“Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov

“Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – <b style="color:red"> Asif Məmmədov</b>
MÜSAHİBƏ 16 İyul 2018 / 16:00 2517
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə ilk oyunu (0:2) haqda danışan vitse-kapitan Lüksemburq təmsilçisi ilə keçiriləcək cavab matçı barədə də fikirlərini bildirib.

- Artıq “Proqres”i tanıyırsınız. İlk oyuna əsasən rəqibi necə təqdim etmək olar?

- İlk oyunda uduzmuşuqsa, deməli, yaxşı komandadır. Ancaq o rəqiblərdən deyil ki, biz onları keçə bilməyək. “Proqres”i keçməyə qadirik və buna borcluyuq.

- İlk oyunda hansı komanda gözlənildiyi kimi çıxış etmədi – siz yoxsa “Proqres”?

- Rəqib gözlədiyimiz kimi oynadı. Qeyri-adi heç nə etmədilər. Doxsan dəqiqə ərzində qapımıza cəmi 2-3 dəfə yaxınlaşdılar ki, onun biri qolla nəticələndi, bir də penalti ilə. Qolu öz səhvimizdən buraxdıq. Qapıçı ilə müdafiəçi arasında anlaşılmazlıq oldu. Penaltini də öz səhvimizdən etdik. Bir sözlə, kobud səhvlərimizdən sonra rəqib qol vurdu. Sadəcə, biz öz oyunumuzu oynamadıq. Həmişəki kimi oynasaydıq, böyükhesablı qələbə qazanardıq.

- Lüksemburq təmsilçisinə məğlubiyyətinizi baş məşqçinin təcrübəsizliyi ilə əlaqləndirənlər də var. Səncə, uduzmağınızda baş məşqçi amili nə dərəcədə rol oynadı?

- Məncə, düzgün fikir deyil. Baş məşqçimizin əlində olan futbolçular budur. Bizə tapşırığını vermişdi. Meydana çıxıb, bizim yerimizə nəsə edəsi deyildi. Deyək ki, baş məşqçi təcrübəsizdir, onda belə çıxır ki, futbolçular da təcrübəsizdir? Əsas futbolçulardır. Baş məşqçi futbol oynamır, qıraqdan durub baxr. Sənan Qurbanov  yenicə baş məşqçi təyin olunub. Onun üstünə bu qədər getmək lazım deyil. Bu, yaxşı hal deyil.

- Heyətdə dəyişiklik edilib. Yəqin ki, yeni futbolçuların komandaya hələ uyğunlaşmaması da oyununuza təsir edir.

- Ola bilər. Təzə oyunçulardır. İlk dəfə idi Qəbələdəydilər. Qəbələnin havası bir az ağırdır. Demirəm ki, sırf buna görə uduzduq. Ancaq bu amillərin də təsiri ola bilər.

- Filipp Ozobiç kimi oyun qurucusu, Baqali Dabo kimi bitirici hücumçunun yoxluğu meydanda çox hiss olunur?

- Yeni transferlərimizin də Avroliqa təcrübəsi çoxdur. Qrup mərhələsində oynayanları da var. Adını qeyd etdiyiniz futbolçular olanda da bəzən oyunumuz alınmırdı. “Proqres”ə uduzmuşuqsa, deməli, hamımız pis oynamışıq.

- Baqali Dabo “Uypeşt”lə  oyunda dubl edərək “Neftçi”ni xilas etdi. Belə bir hücumçunuzun getdiyinə təəssüfləndiniz? 

- Hücumçunun işi qol vurmaqdır. Bizdə oynasa, daha yaxşı olardı, ancaq nə etmək olar? Getdisə, yolu açıq olsun. Təəssüflənmədik. Yəqin ki, bizim hücumçular da qol vurar.

- “Qəbələ”nin əsas problemi ön xətdədir. “Proqres”lə oyunda bunun şahidi olduq. Komanda görüşün sonunadək hücumda olsa da, son nöqtəni qoyan olmadı.

- Bəli, əsas çatışmazlığımız bununla bağlıdır. Tədricən bu da düzələcək. Əsas hücumçumuz Rauf Əliyevdir. Onu qınamıram, 6 ay futbol oynamayıb. Ona bir az vaxt lazımdır. İnanıram ki, komandamıza
böyük köməyi olacaq. Getdikcə özünə gəlir. Bir qol vursa, ardı gələcək.

- “Proqres”lə ilk oyundan sonra baş məqşçi Sənan Qurbanov və “Qəbələ” futbolçuları əminliklə bu komandanı “keçə bilərik” dedi. Bu əminlik hardandır?

- Bu cür əminlik yaxşı haldır. Düşünürük ki, evdə 0:2 hesabıı ilə uduzsaq da, bu rəqibi keçməliyik. “Proqres”in gücünə bələd olduq. Şəxsən mən inanıram ki, çox demirəm, 60-70  faiz öz oyunumuz oynasaq, səfərdə qalib gəlib, mərhələni keçə bilərik.

- Yəni rəqibdən birbaş üstünsünüz?

- Rəqibi kiçiltmək istəmirəm. Bizi öz meydanımızda udublar. Nə qədər desəm ki, biz onlardan güclüyük, düzgün qəbul olunmaz. Deyə bilərlər ki, güclüydünüzsə, evdə udardınız bu komandanı. Amma meydandan olan mən idim, bilirəm ki, məğlub ediləsi rəqibdir.  Tək mənim yox, bütün komandamızın ümidi var ki, qalib gələ bilərik.

Ramiq AĞAMƏMMƏDOV 
 

Daha çox


Son xəbərlər