"Gürcüstan və Azərbaycan birinci yer üçün oynayacaq" - Georgi Adamiya

"Gürcüstan və Azərbaycan birinci yer üçün oynayacaq" - Georgi Adamiya
MÜSAHİBƏ 21 Avqust 2018 / 14:43 6830
-  A +

Ölkəmizdə "Neftçi", "Bakı", "Qarabağ", "İnter" (indiki "Keşlə") klublarının formasını geyinmiş Georgi Adamiya Qol.az-a müsahibə verib. Ölkəmizdəki karyerasını xatırlayan gürcüstanlı veteran futbolçu Ağdam klubunun Avroliqanın qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib.

- Karyeranızı bitirdikdən sonra nə işlə məşğul olursunuz?

- Futboldan uzaqlaşmamışam. Məqsədim məşqçi olmaqdır. Hazırda da məşqçilik kurslarına gedirəm. Eyni zamanda, "Saburtalo" klubunun U-15 komandasında işləyirəm.

- Azərbaycanda "Neftçi", "Qarabağ", "Bakı" və "İnter" klublarında çıxış etmisiniz. Hansı komanda sizə daha doğmadır?

- Oynadığım bütün klublar, xüsusilə də "Neftçi" və "Qarabağ" mənim üçün doğmadır.

- Bu komandalardakı karyeranızı necə xatırlayırsınız?

- Həm "Neftçi", həm də "Qarabağ"da gözəl illər keçirmişəm. Bu komandalarda oynadığım dövlər karyeramın ən yaxşı məqamlarından biridir.

- Azərbaycan futbolu ilə necə, maraqlanırsınızmı?

- Hazırda işlərim çox olduğu üçün elə də maraqlana bilmirəm. Yalnız imkan daxilində bəzi oyunları izləyirəm.

- Sizin oynadığınız dövrdən fərqli olaraq, hazırda Azərbaycan Premyer Liqasında cəmi 8 klub mübarizə aparır. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, bu barədə heç nə deyə bilmərəm. Yüksək liqada neçə komandanın oynamalı olduğunu AFFA daha yaxşı bilir.

- Ötən həftə "Qarabağ" iki oyunun nəticəsinə əsasən BATE-yə məğlub olaraq, Çempionlar Liqasında mübarizəni dayandırdı. Bu oyunu izlədiniz?

- Cavab matçına baxa bilmədim. Amma ilk oyunun ikinci hissəsini izlədim. "Qarabağ" bütün 45 dəqiqə ərzində hücum etdi. Təəssüf ki, BATE-ni keçə bilmədilər.

- Qurban Qurbanovun komandası Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə qarşılaşacaq. Həmin oyunda sabiq klubunuzun şanslarını necə dəyərləndirirsiniz?

- "Şerif"lə oyun ağır olacaq. Çünki rəqib də pis komanda deyil. Amma düşünürəm ki, "Qarabağ" onları keçə biləcək gücdədir.

- Gələn ay UEFA Millətlər Liqası start götürəcək. İlk dəfə keçiriləcək turnirdə həm Gürcüstan, həm də Azərbaycan millisindən nə gözləyirsiniz?

- Birmənalı olaraq, deyə bilərəm ki, Gürcüstan və Azərbaycan milli komandaları öz qruplarında birinci yeri tutmaq uğrunda mübarizə aparacaqlar. Turnirin gedişatı hansı yığmanın nəyə qadir olduğunu göstərəcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər