"2 il "Qəbələ"nin çörəyini yemişəm, heç bir aqressiyam yoxdur"

"2 il "Qəbələ"nin çörəyini yemişəm, heç bir aqressiyam yoxdur"
MÜSAHİBƏ 13 Avqust 2018 / 14:47 4838
-  A +

"Səbail"in hücumçusu Ruslan Qurbanov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın ilk turunda səfərdə "Qəbələ"yə məğlubiyyəti şərh edən futbolçu maraqlı fikirlər səsləndirib.

- Mövsümün ilk oyununda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyəti necə şərh edərdiniz?

- "Qəbələ"nin yaxşı komanda olduğunu bilirdik. Ona görə də oyuna ciddi hazırlaşmışdıq. Təəssüf ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmədik. "Qəbələ"ni əks-hücumlarda yaxalamaq istəyirdik, amma alınmadı. Sonda da rəqib layiqli qələbə qazandı.

- Yəqin, startda bu cür hesabla uduzacağınızı heç özünüz də gözləmirdiniz...

- Əlbəttə, biz özümüz də belə böyük hesabla uduzacağımızı gözləmirdik. Futboldur, bu oyunu unutmalı və növbəti turda "Qarabağ"la keçirəcəyimiz matça hazırlaşmalıyıq. Yeni komandamız, yeni oyunçularımız var. Düzdür, bu amil bizə haqq qazandırmır. Ancaq adaptasiya üçün bizə bir az vaxt lazımdır. Bundan sonra baş məşqçimizin oynatmaq istədiyi futbolu göstərəcəyik.

- Mövsümün sonunda gözlənilmədən "Qəbələ"dən göndərildiniz. Bu mənada dünənki oyunda sabiq komandanıza qarşı hər hansı aqressiya var idi?

- "Qəbələ"yə hörmətlə yanaşıram. Bu klubun rəhbərliyinə, məşqçilərinə, futbolçularına, bir sözlə, hər bir işçisinə hörmətim var. İki il orada oynayıb, bu klubun çörəyini yemişəm. Ona görə də "Qəbələ"yə qarşı heç bir aqressiyam yoxdur. Növbəti oyunlarda da meydanda bu cür mübarizə aparacağam. Məni məyus edən yeganə məqam odur ki, əlimə düşən qol vəziyyətlərindən yararlana bilmədim. Əgər bunu etsəydim, oyun fərqli ola bilərdi.

- Ancaq meydanda çox istəkli görünürdünüz. Sanki kiməsə nəyisə sübut etməyə çalışırdınız...

- Bu, mənim işimdir. İndi "Səbail"in oyunçusuyam və yalnız öz komandam haqda düşünürəm. Sözsüz, ən yaxşı oyunumu göstərmək istəyirdim. Amma bu da matça hədsiz köklənmədən irəli gələ bilər.

- Topaz Premyer Liqanın 2-ci turunda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsünüz?

- "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Onlara qarşı oynamaq hər zaman çətindir. Yaxşı və layiqli oyun göstərməyə çalışacağıq. Bu arada fürsətdən istifadə edib "Qarabağ"a Belarusdakı oyunda uğurlar arzu edirəm. Hamımız bu komandaya inanırıq və BATE ilə matçda yaxşı nəticə qazanacaqlarını gözləyirik.

- Qarşıda milli komandamızı Millətlər Liqasında mübarizə gözləyir. Turnirin başlamasına 1 aydan da az vaxt qalıb. Sizcə, "Səbail"dən milliyə dəvət ala biləcəksiniz?

- Millətlər Liqası bizim üçün böyük şansdır. Məgər "Səbail" belə pis komandadır ki, buradan milliyə dəvət almaq olmasın? Daim oynasam və qollar vursam, düşünürəm ki, Qurban müəllim mənə də şans verəcək. Amma çağırmasa belə, ona minnətdar olacam.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın