“Neftçi” daha 3 futbolçuyla yollarını ayırdı

“Neftçi” daha 3 futbolçuyla yollarını ayırdı
ÖLKƏ FUTBOLU 20 May 2010 / 13:05 2717
-  A +

Unibank Premyer Liqasının 2009/10-cu il mövsümü də "Neftçi" üçün uğursuz oldu və nəticədə paytaxt klubu Avropa miqyaslı yarışlardan kənarda qaldı. Bunun əsas səbəblərindən biri kimi isə komandanın heyətində çıxış edən legioner futbolçuların səviyyəsindən aşağı oyun sərgiləməsi göstərildi. Bunun nəticəsi olaraq, baş məşqçi Arif Əsədov əvvəlcə 3 futbolçunu – Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atemi əvəzedici heyətə göndərdi. Lakin çempionatın başa çatmasına 1 tur qalmış klub rəhbərliyi son illər ərzində komandaya böyük ümidlərlə cəlb olunan, amma etimadı doğrultmayan xeyli legioner futbolçunu komandadan uzaqlaşdırmaq qərarına gəldi. Bu məqsədlə Adrian Nyaqa, Marian Aliuta, Suat Usta, Taavi Rahn, Valter Quqlemon və Vladimir Voskoboynikovla yollar ayrıldı. Lakin bu “ağ-qaralar”ın yollarını ayırdığı son oyunçular olmayıb. “Neftçi”nin baş məşqçisi Arif Əsədovun Qol.Az-a verdiyi məlumata görə, öncə əvəzedici komandaya yola salınan futbolçulara da qapını göstəriblər. Yəni Miçoviç, Atem və Nazar da növbəti mövsümdə paytaxt klubunun sıralarında olmayacaq: “Təbii ki, onlar özləri də əvəzedici komandaya göndəriləndə, artıq komandaya lazım olmadıqlarını gözəl bilirdilər. Sizə də demişdim ki, onların əsas komandaya dönüşü bir daha baş tutmayacaq. Elə də oldu. Müqavilələrinin müddəti başa çatan həmin futbolçulara özlərinə yeni klub tapmağı məsləhət gördük. Onlarla işbirliyimizi davam etdirməyəcəik. Bir sözlə heyətimizdə yer alan 13 legionerdən 9-nu yola salmışıq. Düzdü, digər 4 əcnəbi ilə - Paulius Qribauskas, Dmitri Kruqlov, Leonard Naydin və Joze Karlosla da müqavilələrimizin müddəti başa çatıb. Ancaq onlarla işbirliyimizi davam etdirəcəyik. İyunda Bakıya qayıdandan sonra onlarla anlaşmanı çox güman ki, yeniləyəcəyik”.

Daha çox


Son xəbərlər