"Qarabağ"ın qrupda oynaması bizi narahat etmir"

"Qarabağ"ın qrupda oynaması bizi narahat etmir"
GÜNDƏM 6 Avqust 2018 / 18:30 7580
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, o, Ağdam təmsilçisinə qarşı keçirəcəkləri matçlar haqda da danışıb:


-Bir həftə əvvəl Finlandiyaya səfər öncəsi komandanın üzərində gərginlik var idi. İki oyunun nəticəsinə əsasən HİK üzərində qələbə bu problemi aradan qaldırıb?

- Mən həmin vəziyyəti gərginlik olaraq dəyərləndirməzdim. Uşaqların oyuna köklənməsi barədə danışmaq daha düzgündür. Elə də uğurlu olmayan ev oyunundakı nəticədən sonra ayaqda qalmaq və finlərlə cavab matçına köklənmək vacib idi. İndi vəziyyət fərqlidir. Bakıya Çempionlar Liqasında növbəti mərhələyə keçə biləcəyimizə inanaraq gəlmişik.

- “Qarabağ”la oyuna necə hazırlaşmısınız?

-Yaxşı. Bizim kollektivdə hər zaman müsbət ab-hava hökmranlıq edir. Finlandiyadakı uğurlu oyundan sonra məşq yüklənmələri daha da yüngülləşdi, itirdiyimiz güc isə tez bərpa olundu.

-HİK-lə oyundan cəmi 4 sutka keçib. “Qarabağ”la nə dərəcədə tanış ola bilmisiniz?

- Düşünürəm ki, sabahkı rəqiblə bağlı müəyyən təsəvvürümüz var. Məşqçilər heyəti Azərbaycan klubu haqda maksimum məlumat toplamaq üçün 2 gününü sırf bu işə ayırdı. Əvvəlcə “Qarabağ”ın tarixi və futbolçuları ilə tanış olduq. Məşqçilər ayrıca olaraq, rəqibin güclü və zəif tərəflərini bizə izah etdi. Ona görə də Çempionlar Liqasının pley-of mərhələsinə vəsiqə üçün kiminlə mübarizə aparacağımızı anlayırıq. Daha ətraflı məlumata isə meydanda rəqiblə üz-üzə gəldikdən sonra sahib olacağıq.

-Bundan əvvəl Azərbaycan klubları ilə qarşılaşmısınız?

-Klub səviyyəsində yox. Ancaq bu ilin martında millinin heyətində Bakıda Azərbaycana qarşı oynamışam. Həmin vaxt rəqibin heyətində milliləşdirilmiş braziliyalı Riçard Almeyda yaxşı təsir bağışlamışdı: oyunu öz üzərinə götürmüşdü və meydanda fərqlənirdi. Amma bildiyim qədərilə o, “Qarabağ”ı tərk edib. Ondan başqa, rəqibin heyətində Azərbaycan millisində çıxış edən bir neçə futbolçu daha var.

-Azərbaycanda belə güclü, Avropa səviyyəli bir klubun olması sizi təəccübləndirmir?

- Xeyr, təəccübləndirmir. Futbol indi yaxşı maliyyə imkanları olan ölkələrdə inkişaf edir. “Qarabağ”a da ciddi pullar qoyulur. Bu isə kifayət qədər  güclü legionerlərin dəvət olunması üçün imkanlar yaradır. Məhz bu səbəbdən milli çempionatın da səviyyəsi artmaqdadır.

- İlk oyunu səfərdə keçirəcəyik. Son vaxtlar isə BATE ilk görüşü evdə oynayanda nəticə daha yaxşı alınır...

- BATE-də keçirdiyim son 1 ildə biz çox vaxt ilk oyunu “Borisov Arena”da keçiririk: bunların 3-də növbəti mərhələyə adlamışıq. Ancaq ev oyunlarımız istədiyimiz kimi alınmayıb. Hər birində heç-heçə oynamışıq və özümüzü pis vəziyyətə salmışıq. Bundan sonra isə vəziyyəti düzəltmək üçün daha çox güc sərf etməli olmuşuq. Yaxşı ki, hər şey sonda bizim xeyirimizə başa çatıb. Amma başqa cür də ola bilərdi. Bu dəfə birinci oyunu səfərdə keçirəcəyik. Ona görə də inanıram ki, bizim üçün uğurlu alınacaq.

-Sizcə, cütün favoriti kim hesab olunur?

- Komandaların eyni gücdə olduqlarını hesab edirəm. Ümid edirəm ki, “Qarabağ”la müqayisədə BATE sözdə deyil, işdə öz keyfiyyətini ortaya qoyacaq və rəqibdən daha yaxşı olduğunu sübut edəcək.

-“Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edib...

-Bu, bizi narahat etmir. Başa düşürük ki, çox ciddi rəqiblə qarşılaşmaq məcburiyyətindəyik.

 - "Qarabağ" bu mövsüm Çempionlar Liqasında bir qol belə buraxmayıb.

- Bu, bir daha işimizin çətin olacağını göstərir.Buna baxmayaraq, bu seriyanı dayandıracağımıza inanıram.

 - 30-35 dərəcə istidə oynayacaqsınız. Bakının iqlimi "Qarabağ" üçün əlavə üstünlükdür?

- Rəqibin oyunçuları belə havada oynamağa öyrəşib. Amma oyun axşam 9-da başlayacaq. Həmin vaxt isə çox isti olmayacaq. Düşünürəm ki, normal oynaya biləcəyik.

- Məşqçi heyəti sabahkı oyunda hansı məqsədi qarşınıza qoyub?

- Yaxşı nəticəyə nail olmaq. Bu, cavab oyunundan əvvəl üstünlük qazanmağımıza kömək edəcək.

Daha çox


Son xəbərlər