Mahir Şükürov: "Bir klubdan ciddi təklif almışam"

Mahir Şükürov: "Bir klubdan ciddi təklif almışam"
XƏBƏR 22 May 2010 / 12:36 2440
-  A +

Azərbaycan yığması Avstriyada keçirəcəyi təlim-məşq toplanışı üçün hazırlığa başlayıb. Hazırlıq prosesində ən çox diqqətçəkən futbolçulardan biri də Mahir Şükürovdur. “Anji”də nümayiş etdirdiyi oyunla azarkeşləri sevindirən Şükürovla söhbətimizə onun klubundan başladıq.

- Mahir, “Anji”də vəziyyətin nə yerdədir?
- Yaxşıdır. Son oyunda Moskva “Dinamo”su ilə qarşılaşdıq. Yaxşı çıxış etdik. Qələbə də qazana bilərdik.. Amma sonda görüş 1:1 hesabı ilə yekunlaşdı. Bu qarşılaşmada 90 dəqiqə meydanda oldum. Məncə, pis təsir bağışlamadım.

- Bundan qabaq “Spartak”la keçirdiyiniz qarşılaşmada niyə iştirak etməmişdin?
- Baş məşqçi Hacı Hacıyev belə məsləhət bilmişdi. Yəni bu onun seçimidir və buna qarışmaq olmaz.

- Son vaxtlar belə söz gəzir ki, Hacı Hacıyev sənin transferə çıxarılmağını istəyir. Doğrudurmu?
- Xeyr, sadəcə söz-söhbətdir. O, mənə güvənir. Demək olar ki, bütün oyunlarda mənə şans verib. Odur ki, aramızda heç bir problem yoxdur. Buna inanmaya bilərsiniz, amma mən həmişə sözün düzünü deyirəm. Əgər istəsəydilər, yayda məni transferə çıxarardılar. Yenə deyirəm, belə bir məsələ yoxdur.

- Komandanın çıxışını uğurlu saymaq olarmı?
- Biz çalışırıq ki, yaxşı çıxış edək. Lakin bu, heç də asan deyil. Rusiya Premyer Liqasında kifayət qədər güclü komandalar var. İndi o qədər də pis vəziyyətdə deyilik. 12-ci pillədə qərarlaşmışıq. Bir qədər irəliləmək imkanımız var. Yəqin ki, bunu bacaracağıq.

- Klubda maliyyə problemi var idi. Bu məsələ həll olundumu?
- Şükür Allaha, artıq bütün pulumuzu veriblər. Aramızda heç bir problem qalmayıb.

- Qorxmursan ki, gələcəkdə analoji hallar təkrarlansın?
- Bundan heç kim sığortalanmayıb. Bilirsiniz, biz peşəkarıq. Pulsuz da çıxıb oynaya bilərik. “Dinamo” ilə oyunda bunu sübut etdik. Hətta rəqibdən xal da aldıq. Amma pul olsa, daha yaxşı olar (gülür).

- Gələcəkdə də “Anji”də qalmaq istəyirsənmi?
- Bunu indidən deyə bilmərəm. Müqaviləmin müddəti ilin sonuna qədərdir. Hazırda bir klubdan ciddi təklif almışam. Adını çəkməyəcəyəm. Bu klub Rusiya Premyer Liqasında çıxış edir. Ancaq mövsümün sonuna qədər “Anji”də qalacağam. Ondan sonra vəziyyətə baxacağam.

- Yığma komandamızın təlim-məşq toplanışı başlayıb. Hazırda komandada ab-hava necədir?
- Yaxşıdır. Uşaqlar özlərinə inanır və həvəslə məşq edirlər. Hazırda heyətdə gənclər çoxdur. Onlara məsləhət görürəm ki, özündən böyüklərin sözünə qulaq assınlar. Biz də gənc olanda belə edirdik. Çünki təcrübəlilərin sözünə qulaq asarkən inkişaf etmək mümkündür. Elə düşünməyin ki, yığmada hər hansı problem var. Sadəcə olaraq, gənclərin inkişaf etməsini istədiyimdən bunları deyirəm. Arzulayıram ki, tezliklə onların səsi Avropa klublarından gəlsin.

- Yığma komandamızı 3 rəsmi oyun gözləyir. Bu barədə nə deyə bilərsən?
- Bizim üçün bütün oyunlar vacibdir. Bilirsiniz, seçmə mərhələnin startına çox az qalıb. Biz maksimum gücümüzü cəmləyib o vaxta qədər tam hazır olmalıyıq. Üstəlik, bizə nəticə də vacibdir. Çalışıb bütün oyunlarda qalib gəlməli və özümüzdə qalib ruhu formalaşdırmalıyıq.

- Bu üç oyundan hansı sənin üçün daha vacibdir?
- Mənə görə, Hondurasla oyun. Onlar dünya çempionatında iştirak edəcəklər. Belə bir yığma ilə oyunda çox şey məlum olacaq. Makedoniya da güclü komandadır. Onlarla da oyun bizə böyük təcrübə qazandıracaq. Moldova ilə görüşdə qələbə qazanmaq mənə vacibdir. Bilirsiniz ki, Moldova yığmasında komanda yoldaşım Nikolay Josan çıxış edir. Sonradan kluba qayıdanda onun yanında başıaşağı olmaq istəmirəm (gülür).

- Millimizin oyunlarını “Anji”nin məşqçiləri də izləyəcəklərmi?
- Mahaçqala təmsilçisi də Avstriyada təlim-məşq toplanışında olacaq. Ola bilər ki, gəlib izləsinlər. Amma bunun baş verəcəyini dəqiq deyə bilmərəm.

- Yığmamız seçmə mərhələdə iştirak edəcək. Bu il keçirəcəyimiz oyunlardan nə gözləyirsən?
- Almaniya ilə ötən il qarşılaşmışıq. Çalışacağıq ki, həmin məğlubiyyətlərdən nəticə çıxaraq. Konkret hansı oyunda udacağımız və ya xal qazanacağımızı demək istəmirəm. Amma bu seçmə mərhələ millimiz üçün dönüş nöqtəsi olmalıdır. Bütün fikrimiz də buna cəmlənib.

 

Mənbə: “Futbol dünyası” qəzeti


Son xəbərlər