"Biz mərhələni Maltada uduzmuşduq” - Zaur Axundov

"Biz mərhələni Maltada uduzmuşduq” -  Zaur Axundov
ÖLKƏ FUTBOLU 20 İyul 2018 / 00:35 3539
-  A +

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının birinci təsnifat mərhələsinin “Baltsan”la oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, iki matçın nəticəsinə görə komandasının Avroliqada mübarizəni dayandırmasına münasibət bildirən Z. Axundov uğursuzluqda Yuri Maksimovu günahlandırıb.

- “Keşlə” 2-ci qoldan sonra 3-cünü də vura bilərdi. Niyə alınmadı?
- 90 dəqiqə ərzində hücum edib, 8 qol epizodu yaratdıq. Oyundur, elə də olur, belə də olur. Təbii ki, hər şeyin bu cür olmağını istəməzdik. Biz bu turu Bakıda yox, Maltada uduzduq. Hesabın 1:4 olması hər şeyin üstündən xətt çəkdi. Siz özünüz də gördünüz ki, “Keşlə” rəqibdən heç nədə geri qalmadı. Nə oldusa, Maltada oldu. Səfərdə 1:3 uduzsaydıq, burda oyunu apara bilərdik. Hər şey əvvəlki baş məşqçinin səhvlərindən oldu. Hesab 1:3 olarkən, heç bir dəyişiklik etmədi. Hətta 4-cü qolu buraxdıqdan sonra da əvəzetməyə əl atmadı. Bütün dünyada belədir ki, komanda ilk hissədən sonra 2 top fərqi ilə uduzursa, artıq məşqçi gedişata müdaxilə etməlidir. Ancaq Maksimov etmədi, ona görə də mərhələni keçə bilmədik. 3 cavabsız top vurub turu adlamaq çətin idi. Amma ikinci hissəsində ortalarında bir neçə 100 faizlik epizoddan yararlana bilsəydik, bəlkə də hər şey fərqli olardı. Artıq bu oyun keçmişdə qaldı. Nəticə ilə barışmaq lazımdır.

- Uzun illərdir futboldasınız. Yəqin ki, son dəqiqələrdə buraxılan qoldan çox pis oldunuz. Əvvəl də belə bir şey başınıza gəlibmi?
- Əlbəttə, beləşeylər çox olub. Xatırlayırsınızsa, futzalda Sloveniyada Avropa kubokunun oyunu gedirdi. İlk hissədən sonra 3:0 hesabı ilə öndə idik, ikinci yarıda 5 top buraxıb uduzduq. Bunlar təbii hallardır. 14 ildə bu kimi şeyləri çox görmüşəm.

- Bəs “Baltsan” kimi rəqib görmüşdünüzmü? Oyunun çox hissəsini yerdə uzanaraq keçirdilər...
- Feyr-pley qaydalarına əməl etmirdilər. “Keşlə”nin motivasiyasını görürdülər. Bilirdilər ki, vaxtı öldürməsələr, ağır olacaq. Özünüz də gördünüz ki, cəmi 75 dəqiqə meydanda futbol getdi. Bəlkə 70 dəqiqə. 20 dəqiqəsini yerdə uzandılar. Udan komandadır, belə şeylər etməlidirlər.

- Bundan sonra necə olacaq: yeni baş məşqçi gələcək, yoxsa Zaur İsmayılov özü bu işi görəcək?
- Bu oyundan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Biz də bir az özümüzə gələk. Bununla həyat, futbol qurtarmır. Yeni mövsümə hazırlaşacağıq. Az vaxt qalıb. Məşqçi məsələsinə də bir həftə içində aydınlıq gələcək.

- Sizcə, Bahodir Nasimovu transfer etməyə dəyərdimi?
- Bahodir Nasimovun təcrübəsinə inandıq. Amma komandaya gec qoşuldu. Heç birinci oyunda da iştirak etmədi. Təlim-məşq toplanışında da olmadı. Bu gün birbaşa oyuna çıxdı. Bu gün bacardığı 55-60 dəqiqə oldu.

- Yeni transferlər olacaqmı və sizcə, lazımdırmı?
- Təbii ki, olacaq. Arxa xətdə bir az axsayırıq. Eyni futbolçulardı. Müdafiəni imkan dariəsində gücləndirmək istəyirik.

Daha çox


Son xəbərlər