"Neftçi" yükünü dərk etməyənlər klubda "dəllək"liklə məşğuldurlar"

"Neftçi" yükünü dərk etməyənlər klubda "dəllək"liklə məşğuldurlar"
ÖLKƏ FUTBOLU 20 İyul 2018 / 17:47 5314
-  A +

"Avroliqada 3 klubumuz biabırçı nəticələrlə üzləşdi. Gözlənilirdi. Bu göstəricilər Azərbaycan futbolunun mövcud durumunun aynasıdır, təsadüfi nəticələr deyil".

Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

"Neftçi"nin ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında Macarıstanın "Uypeşt" klubuna biabrçı (0:4) məğlubiyyətinə münasibət bildirən keçmiş FİFA referisi klub rəhbərliyini səriştəsizlikdə günahlandırıb:

"Qəbələ", "Keşlə"  zəif "cırtdan" ölkələrin klubları ilə bacarmadı. "Neftçi"nin vəziyyəti isə tam fərqlidir. Bir var "qəza", bir var "zirzəmi". Qəza hər bir klubun başına gələ bilər. Flaqmanın Budapeşt faciəsi qəza deyil, illərdi "Neftçi"ni idarə edənlərin təfəkkür zirzəmisidir. Dörd ilə yaxındır proses davam edir. Qısa müddətdə klubda prezident, vitse-prezident, direktor, menecer, baş məşqçi, köməkçilər, legioner, yerli futbolçularını əlcək kimi dəyişdirilməsilə "Neftçi" tək Azərbaycanda yox, Avropada "rekord"lar vurur. Bunlar futbolu dərindən bilməməyin, kadr islahatlarının bacarığa görə deyil, dost, tanış prinsipi ilə aparılmasının nəticəsidir. "Neftçi" yükünü dərk etməyənlər klubda artıq illərdi "dəllək"liklə məşğudurlar. Onlara nə futbol, nə də ki, "Neftçi" lazımdır. Şəxsi maraqlar daha üstündür. Ən pisi isə, "Neftçi" kiminsə şəxsi vəsaiti hesabına maliyyələşmir, dövlətin, xalqın puludur. Cəzasızlıq, işi bilməmək o həddə çatıb ki, azarkeşlərin hissləri ilə oynayaraq xalqın pulunu istədikləri kimi istədikləri yerə xərcləyirlər.

Növbəti, "ənənə" halını almış dəyişiklərdən sonra 3-4 ay idi "Neftçi" adına dəstəyimizi əsirgəmirdik. Kluba təzyiq olmasın deyə səbr göstərirdik. Təəssüf ki, atılan addımlar tam fərqli idi.
Uzun illərdən sonra birtəhər 3-cü yeri çətinliklə təmin etdikdən sonra baş məşqçi ilə yollar ayrıldı. 10 ildən sonra yüksək müqavilə şərtləri ilə əcnəbi məşqçi gətirildi. Vaxtilə Gedeni gətirənlərin əcnəbi sevgisi tükənməzdir. Bununla da rəhbərlik nəticələrlə bağlı tam məsuliyyəti öz üzərinə götürdü. Artıq hiss olunurdu ki, klub düz yolda deyil.

"Neftçi" tarixi ənənələrinə, öz oyun dəst-xəttinə  malik  komandadır. Əcnəbi məşqçi seçiminə nəzər yetirdikdə, görünürdü ki, pərakəndəlik var, rəhbərlik "Neftçi" ağırlığını dərk etmir. İtalyan Bordin gələr-gəlməz "hücuma" keçərək transferlərlə məşğul olmadığını, bununla bağlı Kamran Quliyev, Ceyhun Sultanov cütlüyünü nişan verdi. Baş məşqçi hücumu "Neftçi"nin adına layiq yaşıl meydanda etməliydi. Macarıstan oyunu göstərdi ki, heç müdafiə olunmağı da bacarmır.

Komanda çox bərbad vəziyyətdə komlektləşib. Avropanı gəzib dolaşandan sonra Yeni Zellandiyadan futbolçulara möhtac olmaq klubda seleksiya, ümumiyyətlə, futbol idarəçiliyinin necə bərbad olduğunun əyani göstəricisidir. Gətirilən legionerlərin 90 faizi nə "Neftçi" səviyyəsində, nə də ənənəvi oyun üslubuna uyğundur.

Acınacaqlı məğlubiyyətdən sonra bəhanələr axtarılır. Petrov taktikanın uyğun gəlmədiyindən danışır. Futbolçu əgər ictimaiyyətə taktikadan dəm vurursa, deməli, ya klubda baş məşqçi yoxdur, ya da sifarişlə danışır. Futbolçunun vəzifəsi meydanda futbol oynamaq, nəticələri təmin etməkdir.
Klub prezidenti isə Bordinin tərəfindədir. Başqa cür ola da bilməz. Zəmanətli 2 illik müqavilə və özlərinin dəstək verdiyi baş məşqçi, onun hesabına Azərbaycan futbolunda "Şerif"lik etmək iddiası... Hələ ki,  "uçastkovı"lıq edə bilmirlər. Məsuliyyət ilk növbədə rəhbərliyin üzərindədir, sonra Bordinin. İtalyan öz ayağı ilə "Neftçi"yə gəlməyib, ayağına düşülüb gətirilib.

Oyundan öncə "futbolçuların gözləri yanırdı", oyundan sonra "arxayınlıq, psixoloji durum yerində deyildi" fikirləri klubun özünün, rəhbərlikdən tutmuş məşqçi, futbolçulara qədər hansı psixoloji durumda, idarəçiliyin nə vəziyyətdə olduğunun göstəricisidir.

İlk oyundan sonra mükafat paylamaq istəyən rəhbərliyin məşqçi, futbolçuların psixoloji durumu hansı səviyyədə olmalıydı ki?!

"Neftçi" "qəza"ya düşməyib, "Neftçi" 3-4 ildir "zirzəmi"dədir. Nə vaxta kimi tarixi kluba şəxsi maraqlar çərçivəsində baxılacaq, belə də davam edəcək".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord