"Əlincə Arena"nın "Sabah"ından qeydlər - Reportaj

"Əlincə Arena"nın "Sabah"ından qeydlər -  Reportaj
XƏBƏR 20 Avqust 2018 / 13:37 3948
-  A +

Bakı - Sumqayıt yolundan sağa, Masazıra dönürəm. Sürəti minimuma salıb, sağ zolağa keçirəm. Gözüm yolkənarı afişalar axtarır - bəlkə "Əlincə Arena" üçün "location" elanı olar deyə.

Masazır gölü görünməyə başlayanda saxlayıb, soruşmalı oluram. "Hansı stadion?" sualına "Əlincə"nin stadionu cavabı verdiyimçün yanlış getməli oluram. Bura əyləncə mərkəzidir...

"Sabah" klubunun oynadığı "Əlincə arena" hardadır? "Qurtuluş" qəsəbəsində 5-6 gəncdən soruşdum, klubu tanımadılar(!), ancaq böyük meydança olan tərəfi göstərdilər.

"Qəbələ"nin "Neftçi"yə 8 qol vurduğu məşhur oyuna da getmədiyimçün bu arenanın yerini tanımamaq idman jurnalisti kimi mənim qəbahətim olduğu qədər "Sabah"ın da ciddi çatışmazlığıdır ki, qəsəbədə sadə təbliğatı belə qurmayıb.

Zirəyə gedəndə Qaladan o tərəfə - stadionadək yolkənarı bildirişlər var. "Sabah"ın da elementar işi görməsi yaxşı olardı.

Həm də daha çox gənc ailələrin məskunlaşdığı qəsəbədə klubun böyük azarkeş kütləsini yaratmaq mümkünkən, heç adi tanıtım aparılmayıb. Qəsəbədəkilər sözügedən arenada "Sabah" adlı klubun məskunlaşdığından xəbərsizdir. Nə TV-nin gücü çatıb, nə klubun təşəbbüsü görünür...

Arenaya daxil oluram. Burda da "ənənəyə" sadiqlik, eyni "sistemin" təzahürü özünü büruzə verir - tribunadakılar 14-15 yaşadək, əsasən, uşaqlardı. "Sabah"! "Sabah"! Vəssalam, başqa heç bir şüar, tezis, sistematik amiqo işi, tribuna fəallığı - heç nə...

Stadionda işıqlar sönür. Təbii ki, bu, texniki nöqsan, 30-40 saniyə sonra problem həll edilir, ancaq yaxşı ki, oyun vaxtı olmadı. Oyundan bir az sonra yenə oxşar hal yarandı deyə, belə qənaətə gəlmək olar ki, arenanın elektrik sistemində çatışmazlıq var.

Avtobusun üzərində və stadionun girişində həkk olunmuş loqotipdən başqa stadionun "Sabah"laşdırılması hiss edilmir.

***      ***     ***

Əliyar Ağayevin fiti ilə oyun başlayır. İlk turda "Neftçi"yə məğlub olan "Sumqayıt" səfərdə "Keşlə"ni udmuş "Sabah"dan daha dişli görünür. İki radikal hücum quruldu, lakin qolu Məqsədin cinah ötürməsini tora qovuşduran Deviçin simasında "Sabah" vurdu. Bu, Elşad Əhmədovun sistemi deyildi. Onun futbolu ilə qismən tanış olduğumçün bu qolu təsadüfi hesab etdim.

Əhmədovun komandası cinahdan hava ötürməsi-filanla qol axtarmır, hücuma da uzun paslardan çox qısa sıx ötürmələrlə çıxmağı sevir.

Təxmin doğrulur - "Sabah" özündə deyil, öz oyununu göstərə bilmir. Bundan istifadə edən istəkli "Sumqayıt" 4 dənə qol vurur. Künc zərbəsindən sonra Şəhriyar Əliyevin qolu isə konkret ev tapşırığı idi. Çünki onadək yerinə yetirilən bir neçə "uqlovoy"da kapitan Rail Məlikov komanda yoldaşlarına jestlərlə eyni hərəkətləri göstərirdi. Bəli, məhz həmin hərəkətlərdə göstərilən "ssenari" baş tutdu və qol o cür vuruldu.

Deməli, beşli müdafiə oynadan və tipik hücumçusuz olan Nazim Süleymanovun "drujinası" daha hazırlıqlı və qərarlı idi. "Sabah"da isə xətlərarası əlaqə alınmırdı. Hücumların qurulması sistemsiz idi, yaxud sistemin icrası alınmırdı. Əhmədovun əvəzetmələri də vəziyyəti yaxşılığa dəyişə bilmədi.

Çempionata ən pis başlanğıcı edən "Səbail"in baş məşqçisi Aftandil Haciyev deyib ki, təqvim də əleyhimizə oldu. Bu mənada ən rahat təqvim "Sabah" üçün idi. Milli komandanın oyunlarıyla əlaqədar çempionatda yaranacaq fasiləyədək "Keşlə", "Sumqayıt", "Zirə". Bu oyunlardan 7 xal da götürmək olardı, lakin, "Sabah"ımız xeyir olmadı...

"Sumqayıt"ın təklif etdiyi sürət qarşısında xaosa yuvarlanan debütant "Zirə" kimi daha mütəşəkkil rəqiblə necə rəftar edəcək - artıq məşqçi işi onda görünəcək...

Oyunsonrası mətbuat konfransında Süleymanovun 5 müdafiəçi məsələsinə izahı maraqlı oldu: "Biz fiqurlara görə sistemi formalaşdırdıq". Daha maraqlı məqam isə Əfranın yoxluğuna verilən cavab idi. Klubun mətbuat xidmətçisi Rəşad Məmmədov dedi ki, Əfranla müqavilə bağlananda demişdi ki, mənə vaxt verilsin, Həcc ziyarətinə gedəcəm. Bu oyunda olmaması da sırf bununla bağlıdır.

Elşad Əhmədov isə "düzəldəjih" dedi.

Favorit olmayan rəqibdən alınan böyükhesablı məğlubiyyət komandanın qürurunu alçatmaz ki? Dedi ki, bu, futboldu...

OK.

Topaz Premyer Liqasında qeyri-peşəkarlığın ənənəyə çevrildiyi artıq göz önündədi. Çempionatın səviyyəsi lap düşüb və hətta 7-8 il əvvəlki I Divizionu xatırladır.

Bəzi komandalar "inkubator cücələrinə" oxşayır.  Onların faydası yoxdur, ola da bilməz...

"Sabah"ın Topaz Premyer Liqasında özünə yer eləməsi, fərqli nəzərə çarpması üçün işlər gördüyünü zənn etdmişdim,  ancaq dünənki mənzərə tam əksi idi. Təhsil Naziriliyinin dəstək olduğu və "Bridge Construction" kimi şirkətin himayə etdiyi klub.. amma ortaya çıxarılan məhsul o deyil.

Ən adi detal: media sektorda oturacaqlar təmiz deyildi, ümumiyyətlə sektorun iqlimi pis idi, iş mühiti yox idi. Oyunun fasiləsində çay və ya kofe deyil, heç su da təklif edilmədi. "Sabah"ın imici belə formalaşmamalıdır. Xatırladaq ki, çempionatda ən az büdcəsi olan AZAL belə media üçün fasilədə kofe breyk təşkil edə bilirdi. Bu, xırda, lakin vacib detaldır. Bunun təşkil edilməməsi göstərir ki, klubun klubvari işləri qaydasında deyil. Hələ daha geniş detalları nəzərə gətirməyə gərək qalmır...

"Sirli qutu" dediyimiz  klubun ətrafa açılması bu cür gedir. Elədə daha cazibəli görünürdü, ümidvericiliyi vardı və s. Lakin reallığın bəzi detallarına şahidlik etdikdə durumun xoş olmadığını gördük.

İnanaq ki, "Sumqayıt"dan alınan "ayıl!" şilləsi nə ki komandaya, həm də kluba müsbət təsir edəcək. Ayılıb, harda olduqlarının fərqinə varacaqlar.

Elçin CƏLİLOV
Futbolpress.az


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı