“İnter”in dərdi var, “İnter” xəstədir!

ÖLKƏ FUTBOLU 21 May 2010 / 15:11 2649
-  A +

Unibank Premyer Liqasında 2009/10-cu il mövsümü də beləcə başa çatdı. Ananın körpəni qarnında saxladığı 9 ay kimi bu birincilik də çox mürəkkəb, bəzi hallarda başgicəlləndirici, ürək bulandırıcı anlarla, bəzi hallarda xoş gərginlikdə, həyacanla yadda qaldı. 9 ay 2 gün keçən aradan sonra “İnter” növbəti, bu dəfə sponsorlu premyer liqanın qalibi oldu. Əvvəlcədən qeyd edək ki, son tura qədər 4 komandanın çempionluq şansının qalması “6”lığın özünü doğrultması anlamına gələ bilər. Son illərin, bəlkə premyer liqa tarixinin ən maraqlı, zövqlü çemionatını izlədik. Düzdü, ikinci “6”lıqda ümidlər doğrulmadı. Amma bəlkə də orada bir balaca təkmilləşdirmə aparılarsa növbəti mövsüm biz eyni gərginliyi ikinci “6”lıqda da görə bilərik. Bunun üçün bir neçə təkliflərimiz də var və bu barədə gələcək günlərdə yeni yazı ilə çıxış edəcəyik. Lakin bu gün “İnter”in çempionluğu ilə bağlı bir neçə araşdırmamızı dəyərli oxucularımızla bölüşmək istərdik. Təbii ki, biz bununla paytaxt klubunun uğuruna kölgə salmaq istəməzdik, amma bəzi məsələlər bəlkə də klub rəhbərliyini də düşündürər.
“İnter” mövsümə yeni baş məşqçi ilə başladı. Hələ avrokuboklarda uğursuz çıxış zamanı hamı Kaxaber Sxadadzenin sistem qurduğunu və sürətli futbol aşılamaq istədiyini söylədi. Təbii ki, bunun üçün vaxt, zaman lazım idi. Lakin qarşıdakı aylarda “İnter”in baxımlı futbolu, nəticəyə oynayan komanda imici ilə dəyişdi. Yenə mənasız transferlər, ehtiyatda oturmuş çoxsaylı, gün keçirən legionerlər və yerli futbolçulara etinasızlıq. 6 ildi bu cür şəraitin yaradılmasına baxmayaraq, hələ də “İnter” istedadını ortaya çıxara bilmir. Əvvəlcə Konkov, ardınca Xodukin, indi isə Sxadadze eyni ssenarini yerinə yetirirlər. Halbuki paytaxt klubunun fəxri prezidenti Cahangir Hacıyev “Sabahın ulduzları” yarışını keçirməklə paytaxtda nəinki öz klubu üçün, eyni zamanda digər komandalarda uşaq futbolunun inkişafı yönündə əvəzsiz işlər görür. Lakin onun klubunda nəinki legionerlər meydana çıxır, hətta bəziləri mövsüm ərzində yalnız tribunada ailələri ilə oturub ölkələrinə qazanc göndərirlər. Məsələn, son oyunda artıq hesab bəlli olduqdan sonra meydana çıxan italiyalı Joze Maşadunu tanıyan varmı? Və ya 31 yaşlı belaruslu Vitali Ledenyovla, eyni yaşa sahib çexiyalı Lyubimir Kubiçanın oyunlarını görmüsünüzmü? Maşadudan fərqli digər 2 legioner bir az çox meydana çıxıblar. Lakin necə oynayıblar? “İnter”in daimi oyunlarını izləyən insanlar bunu gözəl bilirlər. Hələ Mahir Şükürovun yerinə gətirilmiş 26 yaşlı litvalı Paulius Paknis... Sadəcə dəhşət... Eyni mövqedə oynayan “Muğan”ın 19 yaşlı azərbaycanlı futboçusu Növruz Məmmədov ondan 5 baş güclüdür!!! Bəs, görəsən, bu legionerlərin gəlişinə görə kim cavab verəcək? Bəli, komanda hətta çempion olmazdan bir az öncə islahatlar başladı, bəzi dəyişikliklər oldu. Otağında yüz oyundan çıxan, hakimlərin pul saymaq oylağına çevirdiyi “Şəfa”nı təhvil verən bəzi şəxslər sadəcə sakitcə kənarlaşdırıldılar. Cənab Nikolov yəqin ki, ya bu səviyyəsiz legionerlərin gəlişində kimlərin əli olduğunu göstərəcək, ya bəzi faktları açıqlayacaq, ya da susmaqla faktları ört-basdır eləməyə çalışacaq. Bəs yaşananlar? Təbii ki, Azərbaycanın “İnter” adlı klubunda pulların göyə sovrulması bolqarıstanlı Nikolovu qətiyyən narahat etmir. Oyunçu seçimini isə adətən məşqçi edir. Sxadadze kimlərləsə ya əlbir olub pulların göyə sovrulmasında iştirak edib, ya da hər şeyə göz yumaraq Azərbaycan futbolunda ona düşən paya şükr edib.
İndi isə keçək paytaxt klubunun şansına: “İnter” ilk mərhələni qalib tamamladı. Ikinci mərhələdə rəqiblərin xüsusən son turlarda xal itkisindən isə məharətlə yararlanaraq ölkə tarixində ikinci dəfə çempion titulunu əldə etdi. Paytaxt təmsilçisi final mərhələsində 30 mümkün xaldan cəmi 12 xal toplayaraq bu uğura sahib oldu. Son 5 oyunda cəmi 5 xal qazanılmasına baxmayaraq , Sxadadze buna səbəb kim rəqiblərin qeyri-stabil, klubunun isə stabil oynadığını söyləyir. Lakin bizim fikrimizcə, Kaxanın “Standard”ı “İnter”dən daha baxımlı futbol oynayırdı. Bir sözlə, “İnter”in bu ilki uğurunu 2 il əvvəl olduğu kimi yenə bəxtə bağlayanlar yanılmırlar. “Olimpik”in 2 il öncəki acınacaqlı məğlubiyyəti, bu il isə “Qarabağ”ın “Neftçi”nin gəncləri üzərində qələbə qazana bilməməsini yalnız MÖCÜZƏ adlandırmaq olardı. Yeri gəlmişkən, hamının müqavimət göstərməyəcəyi söylədiyi “Qəbələ” də “6”lıqda çempiondan çox xal topladı. Kaxa ötən mövsüm avroliqadakı hər 2 oyunda məğlub oldu. Halbuki bir neçə il öncə Yevlax “Karvan”ı həmin komandanı, Slovakiya “Spartak”ına həm Bakıda, həm Trnavada qalib gəlmişdi. İndi Sxadadzenin önündə yetərincə zaman var. Artıq vaxt yetişib, Avropada hünər göstərmək anıdır. Yəqin ki, bu dəfə seçimi başqaları yox, məhz Sxadadze edəcək və seçdiyi legionerlər Bakıya gün keçirməyə yox, futbol oynamağa, ölkəmizin nüfuzunu qaldırmağa çalışacaqlar!!!
ELGÜN

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı