Azərbaycanda nə vaxt futbol olacaq?!

Azərbaycanda nə vaxt futbol olacaq?!
YAZARLAR 13 Sentyabr 2018 / 12:20 12049
-  A +

AFFA-nı, Azərbaycan çempionatını yeri gəldikcə mən də top atəşinə tuturam, tənqid edirəm. Və AFFA-nın rəhbərliyində təmsil olunan şəxslərlə də çox səmimi dostluq münasibətlərimiz var. Yazanda yox, bir yerdə oturub dərdləşəndə daha çox tənqidi fikirlərimi deyirəm. Futbolun regionda inkişafı ilə bağlı xahişlərim də olur, bu xahişlərim də heç vaxt cavabsız qalmayıb, sağ olsunlar.

Amma Azərbaycanda futbolun inkişafı təkcə AFFA-dan asılı deyil. Futbolu necə inkişaf etdirmək olar?

Bir rayonun timsalında örnək gətirmək istəyirəm. Dünyanın hələ top vaxtı yox, düz vaxtı olanda Ağdamda orta məktəbdə oxuyurdum. Fikir verin görün bir rayonda futbol üzrə neçə çempionat keçirilirdi?

Şəhərdə 10 məktəb vardı və bu məktəblərin dördündəki stadionlar standartlara uyğun idi – 90x45. Bundan başqa şəhərdə İmarət deyilən stadion vardı – 120x60, hərbi hissənin stadionu vardı standarta uyğun. Bu stadion hamının üzünə açıqıydı. Bunlardan başqa, şəhərdəki 50 nömrəli peşə məktəbinin də 90x45 stadionu vardı. Məktəbin idman müəllimi sonralar Qarabağ müharibəsində batalyon komandiri olmuş məşhur güləşçi və şəhid Sənan Rüstəmovun atası Əkbər Rüstəmov həmin stadionu az qala futbolun məbədinə çevirmişdi. Hər axşam hamı yığılırdı həmin stadiona, hətta yaşlı adamlar da futbol oynayırdılar.

Və onu da xüsusilə qeyd edim ki, bu stadionların hamısı təbii ot örtüyü idi.

Və məktəblər arasında çempionat keçirilirdi. İndiki Azərbaycan çempionatından iki komanda artıq idi. Cədvəllər tutulurdu stadionlar müəyyənləşdirilirdi, hansı məktəbin ki stadionu kiçik idi, yəni 60 metrlik idi onların oyunları salınırdı böyük stadionlara. Sadəcə oyunları üç hakim yox, bir hakim idarə edərdi. Fikirləşin, təkcə ən azı 200-250 uşaq bu çempionatlarda təmsil olunurdu. Hələ məktəblərdə siniflərarası yarışları demirəm.

Bundan başqa, kolxoz və sovxozlararası çempionat keçirilirdi. Bu da təxminən 25 komanda demək idi. Kolxozlar vardı ki 4-5 kənddən ibarət idi, onlar da öz aralarında futbol oynayırdılar və bu oyunlarda seçilənlər ümumi komandaya cəlb olunurdu.

Peşə məktəbləri arasında çempionat keçirilirdi. Bundan başqa, məhlələrarası yarış keçirilirdi. Yuxarıda saydığım yarışları Rayon İdman Komitəsi (Allah Qədir müəllimə rəhmət eləsin) və Rayon Məhsul Cəmiyyəti (Allah Nadir müəllimə rəhmət eləsin) təşkil edirdi, məhlələrarası yarışı isə Şəhər Təsərrüfat İdarəsi. Və daha sonra Pionerlər Evi şəhər məktəblərindəki aşağı siniflər arasında Bulvardakı 60 metrlik stadionda yarış keçirirdi. Və təbii ki, 1-ci, 2-ci, 3-cü yeri tutanlar mükafatlandırılırdı. Yəni Ağdamın «Qarabağ» komandasının seçim imkanları Azərbaycanın indiki milli komandasının imkanlarından çox böyük idi. Mən də bir məhlə komandası düzəltmişdim, yarışlara çıxdıq, amma bir qələt edə bilmədik deyin istefa verdim.

Özü də bu təkcə Ağdamda olmurdu. Gəncədə də beləydi, Lənkəranda da, Tovuzda da, Mingəçevirdə də, Ağcabədidə də, Xankəndidə də. Yəni demək olar ki, ölkənin bütün rayonlarında.

Onu da vurğulayım ki, bizim məktəblərarası keçirilən çempionatda bir oyuna gələn azarkeşlərin sayı bu gün Azərbaycan çempionatının bir turunda keçirilən 4 oyuna gələn azarkeşlərin sayından bir-iki dəfə çox idi.

Yadımdan çıxmışdı, Zərdabda kolxozlararası bir futbol çempionatı keçirilirdi, heç Azərbaycan çempionatı o gərginliklə keçmir.

Ağcabədinin Hacıbədəlli kəndində Qarabağ müharibəsi veteranları Milli Qəhrəman Etibar İsmayılov adına gözəl bir stadion yaradıblar və hər il Etibar İsmayılovun şərəfinə kəndlərarası çempionat keçirilir və mən də hərdən gedirəm azarkeşlik eləməyə. Hələ iyirmi il bundan əvvəl də «Qarabağ» komandasını götürüb getdim həmin yarışlara və «Qarabağ» komandası Ağcabədinin komandası ilə oynadı. Oyundan sonra da həm formalarını, həm də toplarını yerli komandaya bağışladılar.

Bunu ona görə qeyd etdim ki, çempionatımızın komandaları ildə bir-iki rayona gedib bir yoldaşlıq görüşü keçirə bilərlər, bölgə futboluna dəstək ola bilərlər.

İndi mənə elə bir rayon göstərin ki, bunların bircəciyini orda görə bilərsiniz. Göstərə bilməyəcəksiniz.

AFFA hər il bir neçə rayonda uşaq futbolunun inkişafı ilə bağlı tədbirlər keçirir. AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevlə birgə bu tədbirlərin bir çoxunda iştirak eləmişəm. Elə son iki ildə təkcə Ağdamda və Ağcabədidə iki dəfə belə tədbir keçirilib. Və həmin tədbirlərdə rayon miqyasına baxaraq 300-400-500 uşağa futbol forması bağışlanılır, sayı yadımdan çıxıb, nə qədərsə toplar bağışlanılıb, futbol təbliğ olunur, sonra gözəl bir yarış olur və sair və ilaxır.

İndi Məhsul Cəmiyyəti deyəsən yoxdu, amma idman komitələri var. Özü də hər rayonda. Bəs, bu komitələrin işləri nədi? Gənclər və İdman Nazirliyi yerli təşkilatlarıyla birgə rayonlarda futbolun inkişafı ilə bağlı nə işlər görür, hansı yarışlar keçirir?! Rayon icra hakimiyyətləri idmanın inkişafı üçün hansı tədbirlər planı hazırlayıb həyata keçirirlər?!

Və sonda. Komandaları Bakıya yığmaqla futbolu inkişaf etdirmək mümkün deyil. Və bir də regional futbol federasiyaları bu sahədə hansı işlər görürlər?

Bu günlərdə Ağcabədidə yeni istifadəyə verilmiş Olimpiya Kompleksində AFFA ağcabədili və laçınlı məktəblilər üçün yuxarıda qeyd elədiyim tədbirlərdən birini keçirdi, 200 ağcabədili, 150 laçınlı şagirdə forma və toplar hədiyyə etdi. AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, millət vəkili Sabir Hacıyev və bəndəniz həmin tədbirdə iştirak edirdik. Tədbirdən sonra Rauf müəllim və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov belə bir qərar qəbul elədilər ki, Ağcabədidə məktəblərarası regional bir yarış keçirsinlər.

İstərdim ki, belə yarışlar təkcə Ağcabədidə deyil, digər regionlarda da təşkil olunsun. Rayon icra hakimiyyətləri bu məsələyə xüsusi diqqət ayırsınlar.

Deyə bilərsiniz ki, ölkədə futbol akademiyaları var uşaqlar üçün. Bəs, akademiyaya gələnə qədər o uşaq harda futbol oynamalıdı və ya yetişməlidi?

Azərbaycan onda Maltanı udacaq ki, regionlarda futbol olacaq, təkcə Bakıda yox!

Aqil ABBAS

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı