“Milli fərqlidir, bütün Azərbaycanın gözü səndə olur”

“Milli fərqlidir, bütün Azərbaycanın gözü səndə olur”
MÜSAHİBƏ 30 Avqust 2018 / 15:44 3944
-  A +

“Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Qol.az-a müsahibə verib. Qurban Qurbanovun dəvəti ilə ilk dəfə milli komandaya çağırılan futbolçu həm təəssüratlarını bölüşüb, həm də Millətlər Liqasında Kosovo ilə keçiriləcək oyundan danışıb.

- İlk dəfə milli komandaya dəvət alırsan. Təəssüratlarını bilmək maraqlı olardı...

- Bir az həyəcanlıyam. Amma neçə gündür məşq edirik. Yavaş-yavaş kollektivə uyğunlaşmağa çalışıram. Milliyə dəvət alan hər bir futbolçu kimi mən də sevincliyəm.

- Millidəki  ab-hava necədir?

- İlk dəfədir milli komandaya dəvət alıram. Klubdan fərqli olaraq, buranın ab-havası tamam başqadır. Premyer Liqada 8 klub var, hərəsində də 25-30 futbolçu çıxış edir. Burada isə məsuliyyət o qədər böyükdür ki... Azərbaycanın seçilmiş 25 futbolçusu düşərgəyə yığılıb. Bütün ölkənin gözü səndədir. Ona görə də millidə atmosfer tamam fərqlidir.

- Milli komandamızın əsas müdafiəçilərindən Ruslan Abışov zədəlidir. Rəşad Sadıqov isə artıq yığma karyerasını bitirib. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda arxa xətt oyunçularının üzərinə böyük yük düşəcək. Yaranmış boşluğu doldurmaq üçün özünü hazır hesab edirsənmi?

- Təbii ki, çağırıblarsa, deməli, həmin boşluğu doldurmalıyam. Məşqlərdə əlimdən gələni edirəm. Etimadı doğrultmağa çalışacağam.

- Qurban Qurbanovla söhbətiniz olub, sənə nəsə deyibmi?

- Yox, hələ ki, söhbətimiz olmayıb. Üzbəüz oturub danışmamışıq.

- Millimiz UEFA Millətlər Liqasında ilk oyununu Bakıda Kosovoya qarşı keçirəcək. Komandamızın şanslarını necə qiymətləndirirsən?

- Düzdür, hələ tam heyətlə məşq edə bilmirik. “Qarabağ”ın futbolçuları, ölkə xaricində çıxış edən bəzi oyunçular hələlik düşərgəyə gəlməyiblər. Amma əhval-ruhiyyə əladır. Onlar gələndən sonra hər şeyin daha yaxşı olacağını düşünürəm. Kosovoya qalib gələ biləcək gücdəyik. Mən millidə yeniyəm, ona görə də artıq nəsə deməyim düzgün çıxmaz. Ancaq hazırlıqlarımız yaxşı gedir. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq.

- Qurban Qurbanov eyni zamanda həm “Qarabağ”a, həm də milliyə məşq keçir. Bu, futbolçular üçün hər hansı çətinlik yaratmır?

- Xeyr, heç bir çətinlik yoxdur. Qurban müəllim həm millinin, həm də “Qarabağ”ın məşqlərində iştirak edir. Bizim üçün problem olmur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı