"Qriqorçukun gedişindən sonra heç nə dəyişməyib" – Cavid Hüseynov

"Qriqorçukun gedişindən sonra heç nə dəyişməyib" – Cavid Hüseynov
MÜSAHİBƏ 23 Avqust 2018 / 13:10 3941
-  A +

“Qəbələ”nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Ötən mövsüm aldığı cəza səbəbindən mövsümün ilk 3 turunu buraxmalı olan yarımmüdafiəçi həm komandasının çıxışını dəyərləndirib, həm də digər məqamlara toxunub.

- İlk iki turda “Qəbələ” 1 qələbə qazanıb, 1 dəfə isə məğlub olub. Komandanızın çıxışını necə dəyərləndirirsiniz?

- İlk qələbə uğurlu start oldu. Komanda hər cəhətdən “Səbail”dən üstün oynadı. Layiqli nəticə idi. “Neftçi”yə qarşı da pis oynamadılar. Bu komandanın hücum xətti güclüdür. Hər şeyi açıq etiraf etmək lazımdır. İlk hissə ilə müqayisədə, komandamız ikinci yarıda özünə gəldi. Yaxşı imkanlarımız da oldu. Sadəcə, istifadə edə bilmədik. “Neftçi”nin qol vurmaq üçün şansları var idi. Sonda məğlub olduq. Düzdür, məğlubiyyət həmişə acı olur. Növbəti turlarda daha yaxşı çıxış etməyə çalışacağıq.

- “Neftçi” ilə oyundan əvvəl və sonra Baqali Dabo ilə “Qəbələ” azarkeşləri arasında söz atışması oldu. Matç ərzində də sizin futbolçuların “Neftçi”nin hücumçusuna qarşı bir qədər aqressiv olduğu görünürdü. Bir kapitan kimi bu məsələyə münasibətiniz necədir?

- Yox, düşünmürəm ki, hansısa aqressiya olsun. Bu, futboldur. Hər bir futbolçu istənilən komandaya keçə bilər. Arada azarkeşlərlər oyunçular arasında belə şeylər olur. Buna mənim qiymət verməyim nə dərəcədə düzgün olar? Açığı, cavab verməkdə çətinlik çəkirəm.

- Roman Qriqorçukun gedişindən sonra “Qəbələ”də nə dəyişib?

- Elə bir şey dəyişməyib. Sadəcə, yeni futbolçular gəlib. Məşqçimizi tanıyırıq. Neçə illərdir, bizimlə çalışır. Elə ciddi dəyişiklik yoxdur.

- Bu mövsüm üçün qarşınızda duran əsas vəzifə nədən ibarətdir?

- İndidən hədəf demək çətindir. Mövsümün sonunda istədiyimiz yerlərdən birini əldə etmək istəyirik. Əvvəlki illərdə olduğu kimi, məqsəd eyni qalır.

- Üçüncü turdan sonra millinin heyəti açıqlanacaq. Çempionatın ilk 2 oyununda oynamamısınız, 3-cü matçı da buraxacaqsınız. Sizcə, bu amil milli komandaya dəvət olunub-olunmamağınıza nə dərəcədə təsir göstərə bilər?

- Bunu mən deyə bilmərəm axı. Baş məşqçinin seçimidir. Hər şeyi onun nəzarəti altındadır və onun istəyindən asılıdır. Bu haqda mən nə deyim?

- Bəs siz olsaydınız, bir müddətdir oynamayan futbolçunu milliyə dəvət edərdiniz?

- Güvəndiyim futbolçunu həmişə çağıraram (gülür).

- Turnirdə millimiz ilk oyununu evdə Kosovoya qarşı keçirəcək. Növbəti matç isə səfərdə Malta ilə olacaq. Bu qarşılaşmalar haqda nə düşünürsünüz?

- İndi komandalar elə bir futbol oynayırlar ki, hər matç çətin keçir. Əzmkarlıq, istək, inam olmasa, qələbə qazanmaq çox çətindir. Rəqiblər ilk baxışdan adına zəif görünə bilər. Amma bayaq sadaladığımı şeylər olmasa, məğlub ola bilərsən. Ona görə də hər bir yığmaya adından asılı olmayaraq, ciddi yanaşmaq lazımdır.

- Son olaraq “Qarabağ” haqda da fikirlərinizi bilmək istərdim. Bu gün Avropa Liqasının pley-off mərhələsində səfərdə “Şerif”lə qarşılaşacaqlar. Ağdam klubundan axşamkı matçda nə gözləyirsiniz?

- Mən yalnız qələbə gözləyirəm, başqa heç nə. İki klubu müqayisə etsək, “Qarabağ”ın qalib gəlməlidir.

- Necə düşünürsünüz, “Qarabağ” BATE ilə oyundakı kimi çətinlik yaşaya bilər?

- Bunu demək olmaz. Rahatlaşıb, “Şerif” BATE-dən rahat rəqibdir deyə düşünsək, nəticə arzuolunmaz ola bilər. Burada psixoloji amillər də var. Rəqibi zəif hesab etmək düzgün deyil. Ola bilər, BATE “Şerif”dən güclüdür. Bu gün kimin güclü olduğunu isə futbolçular meydançada göstərəcəklər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"