"Cavab matçında daha diqqətli olmalıyıq" – BATE-nin futbolçusu

"Cavab matçında daha diqqətli olmalıyıq" –<b style="color:red"> BATE-nin futbolçusu</b>
ÖLKƏ FUTBOLU 8 Avqust 2018 / 11:53 2533
-  A +

“Çox çətin oyun oldu. İlk hissədə pis təsir bağışlamadıq. Məncə rəqibdən daha yaxşı oynadıq. Sadəcə, topa sahib olmada onlar bizdən üstün idilər. Uğurlu əks-hücumlar təşkil etdik. Daha çox qol vura bilərdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin müdafiəçisi Yeqor Filipenko klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ” üzərində minimal hesablı qələbəni şərh edən futbolçu ikinci hissədə pis oynadıqlarını bildirib:

“Fasilədən sonra nə baş verdi? Bu, bizim bəlamızdır. Vəziyyəti başa düşməyə, səbəblərini aydınlaşdırmağa çalışırıq. Hesab edirəm ki, problem psixoloji durumla bağlıdır. Səfərdə hesabda öndəyik və bunu qorumaq istəyimiz var. Halbuki “Qarabağ”ın təzyiqinə baxmayaraq, daha yaxşısını edə bilərdik”.

Filipenko öz cərimə meydançalarının yaxınlığında bir neçə epizodda uğursuz ötürmələrinin səbəblərini isə bu cür izah edib: “Topsuz çox qaçdıq. Ona görə də top bizdə olanda onu daha çox özümüzdə saxlamağa çalışırdıq. Təəssüf ki, bəzi epizodlarda səhvlərə yol verdim. Bu, futboldur. Həmin vaxt komanda yoldaşlarm məni sığortaladılar. Digər epizodlarda isə mən onların köməyinə gedirdim”.

Belaruslu oyunçu komandanın qapıçısı Denis Şerbitskinin çıxışını da xüsusi vurğulayıb: “Xoşbəxtlikdən qapıçı bu oyunda bizi xilas etdi. Şerbitski son matçlarda komandaya çox kömək edir. Təsadüfü deyil ki, onunla “Milan” kimi klublar maraqlanırlar (gülür). Əgər əcnəbi skautlar tez-tez bizim oyunlarımıza gəlsələr, Denis tezliklə BATE-ni tərk edəcək”.

Filipenko avqustun 14-də Borisovda keçiriləcək cavab matçına da toxunub: “Aydın məsələdir ki, azərbaycanlılarla dueldə hələ heç nə həll olunmayıb. Cavab matçı öncəsi şanslar bərabərdir. Maksimum gücümüzü ortaya qoyacağıq ki, iki oyunun nəticəsinə görə qələbə qazanaq. Arxa xəttdə daha diqqətli olmalıyıq. Çünki “Qarabağ” ilk dəqiqələrdən hücuma atılacaq. Vəziyyəti düzgün qiymətləndirib, qol şanslarından yararlanmaq lazımdır”.

 

Daha çox


Son xəbərlər