox mənfi haldır. Qeyd etdiyim kimi, infrastruktur, şərait, heyət liderlik uğrunda çıxış etməyə imkan verir. Hər şeyi maliyyənin zəifləməsinə bağlamaq olmaz. Son 3-4 ildə "Neftçi" nağılları buna əyani sübutdur. Flaqmanın nə büdcəsi artıb, nə də  "Qəbələ"dən güclü heyəti var. Əksinə, banka borc ödəməklə məşğuldurlar. Yeni rəhbərlik, məşqçi, futbolçulara son illər obyektiv tənqidlərimizin haqlı olduğunu sübut etdiklərinə görə təşəkkür düşür. Bəhanələr gətirmək yox, çalışmaq lazımdır. Əvvəlki illər kimi güclü çempionat deyil, 6-7 klub liderliyə oynamır. Digər tərəfdən çempionatda cəmi iki legioner məşqçi var. Yerlilər verilən şansdan faydalanmağı, özlərini göstərməyi bacarmalıdırlar. Böyük futbol elmdir. Baş məşqçilər özlərini göstərməlidirlər. Təbii, klub rəhbəliyi də kənarda qalmamalıdır. Futbol itirə-itirə gedir, "Qəbələ"ni də itirsək, faciəyə doğru bir addım da atılmış olacaq.

- Bir az da milli komanda haqda danışaq. 2 gün öncə Qurban Qurbanov yığmanın heyətini açıqladı. Premyer Liqada elə futbolçu varmı ki, millidə oynamağa layiqdir, amma dəvət almayıb? Yoxsa elə ən ideal seçim budur?

- Millinin heyətindən çox "niyə keyfiyyətli futbolçular çatışmır" sualı müzakirə edilsə, daha doğru olar. İslandiyanın ümumi əhalisinin, demək olar, yarısı qədər futbolçu qeydiyyata alınıb. 140 min futbolçudan milliyə oyunçu tapılmır. Keyfiyyətli futbolçular olsaydı, indikilərin 60-70 faizi milliyə yaxın düşə bilməzdilər. Heç kim ağacın kökündən danışmaq istəmir, hamı qol-budaq müzakirə edir. Barlı ağac yoxdursa, meyvələri də cır olacaq. İspaniyadan milyonlar xərcləyib gətirilən İsrafilov da "cır" çıxdı. Berlin "məktəbi"ndən də heç kim yetişmədi. 10-12 il öncə "Top festivalı"nda top çiləyənlərin də artıq 20-25 yaşı var. Hələ ki, Azərbaycan futbolunun özünü çiləyirlər.

- Millinin qarşıda iki vacibi oyunu var: əvvəlcə Farer adaları ilə səfərdə, ardınca isə Malta ilə evdə üz-üzə gələcəklər. Bu oyunlardan gözləntiləriniz nədir və şanslarımızı necə dəyərləndirirsiniz?

- Durum nə qədər acınacaqlı olsa da, rəqiblərə uyğun qələbələr, nəticələr qazanılmalıdır. Problemlərdən vaxtında danışılmadı, millinin məşqçilər korpusu yükü öz üzərlərinə götürüblər. Strateji olaraq gec ola bilər. Artıq gecikilir. Qrupda ilk oyunlardan sonra kritik durum yaranıb. Bu iki görüş millinin Millətlər Liqasındakı taleyini həll edəcək. Rəqiblərin gücünü nəzərə alsaq, hər iki matçda qələbə qazanmaq mümkündür. Əsasən ilk oyunda psixoloji təzyiq çox olacaq. Bunu aşmaqla yanaşı, taktiki planda  rəqibi 100 faiz üstələmək lazımdır. Tək milli adına deyil, Qurban Qurbanova bu görüşlərdən qələbə ilə çıxmağı arzu edirəm.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu