“Qarabağ”ın oyunundan əvvəl – Lissabondan qeydlər

“Qarabağ”ın oyunundan əvvəl – Lissabondan qeydlər
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2018 / 13:22 5384
-  A +

Lissabonun mərkəzi küçələri. Portuqaliyanın paytaxtı son iki gündə Çempionlar Liqası və Avropa Liqasının ümumən iki oyununu (dünənki “Benfika” – “Bavariya” və bugünkü “Sportinq” – “Qarabağ” matçları) qəbul etsə də, şəhərdə futbol ab-havası qətiyyən hiss olunmur. Oyuna dair reklam xarakterli demək olar, heç nə yoxdu. Yəqin elə burda da bizdəki kimi – insanlar hər şeyi artıq TV və İnternetin sayəsində öyrənir. Görünür, klassik reklam üsulları, artıq Avropada da qürub çağını yaşayır.
 
Amma “Qarabağ”ın azarkeşlərindən fərqli olaraq, əynində “Bavariya”nın forması olan alman fanatları şəhərin mərkəzi küçələrində hər addımda, açıq havadakı hər kafe və restoranda görmək olardı. Demək olar, hər birinin də qarşısında yüksək keyfiyyətli Portuqaliya pivəsi. Əbəs yerə deməyiblər bu millətin “pivə xəstəsi” olduğunu...

Amma dünən oyun saatına qədər Lissabonun mərkəzində kütləvi halda gözə dəyən təkcə alman azarkeşlər deyildi. Bu sakit şəhərdə az qala hər addımda polislərin çoxluğu, təbii ki, bizdə suallar yaratmaya bilməzdi. Öyrəndik ki, səyyar taksi şirkətlərinin (bizdəki 189 kimi) sürücüləri Portuqaliyada qəbulu gözlənilən yeni qanunun rəqabət mühitində Uber və Cabify kimi onlayn şirkətlərə əlavə üstünlüklük qazandıracaqlarına tətil formasında etiraz edirlər. Bu səbəbdən də yüzlərlə sürücü maşınlarını şəhərin mərkəzi küçələrində saxlamaqla dinc aksiya keçirir. O aksiya, güman ki, hələ günlərlə davam edəcək. Lissabon, buranın yüksək mədəniyyəti, səliqə-səhmanı, insanları barədə, qismət olarsa, növbəti günlər ayrıca yazı həsr edərik.

İndi futbola gələk. “Qarabağ”a...

Komandanın heyətində ciddi itkilər var ki, bu da narahatlıq yaratmaya bilməz. Daninin, Slavçevin oynamayacağı bilinirdi. Dünən məlum oldu ki, kapitan Rəşad Sadıqov da sıradan çıxıb. Rəşadın mövqeyində böyük ehtimal Kuba çıxış edəcək. Qurban Qurbanovun “ortada” isə məcburiyyətdən zədə səbəbindən tam formada olmayan Miçeli oynadacağı ehtimalı az deyil.

Qurban Qurbanov haqda.
 
“Sportinq”in stadionunda keçirdiyi dünənki mətbuat konfransına Portuqaliya və Azərbaycandan ümumən 30-35 jurnalist qatılmışdı. Bütün suallara ənənəvi təmkinlə cavab verdi. Amma hər nə qədər sakit görünsə də, üzündəki qəzəbli ifadə diqqət çəkməyə bilməzdi.  Doğrudan da, kiməsə hirsli də ola bilər, ya da bugünkü matça çox möhkəm köklənməsinin yaratdığı gərginlik də. Hərçənd bu, heç nəyi dəyişmir. Komandada zədəli oyunçular var deyə, bədbinliyə qapılmağa da ciddi əsas yaratmır. Oyunçuların yaxşı ab-havada olması və verilən açıqlamalar bir faktı yenə təsdiq edir: “Qarabağ” qorxaq komanda deyil və Portuqaliyaya uduzmağa gəlməyib!

Qurban müəllim deyir: “Rəqibi yaxşı öyrənmişik və futbolçular meydanda özlərini ən yaxşı tərəfdən göstərəcəklər”.  Əlbəttə, favorit “Qarabağ” yox, “Sportinq”di. Amma hətta bunun əksi olsaydı belə, Qurban Qurbanov bir məşqçi kimi özünəxas nəzakət qaydasını pozmayacaqdı və kimlə oynamalarına baxmayaraq, rəqib barədə hörmətlə danışacaqdı. Bu komanda Portuqaliya nəhənglərindən “Sportinq” də ola bilər, Azərbaycan çempionatında gün keçirən “Səbail“ də.

Təbii, “Qarabağ” barədə kifayət qədər ehtiyatla və hörmətlə danışan (ən çox da “Atletiko” ilə Ağdam klubunun uğurlu oyunlarını yada salmaqla) “Sportinq”in baş məşqçisindən fərqli olaraq, portuqaliyalı bəzi jurnalistlər komandalarının rahat qələbə qazanacağını düşünürlər. Haqlıdılar, ya yox, bu sualın cavabını oxucuların ixtiyarına buraxaq. Biz gələk elə dünənki mətbuat konfransına. Yerli jurnalistlərdən birinin Q.Qurbanova ünvanladığı bu gözlənilməz sualını hətta bizimkilərdən də bəyənən olmuşdu. Hər halda sualda bir yumor da vardı:

- Rəqibinizin əsas hücumçusu Bas Dost zədəlidir. Buna görə rahat yatacaqsınız?

Qurban Qurbanovsa ənənəvi ağıryanalığını pozmadı: “Əfsuslar olsun ki, “Sportinq”də yaxşı futbolçular bir yox, çoxdu. Ancaq meydan sahiblərində belə ucaboylu hücumçunun olmamağı müdafiəçiləriniz bir qədər rahat olmasına gətirib çıxara bilər”.

Əlbəttə, təkcə müdafiə deyil, bütün xətlər, bütün komanda mənasında bu gün “Qarabağ” üçün rahat olmayacağını hamı yaxşı bilir. Amma bir fakt dəqiqdi – Azərbaycan futbolunun bir balaca nüfuzu qalıbsa, onu qorumaq yenə də “Qarabağ”ın peşəkar və mənəvi öhdəlikləri sırasına düşüb. Sanki Azərbaycanda onlardan başqa komanda yoxmuş kimi. Deməli, təkcə elə bir bu fakta görə millidə dünən nə olubsa, onları unudub bu gün Qurban Qurbanovun və “Qarabağ”ın yanında olmaq lazımdı.
Yanında olun ki, onlar sizi, sizin ruhunuzu hiss etsin.

Aydın BAĞIROV
Lissabon, 20 sentyabr

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı