Arif Əsədov: “İki makedoniyalı futbolçunu bəyənmişik”

Arif Əsədov: “İki makedoniyalı futbolçunu bəyənmişik”
MÜSAHİBƏ 1 İyun 2010 / 15:13 2967
-  A +

"Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Qol.Az həmin müsahibəni olduğu kimi sizə təqdim edir:
- Bu günlərdə Avstriyadan səfərdən qayıtmısınız. Səfərdə əsas məqsədiniz və nəticələri barədə nə deyə bilərsiniz?
- Avstriyada olarkən, orada təlim-məşq toplanışı keçən milli komandamızın Moldova və Makedoniya ilə yoldaşlıq görüşlərini izlədik. Klubumuzun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu ilə birgə baxdığımız oyunlarda həm yığmanın heyətindəki "Neftçi" üzvlərinin, həm də rəqib futbolçuların çıxışına diqqət yetirdik. Moldova ilə qarşılaşmanın birinci hissəsində milli komandamız yaxşı oynadı. Adətən yoldaşlıq görüşlərində dəyişikliklər çox olduğu üçün bu, oyun sisteminə təsirsiz ötüşmür. Mənə elə gəlir ki, məhz buna görə də fasilədən sonra yığmamız oyun sistemini itirdi. "Neftçi"nin oyunçularına gəlincə, Ruslan Abışov yeni ampluada, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirdi. Fikrimcə, o, pis təsir bağışlamadı. Cavid Hüseynov əvəzləmədən mübarizəyə qoşuldu. Əvvəlcə onun oyunu alınmasa da, sonradan hər şey qaydasına düşdü. Rail Məlikov da həmin matçda forma geyindi. O, sarı vərəqə almış Elnur Allahverdiyevi əvəzlədi və məcburiyyətdən adət etmədiyi sol cinahda oynadı. Təbii ki, əksər hallarda futbolçular mövqelərini dəyişdikdə, oyunları alınmır.
- Bəs Makedoniya ilə qarşılaşmada "Neftçi"nin futbolçuları necə təsir bağışladılar?
- Bu görüş Amit Quluzadənin debütü ilə yadda qaldı. O, yaxşı çıxış etdi, gənc olmasına baxmayaraq, özünü itirmədi. Bundan başqa, Ruslan Abışov öz mövqeyində sabit oynadı. Ümumiyyətlə, milli komandamızın Makedoniya yığması ilə matçında məqsədimiz rəqibin heyətindəki futbolçulara diqqət yetirmək idi.
- Makedoniyalı futbolçulardan kimisə bəyəndiniz?
- İki makedoniyalı futbolçu xoşumuza gəldi. Onların adları, hətta hansı mövqedə oynadıqlarını açıqlamaq istəmirəm. Makedoniya yığmasının Rumnıiyaya qarşı keçirəcəyi yoldaşlıq görüşünün vaxtını müəyyənləşdirmişik. Diqqət mərkəzində saxladığımız makedoniyalı futbolçuları televiziya vasitəsilə bir daha iş başında nəzərdən keçirəcəyik. Əgər onları yenə də bəyənsək, danışıqlara başlayacağıq. Eyni zamanda, biz Avstriyada təlim-məşq toplanışı üçün yerlərə baxdıq. "Neftçi" gələn mövsümə hazırlıq planı çərçivəsində iyunun 27-dən iyulun 9-dək Avstriyanın Zalsburq şəhərində məşqlər keçəcək. Ora dağlıq ərazidir, çox gözəl havası var. Xaricdə keçirəcəyimiz ilk təlim-məşq toplanışında fiziki təmrinlər önəm daşıyacağından, sözügedən yer bizim üçün çox əlverişlidir. Çox güclü komandalarla yoxlama matçları keçirə bilərik. Həmin ərəfədə "Beşiktaş", "Şaxtyor", "Zenit", "Rid" klubları orada təlim-məşqdə olacaqlar. Bu komandalarla razılığa gəlib, 3 oyun keçirməyi nəzərdə tutmuşuq. Xaricdə ikinci təlim-məşq toplanışımız isə 15-25 iyul aralığında Türkiyənin Antalya şəhərində olacaq. O zaman biz taktiki-texniki təmrinlərə üstünlük verəcəyik.
-  "Neftçi" ilə bağlı gələcək planlar nədən ibarətdir?
- Gələcəkdə flaqmanın heyəti əsasən yerli gənc futbolçulardan təşkil olunacaq. Tezliklə yığma səviyyəsində 2-3 azərbaycanlı futbolçu ilə danışıqlara başlayacağıq. Legionerlərin sayı isə təxminən 6-7 olacaq. Bundan başqa, U-21-ə çağırılan futbolçularımız - Emin Cəfərquliyev, Cavid İmamverdiyev, Orxan Həsənovu da təlim-məşq toplanışlarına qatacağıq. Növbəti mövsümdə gənc və təcrübəli oyunçuların sintezini yaratmaq niyyətindəyik. "Neftçi" gələcəyin komandasıdır. Biz çempionatda yüksək nəticələr qazanaraq, klubumuzun adını, şan-şöhrətini geri qaytarmaq istəyirik. Həmçinin, məqsədimiz odur ki, yığmada daha çox "Neftçi"nin oyunçuları yer alsın. İnanıram ki, klub rəhbərliyinin dəstəyi sayəsində növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki