Hafiz Məmmədov: “Avrokuboklara ciddi hazırlıq olacaq”

Hafiz Məmmədov: “Avrokuboklara ciddi hazırlıq olacaq”
XƏBƏR 24 May 2010 / 18:36 2235
-  A +

“Oyundan əvvəl demişdim ki, uduzsaq belə, çox təəssüflənməyəcəyəm. Bununla belə, qələbə qazanacağımıza inamım böyük idi. Komandamızın gücünə bələd olduğumdan kuboku qazanacağımıza əmin idim. Çox maraqlı oyun alındı. Futbolçularımız qələbəyə layiq olduqlarını göstərdilər. Komandamızın bütün üzvlərini qələbə münasibəti ilə təbrik edirəm”. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov ölkə kubokunun final qarşılaşmasından sonra deyib. Matçdan sonra xeyli sevincli görünən klub prezidenti qələbəyə görə çox şad olduğunu gizlətməyib: “Biz hər zaman futbolumuzun inkişafı naminə çalışırıq və həmişə təmiz mübarizənin tərəfdarı olmuşuq. Həm çempionatın son, həm də kubokun final oyunundan əvvəl çox söz-söhbətlər gəzirdi. Bu gün bir daha sübut etdik ki, bütün bunlar yersizdir və biz həmişə təmiz mübarizə aparmışıq. Bu gün gözəl bir oyun alındı, həm “Bakı”, həm də “Xəzər Lənkəran” baxımlı oyun göstərdi”.
Hafiz Məmmədov baş məşqçi Cüneyt Biçer haqda da fikirlərini bölüşüb: “Cüneyt Biçərin 35 yaşı olmasına baxmayaraq, belə uğur qazanmaqla futbolumuzun tarixinə düşdü. Cüneyt bəyə təşəkkür edirəm”.
“Bakı”nın prezidenti komandasının Avropa Liqasında ölkəmizi layiqincə təmsil etməsi üçün əllərindən gələni edəcəklərini söyləyib: “Fəxri prezidentimiz Anar müəllimlə məsləhətləşəcəyik. Avrokuboklara ciddi hazırlıq olacaq. Komandamızın gücləndirilməsi üçün yeni futbolçular transfer ediləcək. Azərbaycan futbolunun reytinqini yüksək səviyyəyə qaldırmağa çalışacağıq”.


Son xəbərlər