"Samir Abasova inanırıq" - "Zirə"nin prezidenti

"Samir Abasova inanırıq" - "Zirə"nin prezidenti
MÜSAHİBƏ 2 Oktyabr 2018 / 17:00 2323
-  A +

"Zirə"nin prezidenti Natiq İsmayılov Qol.az-a müsahibə verib. Komandanın uğursuz çıxışından danışan N. İsmayılov yeni baş məşqçi Samir Abasova inandıqlarını bildirib.

- "Zirə" 1 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alır. Yəqin ki, komandanın hazırkı durumu klub prezidenti olaraq sizi də qane etmir. Sizcə, uğursuz gedişatın səbəbi nədir?

- Əlbəttə ki, nəticələrdən narazıyıq. İnanırıq ki, "Zirə" tezliklə qara zolaqdan çıxacaq. Komandada məşqçi və futbolçu dəyişiklikləri olub. Uyğunlaşmaq üçün zamana ehtiyac var. Bu proses heç də həmişə tez baş vermir. İndiki durumda bir qələbəyə ehtiyacımız var. Bir qalibiyyət dönüş yarada bilər.

- Uğursuz çıxışa görə komandaya hər hansı cəza verilibmi?

- Xeyr, komandaya cəza verilməyib. Ümumiyyətlə, klub olaraq, həm baş məşqçimizin. həm də futbolçularımızın yanındayıq.

- "Zirə" Samir Abasovun başçılığı altında 4 oyun keçirib. Düzdür, bu, yeni baş məşqçinin işinə qiymət vermək üçün çox az müddətdir. Ancaq yəqin ki, həmin oyunlar sizdə müəyyən fikirlər formalaşdırıb. Abasovun işi ilə bağlı ilkin təəssüratlarınız necədir?

- Düzgün qeyd etdiniz ki, belə qısa vaxtda məşqçinin işinə qiymət vermək olmaz. Həm məşqçiyə, həm də futbolçulara bir-birilərinə uyğunlaşmaq üçün vaxt lazımdır.

- Ümumiyyətlə, Samir Abasovun komandanı bu vəziyyətdən çıxaracağına inanırsınız?

- Əlbəttə, Samir Abasova inandığımız üçün onu dəvət etmişik. Bir daha təkrarlayıram ki, vaxta ehtiyac var.

- Artıq gələn tur Premyer Liqada ilk dövrə başa çatır. Görünür, hazırkı heyət çempionat üçün yetərli deyil. Qışda komandanı gücləndirmək barədə düşünürsünüzmü?

- Heyətlə bağlı məsələlərdə baş məşqçinin fikirlərinə önəm veririk. Hansısa istəyi olacağı halda klubun imkanları daxilində yerinə yetirməyə çalışacağıq. Qış fasiləsinə qədər oyunlarımız çoxdur. Bu, bizə həm düşünməyə, həm də boşluqları görməyə imkan verəcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın