“Bu gün söyürlər, bir həftə sonra alqışlayırlar”

“Bu gün söyürlər, bir həftə sonra alqışlayırlar”
MÜSAHİBƏ 14 Sentyabr 2018 / 12:58 3874
-  A +

“Sumqayıt”ın yarımmüdafiəçisi Elvin Məmmədov Qol.az-a müsahibə verib. Komandasının Topaz Premyer Liqanın 4-cü turunda bu gün “Qarabağ”la keçirəcəyi oyundan danışan təcrübəli futbolçu digər məqamlara da toxunub.

- Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən necə yararlandınız?

- Məşqlərimiz, yoxlama oyunlarımız oldu. Fasilədən maksimum yararlanmağa çalışdıq. İki sınaq matçı keçirdik. Məncə, yaxşı oldu. Açığı, başqa variant da yox idi. Nə mümkün idisə, baş məşqçi lazımınca yararlandı. Əlimizdən gələn qədər fasilədən istifadə etdik.

- Belə uzun fasilələrin hazılıq baxımında xeyiri olsa da, bəzən əks nəticələr də verir. Necə düşünürsən, bu, komandanın oyununa mənfi təsir göstərməyəcək?

- Milli komandanı düşünüb, bu addımı atmışdılar. Yeni komanda yığılır, baş məşqçi bu vaxtdan istifadə etməli idi. Fasilənin xeyiri də ola bilər, ziyanı da. Amma onu deyim ki, bu müddətdə 2 yoxlama oyunu keçirdik və pis alınmadı. Fasilənin faydalı olub-olmadığı oyunlarda bilinəcək. İndidən nəsə demək çətin olar.

- “Sumqayıt”ın ilk 3 turdakı çıxışını necə dəyərləndirirsən? 3 oyundan 4 xal toplamısınız və hazırda 4-cü pillədəsiniz...

- Cəmi 3 tur keçib. Komanda 3 oyundan 4 xal yığıb. Məncə, nəticəni qənaətbəxş saymaq olar. Çempionat yeni başlayıb. Komandanın çıxışını dəyərləndirmək üçün ən azı qışa qədər gözləmək lazımdır.

- Yeri gəlmişkən, bu gün “Qarabağ”la qarşılaşacaqsınız. Oyun barədə deyə bilərsiniz?

- “Qarabağ” hazırda Azərbaycanın ən yaxşı komandasıdır. Layiqli mübarizə aparıb, xal götürmək istəyirik. Amma bu necə olacaq, oyunda bilinəcək. Əlbəttə, bizim üçün çətin olacaq. Çünki ən yaxşı komandaya qarşı oynayacağıq. Biz yeni kollektivik. Məncə, layiqli oynasaq, nəticə özü gələcək.

- “Qarabağ”ın “Sumqayıt”a qarşı oyunları asan keçmir. Hətta ən yaxşı formada olduğu vaxtlarda belə Ağdam klubu bu rəqiblə matçlarda büdrəyib. Necə düşünürsən, Qurban Qurbanovun komandasına yenə problem yarada biləcəksiniz?

- Ümumiyyətlə, hər bir komanda ilə oyunda meydana çıxıb, əlimizdən gəldiyi qədər mübarizə aparmaq istəyirik. Bayaq da dediyim kimi, “Qarabağ”a qarşı oynamaq çox çətin olacaq. Amma siz də düz deyirsiniz ki, “Sumqayıt” əvvəlki illərdə bir çox komandaya başağrısı olub. İndi yeni baş məşqçimiz, yeni kollektivimiz var. Ümid edirəm ki, layiqli mübarizə aparıb, istədiyimiz nəticəni qazanacağıq.

- Vaxtı ilə milli komandamızın formasını geyinmisən. Yığma Millətlər Liqasının Kosovo və Malta ilə oyunlarından sonra çox tənqid olundu. Təcrübəli futbolçu kimi bu tənqidləri nə dərəcədə haqlı sayırsan?

- Bilirsiniz necədir, futbolçu kimi buna irad bildirməyim düzgün olmaz. Futbolun yazılmayan qanunları var. Milliyə yeni baş məşqçi gəlib, qısa vaxt ərzində onun fəlsəfəsinə uyğun oynamaq asan iş deyil. Bəzən “Qarabağ”ı belə tənqid edirlər. BATE ilə oyundan sonra komandanı çox qınadılar ki, belə oynamaq olmaz. Amma “Şerif”i keçəndən sonra hamı Qurban Qurbanovu alqışlamağa başladı. Bilmirəm bunu necə adlandırım, futbolun eybəcərliyimi deyim, ya yazılmayan qanunumu. Bu gün söyürlər, bir həftə sonra alqışlayırlar. Nəticə olmayan yerdə tənqidin olması normal şeydir. Ancaq bəziləri başqa cür düşünür. Bu, Millətlər Liqasıdır. Həm komandanın üzərində təzyiq var, həm də yeni baş məşqçinin oynatmaq istədiyi oyun üslubu. Komandaya öz fəlsəfəsini yeritmək istəyir. Bunun üçün isə vaxt lazımdır. Bəlkə də azarkeş olsaydım, futbol anlayışım tərəfdar səviyyəsində olsaydı, deyərdim ki, Maltanı udmaq lazımdır. Yenə deyirəm, bizə uzun illər lazımdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın