"Qarabağ"ın gücünə bələdik, amma turu keçə bilərik" – Nedzipi

"Qarabağ"ın gücünə bələdik, amma turu keçə bilərik" – Nedzipi
MÜSAHİBƏ 1 Avqust 2018 / 11:11 3843
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin idman direktoru Nderim Nedzipi Albaniya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, bir vaxtlar Ağdam klubunun da şərəfini qorumuş veteran futbolçu bu gün keçiriləcək cavab matçı öncəsi iddialı danışıb.

-“Kukesi” sizin sabiq komandanızla vacib oyuna çıxacaq. Matçdan nə gözləyirsiniz?

- Bu, hamımız üçün xüsusi oyundur. 20-25 min azarkeşin önündə oynayacağıq. Bilirik ki, Bakıda bizə çətin olacaq. Çünki “Qarabağ”a böyük dəstək var. İlk oyunda qapımızı toxunulmaz saxlaya bildik və Bakıya inamlı gəlmişik. İtirəcəyimiz heç nə yoxdur. “Qarabağ”ın favorit olduğunu demişdim, amma istənilən halda bizim də səfərdə qol vurmaq və yaxşı işlər görmək üçün keyfiyyətli komandamız var. Futbolçular kollektivin gücünə və özlərinə inanırlar. Bundan başqa, hamımız bugünkü oyunda yaxşı işlər görəcəyimizə ümid edirik.

- “Qarabağ”da çoxlu dostunuz var. Şkodradakı matçdan sonra onlarla danışdınız? “Kukesi”nin oyununa görə təəccüblənmişdilər?

- Uzun illərdən sonra “Qarabağ”dan tanıdığım insanlarla görüşdüm. Onları ev sahibi kimi qarşılamağımızdan, göstərdiyimiz münasibətdən çox razı qaldılar. Qələbə qazanmaq istəyirdilər, ancaq qarşılarında güclü “Kukesi” gördülər. Artıq bilirlər ki, 1 qol hər şeyi həll edə bilər.

- 0:0 hesabı “Kukesi” üçün yaxşı nəticədir. Bakıdakı cavab oyununu da nəzərə alsaq, komandanızın Azərbaycan klubunu keçmək şansını necə dəyərləndirirsiniz?

- İlk oyunda sonadək mübarizə apardıq. Hətta qol da vura bilərdik. Bakıya 1:0 hesablı qələbə ilə gəlsəydik, daha yaxşı olardı. Amma hər bir halda komandamızın qol vura biləcəyini və yaxşı nəticə qazanıb “Qarabağ”ı keçəcəyini düşünürəm. Prezidentdən tutmuş meydandakı sonuncu futbolçuya kimi hamı buna inanır. “Qarabağ”ın gücünə bələdik, amma hesab edirik ki, bacara bilərik.

- İlk görüşünüzdən sonra dostunuz Ansi Aqolli nə dedi?

- Ansi ilə çox danışmaq imkanım olmadı. Çünki tezliklə ölkə xaricinə getməli oldum. Amma Bakıda görüşmək üçün vaxtımız olacaq. Ansinin də dediyi kimi, Albaniyada vaxtımız olmadı, ikinci oyunu gözləmək lazımdır.

- “Qarabağ”ın ev oyunlarındakı üstünlüyünü və gücünü bilirsiniz. Bu mənada baş məşqçi Armando Kunqu və futbolçularınıza hansı məsləhətləri vermisiniz?

- “Qarabağ”ın hücumlarının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Bu komandanı yaxşı tanıyıram. Onları keçmək üçün hamımız bütün gücümüzü ortaya qoyacağıq. Baş məşqçiləri Qurban Qurbanovu da tanıyıram. Komanda onun başçılığı altında xeyli inkişaf edib. Futbolçularımıza inanıram və ümid edirəm ki, rəqibi Bakıda da təəccübləndirə biləcəyik. Bizi gərgin oyun gözləyir. Bilirik ki, start fiti ilə birlikdə qol vurmaq üçün hücuma atılacaqlar. Bu pis olduğu qədər yaxşı tərəfləri də var. Bu yolla öz oyunumuzu oynayıb, əks-hücumlarda rəqibi cəzalandırmağa çalışacağıq. Reginaldo yaxşı formada olmasa da, onun gəlişi ilə kollektiv tamalanıb.

- Mükafat aldıqdan sonra komandada vəziyyət necədir?

- Atmosfer ççox yaxşıdır. Klub prezidenti “Valletta” ilə matçdan sonra vəd etdiyi mükafatı verdi. Amma bilirəm ki, belə şeylər “Kukesi”də heç vaxt problem olmayıb. Əlbəttə mükafat komandanı həvəsləndirir, hər şey qaydasında gedir. Hazırda da ab-hava yaxşıdır, motivaiya əladır. Bu amillər məqsədimizə çatmaq üçün böyük stimuldur.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi