“Çağırmadılar, canları sağ olsun" - Mirabdulla Abbasov

“Çağırmadılar, canları sağ olsun" - Mirabdulla Abbasov
MÜSAHİBƏ 8 Oktyabr 2018 / 13:49 4503
-  A +

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Qol.az-a müsahibə verib. Komandasının çıxışını dəyərləndirən gənc futbolçu milli komandaya dəvət almamasına da münasibət bildirib.

- Birinci dövrədən sonra "Neftçi" 19 xalla turnir cədvəlinə başçılıq edir. Komandanın çıxışını necə qiymətləndirirsən?

- Komandanın çıxışı göz qabağındadır. Birinci yerdəyik. Fikrimcə, layiq olduğumuz üçün hazırda turnir cədvəlinə başçılıq edirik. Bu, "Neftçi"yə yaraşan pillədir. Ümid edirəm ki, sona qədər belə oynayıb, mövqeyimizi qoruyacağıq.

- Bəz öz oyunundan necə, razısan?

- Öz oyunumu dəyərləndirə bilmərəm. Qoy, buna kənardan baxanlar qiymət versinlər.

- Turnir cədvəlinə baxanda da görünür ki, çempionluq mübarizəsi əsasən "Qarabağ" və "Neftçi" arasında gedəcək. Sən necə düşünürsən?

- Fikrimcə, hələ heç nə dəqiq deyil. Çünki qarşıda çox oyun var. Cəmi 1 dövrə oynanılıb, 3-ü isə qalıb. Hansı komanda sonradan güclənəcək, hansı zəifləyəcək, bilinmir. Ona görə indidən nəsə demək olmaz.

- Hazırda "Neftçi" turnir cədvəlinə başçılıq etsə də, mütəxəssislərin çoxu çempionluğa əsas namizəd kimi "Qarabağ"ı göstərirlər. Hətta aralarında "Neftçi"nin təsadüfən zirvədə olduğunu, vaxt keçdikcə hər bir komandanın öz yerini tutacağını düşünənlər də var...

- Nə bilim, bəlkə də 5 il ardıcıl çempion olduğu üçün hamı "Qarabağ"ın mövsümün sonunda qalib olacağını düşünür. Mən bu barədə heç nə deyə bilmərəm.

- Səncə, "Neftçi" bu mövsüm çempionluq həsrətinə son qoya biləcəkmi?

- Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Bunun üçün əlimizdən gələni etməyə çalışacağıq.

- Milli komandanın UEFA Millətlər Liqasında Farer adaları və Malta ilə oyunlar üçün heyəti açıqlandı və bu dəfə də dəvət almadın. Bu barədə nə deyə bilərsən?

- Əlbəttə, millidə oynamaq istəyərəm. Çağırmadılar, canları sağ olsun. Qərarlarına hörmətlə yanaşıram.

- Bu toplanışa dəvət alacağını gözləyirdin?

- Açığı, bu toplanışa çağırılacağımı gözləyirdim.

- Qərarı necə qarşıladın?

- Normal, elə bir ciddi təsiri olmadı. Yenə deyirəm, hamının fikrinə hörmətlə yanaşıram. Öz üzərimdə çalışağa davam edəcəyəm. Ümid edirəm ki, növbəti toplanışlara dəvət alaram.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər