“Qarabağ”la Lissabona – təyyarə qeydləri

“Qarabağ”la Lissabona – <b style="color:red">təyyarə qeydləri</b>
YAZARLAR 19 Sentyabr 2018 / 11:28 5109
-  A +

İş elə gətirib ki, son üç yazımı redaksiya ofisindəki rahat otağımda deyil, yerdən 7-8 minmi, 10 minmi metr hündürlükdən, böyük bir təyyarənin salonundan yazmalı oluram. Havada yazı yazmaqla yerdə yazı yazmağın fərqi nədədi deyə soruşsanız, maraqlı məqamlar ortaya çıxar yəqin ki. Nədir o məqamlar?

Əvvəla odu ki, məsələn, mən bu yazının birinci cümləsini başlayanda Bakıda idim, bu cümləni, elə bu sözü yazanda isə artıq başqa ölkənin, başqa şəhərin səmasındayam. Gözəl Batumidə. Əlbəttə, 2-3 cümləni bu ləngliklə, hardasa 1 saatlıq fasiləylə deyil, daha tez - jurnalistikaya təzəcə gələn hətta ən tənbəl jurnalist də yazıb bitirmişdi. Amma istisna hal var – biz təyyarədə, səmadayıq axı. Bunun həmkarı, futbolçusu ilə söhbəti var. Yemək yeyib, çay, kofe içməyi var. Bəs kimik biz? Sizi onlarla bircə cümləylə tanış edim və yazıya davam edim.

“Qarabağ” komandası, jurnalistlərin komandası və təbii AZAL-ın bələdçilərdən və pilotlardan ibarət komandası.

İstiqamət Portuqaliyayadı, paytaxt Lissabona. Yanımdakı həmkarlarımdan soruşuram, necədi Lissabon deyə. Çiyinlərini çəkirlər. Mənim kimi onlar da olmayıblar orada. Rəşad Sadıqova eyni sualı verirəm. O da eyni cavabı verir. Neçə-neçə ölkədə ol, neçə-neçə adlı-sanlı komandaya, hətta Portuqaliyanın özünə qarşı da oyna, amma Lissabonda olma. Səfər bəxtsizliyi demək olarmı buna? Lissabon göstərəcək! Nəhayət, səfər yoldaşlarımdan biri möhtəşəm şəhərə ayaq basacağımızı söyləyir.


Ansi Aqolli

İndi artıq 2 saatdı yoldayıq. Amma bundan sonra daha 5 saat da havada olmalıyıq. Emrah Çelikel (“Qarabağ”ın direktoru) hələ 3-4 gün əvvəl 7 saatlıq uçuş olacağını söyləyəndə məndə uzun yola görə bir az məyusluq yaransa da, çox üzüldüyümü deyə bilmərəm. Və bunun iki sadə səbəbi var. Birincisi, hay-küylü, bəzən mübahisə və davaların düşdüyü Moskvaya gedən adi sərnişin reysində yox, çarter reysindəyik və istiqamətimiz, qeyd etdiyim kimi, Avropayadır. Adətən, bu zaman “Qarabağ” (milli komanda da) geniş təyyarə seçir ki, futbolçular (elə qonaqlar da) hər sırada bir-bir otursunlar və istəyəndə uzanıb yata bilsinlər. İkincisi, səfər yoldaşların indi bütün Azərbaycanın gözü üstə olan futbolçularıdı. Rəşad, Qara, Araz, Maksim, bizim Ansi, Mahir, başını bəzən oturduğu kreslodan durub arxaya çevirərək bizə tərəf baxıb gülən “ikinci qara” – Donald Gerye... Parpar parlayan ağappaq dişlər.

Geryədən söz düşmüşkən, az əvvəl yanından keçəndə məni yaxşı mənada təəccübləndirir. Haitili bu futbolçunun Azərbaycan dilində 1-2 söz deməsi diqqətimi çəkir. Ondan elə bizim dildə soruşuram ki, azərbaycanca hansı səviyyədə danışır. “Bir az öyrənmişəm. Çox çətinlik çəkmədim. Bura gələndə Türkiyədə yaşamışdım” deyir.

Gerye, hə, uzaq Amerika qitəsindən gəlmiş futbolçu Azərbaycan dilində danışır, ya da ən azı buna cəhd edir. Bizim Ramil Şeydayevsə heç bunu da etmir: iki ildi milli komandada oynayır (bu iki ilin 1 ilə yaxınını Bakıda yaşamaqla  “Qarabağ”da çıxış edib) , bütün danışıqları da rus dilində. Azərbaycan dilində Gerye kimi nəsə öyrənibmi görəsən?
 
Biz qayıdaq yenə təyyarəmizə. Və bu təyyarədə elə insanlar var ki, onları minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm. Bütün səfər boyu sərnişinlərin əziyyətini çəkən və cəkəcək, öz işinə ciddiyyət və məsuliyyətlə yanaşan AZAL-ın mehriban, istiqanlı bələdçilərindən, rahat uçuş həyata keçirən peşəkar pilotlardan ibarət komandasından gedir söhbət...
 
***

Əgər Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat katibi) imkan versə, Şəmsəddin Abbasov (“Sportinq” – “Qarabağ” oyununun şərhçisi olacaq) əfsanəvi Al Paçinonun “Xaç atası” filminə baxmalıdı. Hələlik onlar söhbətində olsun, mən sizə “Qarabağ”ın zədəli oyunçusu Dani ilə aramızdakı dialoqu çatdırım. Ağdam klubu azarkeşləri üçün üzücü olacaq, güman ki...

- Durumun necədi?

- Əvvələ baxanda yaxşı.

- Qarşıdakı oyunu buraxacaqsan?

- Hə.

- Bəs, bir də nə vaxt kömək edə biləcəksən “Qarabağ”a?

- “Arsenal”la Bakıda oyundan sonra...

Yəni ən azı yaxın iki Avroliqa matçında yoxdu. Yerli çempionat oyunlarını demirəm hələ. Heyf. Çox uzun cəkdi yaşıl meydana qayıtması.

“Çox mərifətli oğlandı”. Dialoqumuzu tərcümə edən Nurlan Dani haqda belə deyir.

***

Əlbəttə, əgər “Qarabağ”la (əvvəllər milliylə də) səfərə gedirsənsə, neçə saatlıq yol olursa-olsun, sən orda vaxtın necə sürətlə keçdiyini qətiyyən hiss etməyəcəksən. Çünki yolboyu Rəşad Sadıqov kimi yaxşı yol yoldaşın var. Pozitiv, futbol söhbətlərinə açıq, yerində zarafat etməyi bacaran biri. Amma söhbətlərimizdə bəzən yüngül söz toqquşmaları da yaranır. Özünə yaxın bildiyi jurnalistlərlə onun arasında ərkyanə mübahisələr düşür və bu, olur ki, qızğın səviyyəyə də keçir. Biz onu, o da yeri gələndə bizi sərt tənqid edə bilər. Nədən və nələrdən danışırıq, bunu açıqlamağı ən azı etik baxımdan doğru saymıram.

Qurban Qurbanovsa belə səfərlərdə ünsiyyətə çox meyilli olmur. Havaya qalxmadan öncə komandada əsas söz sahibi olan biri kimi futbolçu və jurnalistlərlə görüşüb onlarla maraqlanır və sonra qayıdır “biznes-klass”a. Kənardan müşahidə edəndə orada sakitlik hökm sürür. Nəsə darıxdırıcı bir ab-hava təsiri yaradır və onda əmin oluram ki, təyyarədə ən maraqlı salon elə jurnalistlərin əyləşdiyi yerlər olur. Rəşadın da “qonağımız olması”, futbolda baş verənlərdən danışması...

Və onda bir də eşidirsən ki, bələdçi 7 saatlıq yolun yekunlaşdığını, təyyarəmizin artıq Lissabon hava limanına endiyini xəbər verir...

Aydın BAĞIROV
Bakı – Lissabon reysi
18 sentyabr

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər