Bizi deyirlər...

Bizi deyirlər...
YAZARLAR 16 Sentyabr 2018 / 10:50 3357
-  A +

Aqil Abbasa, Aydın Bağırova, Yaşar Seyidova və futbolumuzun təəssübünü çəkən bütün dostlara

FİFA balaca qardaşı UEFA ilə birləşib milləti dolamaqla məşğuldur. Bütün günü bir yerdə dolanıb gecəni ayrı-ayrı odada yatandan sonra səhər tezdən təzə yarış fikirləşiblər. Adını da qoyublar Millətlər Liqası.
Böyük Səməd Vurğun demişkən, başı nələr çəkən Azərbaycan millisini də Malta, Kosova və Farer adaları ilə bir qrupa salıblar. Yəni get öz tayınla top qov, sənin Fransa, Almaniya, İspaniya, Portuqaliya... ilə nə işin var. Bizim yığmamızın Dünya və Avropa çempionatlarında əli yağa batmışdı, bundan sonra Millətlər Liqasında bal tutacaq.
Təzə yarışın artıq iki turunu yola verdik getdi. Elə sözün bütün mənalarında... Bakıda Kosova, Malta tərəflərdə isə bu cırtdan ölkənin millisi ilə qarşılaşmalardan sonra ciblərimizdə cəmi ikicə xalımız var. Amma hər yerdə-toyda, yasda, kitabxanada, kababxanada bizi deyirlər... Sonra da son günlər populyarlıq qazanan musiqinin sədaları altında qol götürüb oynayırlar.
Millətlər Liqasına böyük ümid bağlayıb, lakin hələlik qələbə sevinci yaşamayan millilərdən söhbət düşəndə bizi deyirlər.
Cırtdan dövlətin yarımhəvəskar futbolçuları ilə belə bacara bilməyən yığma barədə danışılanda yenə bizi deyirlər.
Müstəqillik qazandıqdan sonra düz-əməlli bircə futbolçu belə yetişdirə bilməyən ölkə adı sayanda o dəqiqə bizi deyirlər.
Bir məşqçinin və bir oyunçunun ümidinə qalan ölkə adı çəkiləndə dərhal elə bizi deyirlər.
Almaniyada futbol akademiyası adı altında milyonları göyə sovuranların kim olduğunu soruşanda düşünmədən bizi deyirlər.
Əziz qardaşlar, yazının bu yerində balaca bir musiqi fasiləsi...

Metronu dəlləm,
Olimpiya Stadionuna gəlləm.
Arzumdur, AFFA, oyuna gəlləm.
Səni deyirlər, səni deyirlər.
FİFA-da yalnız səni deyirlər.
UEFA-da yalnız sənə gülürlər.
Əllər havada,
Yaşasın oynayanlar.
İcraiyyə Komitəsi
üzvlərinin sağlığına.
Hər oyunda söyülən
hakimlərimizin sağlığına.
"Simurq", "Bakı",
"Xəzər Lənkəran" sağlığına
Səni deyirlər, səni deyirlər.
Futbol xəritəsi ancaq və ancaq məmləkətin paytaxtından ibarət olan ölkə adı çəkiləndə yenə elə bizi deyirlər.
8 klubun yarıxoş, yarızor qatıldığı daxili çempionata premyer-liqa adı qoymuşuq. Ona görə də gülməli çempionatlardan danışanda ancaq bizi deyirlər.
Bomboş stadionlarda top qovmaqdan söz açılan kimi ancaq bizi deyirlər.
FİFA, UEFA, bəlkə elə BMT də bilir ki, 8 klubun yarıdan bir az da çoxunun əli AFFA-nın sol cibindən çıxır. Ona görə də səhər-axşam oturub elə bizi deyirlər.
Futbol kimi gözəl idman növünü gözdən salan məmləkətlər barədə danışılanda sizcə kimi deyəcəklər? Yenə bizi deyirlər.
İşi çətinə düşən kimi braziliyalı Almeydanı ağcabədili edən federasiyalar müzakirə olunanda o dəqiqə bizi deyirlər.
Futbolun inkişafı ilə bağlı dövlət proqramını sakitcə dəfn edən ölkə soruşulanda nə yazıq ki, Ermənistanı yox, yenə bizi deyirlər.
Harda federasiyası olub futbolu olmayan ölkədən söhbət düşürsə, bizi deyirlər.
Əziz qardaşlar, yazının sonunda yenə bir musiqi fasiləsi. Getdik oynamağa...

Etibar CƏBRAYILOĞLU

 

Son xəbərlər
16.12.18  10:00

Turin derbisi - Video