“Azərbaycanda insanların stadiona az gəlməsi qəribədir” – serb futbolçu

“Azərbaycanda insanların stadiona az gəlməsi qəribədir” – serb futbolçu
MÜSAHİBƏ 12 Sentyabr 2018 / 17:56 4997
-  A +

“Zirə”nin mövsümün əvvəlində heyətinə qatdığı Miloş Radivoyeviç Qol.az-a müsahibə verib. Komandasının mövsümün startındakı çıxışını dəyərləndirən serbiyalı müdafiəçi Azərbaycan futbolu haqda fikirlərini açıqlayıb.

- Artıq Azərbaycan çempionatında 2 rəsmi oyun keçirmisiniz. Futbolumuz, Premyer Liqamız haqda sizdə hansı fikirlər formalaşıb?

- Onu deyə bilərəm ki, Azərbaycanda çempionatında sürətli, aqressiv, topa sahib olma nisbətinin tez-tez dəyişdiyi bir futbol oynanılır. Komandalar bir-birinə bənzəyir. İstənilən rəqibi məğlub edib, istənilən komanda ilə oyunda məğlub ola bilərsən.

- Azərbaycan futboluna xas olan mənfi cəhətlərdən biri stadionlara azarkeşlərin çox az gəlməsidir. Bu amil legionerlərin çıxışına necə təsir edir?

- Bu, bir az qəribə vəziyyətdir. Çünki eşitdiyimə görə burada insanlar futbolu çox sevirlər. İstərdim, hər kəsi stadionda bizə dəstək olmağa çağırım. Nəzərə alsaq ki, futbol insanlar üçün oynanılır, biz bunu yüksək dədəyləndirərik.

- Yeni mövsümdə Topaz Premyer Liqada keçirdiyiniz 2 oyundan cəmi 1 xal götürmüsünüz. Sizcə, komanda çempionata niyə belə uğursuz start verib?

- Bəli, cəmi 1 xal qazanmışıq. Yatsam, yuxuma da girməzdi ki, evdə “Sabah”a uduzacağıq. Çünki “Keşlə” ilə ilk matçda çox yaxşı oynamışdıq və qələbəyə layiq idik. 2-ci qarşılaşmada isə öz imkanlarımızdan çox aşağı səviyyədə çıxış etdik. Deyərdim ki, məğlub olmağı haq etdik.

- “Sabah”la oyundan sonra komandada baş məşqçi dəyişikliyi oldu. İstefa verən Ayxan Abbasovun yerinə Samir Abasov gəldi. Yeni baş məşqçi haqda nə düşünürsünüz?

- Düşünürəm ki, Samir Abasov komanda üçün çox yaxşı məşqçidir. Güclü xarakterə sahibdir və həmişə futbolçulardan ən yaxşısını tələb edir. Daim topa sahib olmağımızı, sürətli və ağıllı oynamağımızı istəyir. Onun tərzini xoşlayıram. İndidən başqa nəsə söyləmək çox erkən olardır. Amma məşqçimizin bizə meydanda göstərdikləri və tələb etdiklərini bəyənirəm.

- Onunla Ayxan Abbasovu necə müqayisə edərdiniz? Əsas fərqləri nədədir?

- Ayxan Abbasov da çox yaxşı məşqçidir. Ona gələcək kayerasında ən yaxşısını arzu edirəm. İki məşqçi arasında əsas fərq, məncə, onların futbol fəlsəfələrindədir. Tamamilə bir-birindən fərqlənir.

- İlk dəfədir Azərbaycanda olursunuz. Ölkəmiz, payaxtımız Bakı haqda təəssüratlarınız necədir?

- Ölkəniz haqda yalnız xoş sözlər demək olar. Mən və ailəm Bakını çox sevdik. Burada yaşamaqdan məmnunuq.

- Bu tur səfərdə “Səbail”lə qarşılaşacaqsınız. Həmin oyunla bağlı nə deyə bilərsiniz?

- Mən və məşqlərdə gördüyüm  qədərilə komanda yoldaşlarım qələbəyə acıq. Çünki ilk oyunda şanssız heç-heçə, ikinci oyunda isə məğlubiyyət istədiyimiz nəticə deyildi. Bu oyun yeni baş məşqçinin rəhbərliyi altında ilk matçımız olacaq və hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Biz hazırıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı