"Sportinq"in qapısına penalti təyin etmək olardı" - Qara Qarayev

"Sportinq"in qapısına penalti təyin etmək olardı" - Qara Qarayev
MÜSAHİBƏ 21 Sentyabr 2018 / 12:20 4444
-  A +

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra Qol.az-ın sualların cavablandırıb. O, ilk olaraq matç haqda fikirlərini səsləndirib:

- İlk hissədə rəqibə 100 faizlik qol şansı vermədik. Əksinə, özümüz bir neçə dəfə rəqibi həyəcanlandırdıq. Hətta "Sportinq"in qapısına penalti təyin etmək olardı. Jeremi Matyenin cərimə meydançasında futbolçumuz Filip Ozobiçə qarşı kobud oynadığını düşünürəm. İlk hissədə pis oynamadıq. İkinci hissənin ilk 15 dəqiqəsində diqqətli olmağı əvvəlcədən danışmışdıq. Amma anidən oyunçuların yerini itirdik. Belə bir texniki səhv də qolla nəticələndi. Məncə, pis oynamadıq.

 - Simeon Slavçev meydanda deyildi. Əsas heyətdə Coşqun Diniyevlə, fasilədən sonra Miçellə yarımmüdafiədə oynadın. Sənin üçün hansı futbolçu ilə anlaşmaq baxımından daha rahat olur?

- Keyfiyyət şəklində demək istəmirəm. Hamısı yaxşı, dəyərli, keyfiyyətli futbolçulardır. Amma Miçellə oynamaq mənə rahatdır. Çünki uzun illərdir ki, ispanla birgə çıxış edirəm. Məndən nə istədiyini, onun məndən nə gözlədiyini yaxşı anlayıram. Slavçevlə düşünürəm ki, son zamanlar pis anlaşmırdıq. Coşqunla da pis alınmadı. Coşqun oynayanda mən bəzən istirahət etmişəm. Onunla az hallarda birgə çıxış etmişəm.

 - Miçelin də tam formada olmadığı görünürdü.

- Zədədən qayıdaraq, yaxşı oynamaq çətindir. Formasını yığmağa vaxt lazımdır. İstəmirəm ki, kimsə zədə alsın. Çünki oyun planı dəyişir.

- Növbəti oyunda turnirin favoriti sayılan “Arsenal”la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsən?

- Xalqımız, azarkeşlərimiz, "Qarabağ" sevənlər bu oyuna köklənib. Ağır oyun olacağını  bilirik. İngilis futbolu ilə bizim futbol həmişə tərs gəlib. Buna baxmayaraq, uğurlu nəticəyə inanıram. "Arsenal"ın adı bizi motivasiya edir. Bu gün ciddi qrafikdəyik. 3 gündən bir oyun keçiririk. "Arsenal" barədə danışmağa ehtiyac yoxdur. Rəqibin gücü bəllidir.

 - Bu matç "Sportinq"ə qarşı oynadınız. Hələ "Qarabağ"ı nəhəng "Arsenal" gözləyir. Ötən mövsüm "Roma", "Atletiko", "Çelsi" kimi klublarla qarşılaşmısınız. Bəs niyə Azərbaycanlı oyunçular Avropa klublarına özlərini futbolçu kimi nümayiş etdirərək, xaricə üz tuta bilmir? Sənin timsalında bunu hamıya aid etmək olar. Təklif yoxdur, yoxsa özünüz getmirsiniz?

- Belə mühitdə oynayanda karyeram üçün bir gün qazanc əldə etdiyimi düşünürəm. Həqiqətən də belə ab-havada güclü klublarla oynamaq çox xoşdur. Bu, əlavə stimuldur. Belə suallar mənə dəfələrlə verilib. Belə komandalardan təklif gəlsə, ilk düşüncəm getmək olacaq. Daha yaxşı deməzdim, amma oynaya biləcəyim liqalara getmək istəyirəm. Bu, baş verməlidir. Çünki kimlərəsə yol açmalıyıq. Allah qismət etsə, gedərik, Avropaya yolu açarıq, digərləri üçün də stimul olar. Amma sizə səmimi deyirəm ki, təklif yoxdur. Əgər olsa, ilk sizlə bölüşərəm. Heç nə yoxdur, məşqimizi edib, oyunlara hazırlaşırıq.

- İnnosent Emeqara yaxaladığı şanslardan birini qola çevirsəydi, fərqli matç görə bilərdik?

- İlk hissədə birindən istifadə etsəydi, daha qapalı oynayacağdıq. Amma hesabı aça bilmədik. Belə komandalarla oyunda hesabda geri düşəndə, qalib gəlmək, qol vurmaq çox çətin olur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı