"Ab-hava çox xoşuma gəldi" - Abdulla Zubir

"Ab-hava çox xoşuma gəldi" -  Abdulla Zubir
XƏBƏR 19 İyul 2018 / 00:50 6778
-  A +

“Mürəkkəb komandaya qarşı oynadıq. Çətin oyun oldu. Növbəti mərhələyə adlamaq üçün qol buraxmamalıydıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə cavab oyunundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir deyib. Ağdam klubu doğma meydanda qolsuz heç-heçə edərək adını növbəti mərhələyə yazdırıb. Oyunla bağlı fikirlərini açıqlayan futbolçu bu mərhələ üçün qarşıya qoyulan hədəfə çatdıqlarını bildirib:

“İlk hissədə topa nəzarət bizdə olsa da, çətin idi. Rəqib topu ələ keçirən kimi qapımıza doğru gəlirdi. Əsas odur ki, istəyimizə çatdıq. Qol buraxmadıq və növbəti mərhələyə adladıq”.

“Qarabağ”ın heyətində Bakıda ilk oyununu keçirən Zubir stadiondakı ab-havadan razı qalıb: “Hər şeydən çox razı qaldım. Bakıda keçirdiyim ilk oyun məndə xoş təəssüratlar oyatdı. Stadiondakı ab-hava, azarkeşlər, bir sözlə hər şey möhtəşəm idi. Onlar daim bizi irəli səsləyirdilər. Ümumi ab-hava çox xoşuma gəldi. “Qarabağ”da oynadığım üçün xoşbəxtəm”.

Oyun ərzində fəallığı ilə seçilən fransız yarımmüdafiəçi bəzi epizodlarda zərbə vurmaq əvəzinə, driblinq etməyə üstünlük verirdi. Zubir bunun əvvəllər futzalla məşğul olması ilə bağlı olmadığını söyləyib: “Futbola futzaldan gəldiyim doğrudur. Amma zərbə vurmaq üçün həmişə əlverişli məqam olmur. Bunun üçün qabağında boşluq olmalıdır. Amma istənilən halda, meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.

“Qarabağ” 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. Təcrübəli futbolçu həmin oyunlara da qələbə üçün çıxacaqlarını vurğulayıb: “İstənilən oyuna qələbə üçün çıxırıq. Bizə növbəti mərhələyə adlamaq üçün yaxşı nəticə lazımdır. “Kukesi” ilə matçda da meydana bunun üçün çıxacağıq”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı