"Keşlə"də baş məşqçi mənə haqsızlıq etdi" - Skarlatake

"Keşlə"də baş məşqçi mənə haqsızlıq etdi" - Skarlatake
MÜSAHİBƏ 23 Sentyabr 2018 / 12:12 3170
-  A +

“Zirə”nin yeni transferi Adrian Skarlatake Topaz Premyer Liqanın 5-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra Qol.az-ın əməkdaşının suallarını cavablandırıb. Rumıniyalı müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Meydana ən azı 1 xal üçün çıxmışdı. Düşünürəm ki, pis oynamadıq. Xüsusilə də ikinci hissədə çox yaxşı təsir bağışladıq. “Neftçi”nin vurduğu 2 qoldan başqa heç bir şansı olmadı. Çox sadə səhvlərdən qollar buraxdıq. Nəticəyə baxmayaraq, oynadığımız oyuna görə şadam. Hesabı bərabərləşdirmək, hətta qələbə topunu vurmaq üçün imkanlarımız oldu. Sadəcə, bəxtimiz gətirmədi.

- Oyunun gedişində hakim sizi meydanın kənarına göndərib, geyiminizlə bağlı irad bildirdi və onu dəyişdirməyi tələb etdi. Həmin vaxt nə baş vermişdi?

- Hakim məndən alt geyimimi dəyişməyi istədi. O, mənə dedi ki, yeni qaydaya əsasən bu rəng geyimlə meydana çıxa bilməzsən. Halbuki mənim bu barədə heç bir məlumatım yoxdur. Ehtiyat oyunçular skamyasına yaxınlaşıb, paltarımı dəyişdim. Bu qədər.

- 4 oyundan sonra cəmi 1 xalınız var. Ötən turda qazandığınız xal isə texniki məğlubiyyətə görə silindi. Sizcə, komanda niyə uğursuz çıxış edir?

- Yeni komandaddır, təzə baş məşqçi gəlib. Buna baxmayaraq, pis oynadığımızı deyə bilmərəm. Oyundan-oyuna hər şey daha da yaxşı olacaq. Bir az da bəxtə ehtiyacımız var. “Neftçi” ilə oyunda da bəxtimiz gətirmədi. Samir Abasov yaxşı məşqçidir, hücumameylli futbol oynatmağı xoşlayır. Fikir verdinizsə, uzun ötürmələrdən istifadə etmədik. Daha çox qısa paslarla oynadıq.

- “Keşlə”ni “Zirə”yə dəyişməyiniz çox müzakirə olundu. Əvvəlki komandanızdan niyə ayrıldınız?

- Zaur Axundovla yaxşı münasibətim var. “Zirə”dən təklif gələndə ona yaxınlaşıb, söhbət etdim və bu komandaya keçmək istədiyimi dedim. “Keşlə”də son oyunlarda meydana çıxmamışdım. Oynamaq istədiyim komandaya keçmək istəyirdim. Danışdıq, razılaşdıq. Sevinirəm ki, Zaur Axundov mənə problem yaratmadı. Məni başa düşdü və razılıq verdi.

- Belə çıxır ki, sabiq baş məşqçiniz Mladen Milinkoviçə görə “Zirə”yə keçdiniz...

- Bəli, o, məni oynatmırdı. Ötən mövsüm 7 qol vurmuşdum. Kubokun qazanılmasında əməyim olmuşdu. Buna baxmayaraq, o, mənə şans vermirdi. Fikrimcə, düzgün etmirdi. Özümə qarşı haqsızlıq olduğunu düşünürəm. Oynamaq istədiyim üçün “Zirə”yə keçdim.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı