"VAR sistemi hakimləri gözdən salır" – Anar Salmanov

"VAR sistemi hakimləri gözdən salır" – Anar Salmanov
ÖLKƏ FUTBOLU 5 İyul 2018 / 15:17 3275
-  A +

Azərbaycanın keçmiş FİFA hakimi Anar Salmanov Qol.az-a müsahibə verib. Rusiyada davam edən dünya çempionatı və oradakı idarəçiliklə bağlı fikirlərini bildirən referi VAR (videotəkrar) sisteminə də toxunub.

- Əvvəlcə dünya çempionatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Çox gərgin mübarizəyə şahidlik edirik. Argentina, Almaniya, İspaniya, Portuqaliya kimi komandalar dünya çempionatından kənarda qalıblar. 1/4 finala elə komandalar çıxıblar ki, onların bu mərhələyə gələcəklərini heç kim gözləmirdi. Gözlənilməz nəticələr qeydə alındı. Latın Amerikası ölkələri öz sözlərini deyirlər. Düzdür, Argentina zəif çıxış etdi. Heç onların qrupdan çıxacaqlarına inam az idi. İddialı komandaların mundialdan kənarda qalması sensasiya oldu.

- Bəs mundialdakı hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz? Xüsusilə VAR (videotəkrar) sistemindən istifadə birmənalı qarşılanmır...

- Bilirsiniz ki, bu dünya çempionatına VAR sistemi əlavə olundu. Hələ tətbiq olunmamışdan əvvəl mən bunun əleyhinə idim. Çünki insan amili olan yerdə həmişə səhv olacaq. Hakimlərin meydandakı avtoritetliyi VAR sistemi ilə aşağı səviyyəyə düşəcək. Artıq hakimlərə inam itib. Məsələn, Byörn Kyupers 5 metrdən Neymarın epizodunu görüb penalti təyin edir. Videotəkrara baxdıqdan sonra isə həmin qərarını ləğv edir. Hamı görür ki, hakimin mövqeyi əladır. Həmin mevqedən görüb verdiyi qərarı təkrara baxdıqdan sonra dəyişirsə, sabah həmin komnadaların, futbolçuların ona inamı qalmayacaq. Ümumiyyətlə, bu dünya çempionatında hakimlərin əsas səhvləri nədir? Birincisi, VAR (videotəkrar) sistemidir. Misal üçün, Portuqaliya – İran oyununda hakim avropalıların qapısına penalti təyin etmirdi. Heç orda 11 metrlik zərbədən söhbət gedə bilməzdi. Ancaq bunlar onu çağırdılar və fikrindən yayındırdıar. O da səhv qərar verdi və penalti təyin etdi. Bir oyunu ümumilikdə 9 hakim idarə edir. Hamısına cavabdeh isə baş hakimdir. Düzdür, VAR sistemi bəzi oyunlarda kömək etdi. Amma bu sistem ədalət prinsiplərini qoruduğu qədər, hakimlərin də fikrini yayındırır. Onları meydanda laqeyd olmağa vadar edir.

- Siz bu sistemin əleyhinə olsanız da, FİFA Hakimlər Komitəsinin sədri Pyer Luici Kollina VAR-ın ədalət prinsiplərinin qorunmasında ideala yaxın olduğunu etiraf edib...

- Bu, mənim şəxsi fikrimdir. Ümumiyyətlə, hakim səhv qərar verəndə inspektorlar qiyməti həm də hakimin mövqeyinə görə verirlər. Hardasa 50/50-yə idi. Onlar hakimin mövqeyinə arxalanırlar. Bəs hakimin mövqeyi ideal olanda, ancaq sonradan videotəkrara baxıb qərarını dəyişəndə necə olur? Düzdür, müəyyən epizodlarda VAR sistemi kömək edir, mən razıyam.

- VAR sitemi sanki hakimlərdə arxayınlıq yaradıb. Bəzi yüzfaizlik epizodlarda belə penalti verməyə çəkinirlər. Sanki düşünürlər ki, voideotəkrar var, lazım olsa, ora baxıb qərar verəcəklər...

- Mən də elə onu nəzərdə tuturam. Bir sual verim sizə. Almaniya – İsveç oyununda niyə İsveçə qarşı VAR sistemindən istifadə olundu, ancaq Almaniyaya qarşı istifadə olunmadı? Demək istəyirəm ki, bu, insan amilidir. Yuxarıda oturan 5 nəfər hakimə demir ki, bu qərarı ver. Onlar hakimi çağırır və deyirlər ki, bizim fikrimizcə, burada penalti var. Hakim gəlib baxandan sonra son qərarı yenə özü verir. Niyə yuxarıda oturanlar Almaniyanın qapısına penalti təyin olunmalı epizodda baş hakimi çağırıb heç nə demədilər? Portuqaliya – İran oyununda bunun şahidi olduq. Bu, futbolun dinamikasını azaldır, hakimi gözdən salır.

- Azərbaycan çempionatında da tez-tez hakimliklə bağlı qalmaqallar, söz-söhbətlər olur. Sizcə, indiki məqamda VAR sisteminin ölkə futbolunda tətbiqinə ehtiyac varmı?

- Bugünkü məqamda buna ehtiyac yoxdur. Çünki komandaların səviyyəsi elə yüksək deyil. Oyun ərzində 1-2 dəfə istifadə oluna, ya olunmaya. PFL prezidenti Ramin Musayev deyir ki, bunun üçün 2 milyon vəsait lazımdır. Hazırkı büdcə isə buna imkan vermir. Bəs yaxşı UEFA-dan hakimlərin inkişafı üçün 120 min avro pul gəlir. O, hara gedir? Yazıq hakimlər neçə ildir solğun formalar geyinirdilər. Digər tərəfdən, əslində bizdə də istifadə olunmalıdır. Çünki sabah hakimlərimiz avrokubok oyunlarında VAR sistemini idarə etməyə gedəndə bir-birinin üzünə baxacaqlar. Min yerə pul xərclənir. Niyə bu sistem alınmasın ki?

- Hakimlərin Bolqarıstanda keçirilməli olan təlim-məşq toplanışı ləğv olundu. Bu amil növbəti mövsüm yerli referilərin idarəçiliyinə nə dərəcədə təsir edəcək?

- Neyləsinlər? Büdcədə pul yoxdur. Xaqani Məmmədova sual vermək lazımdır ki, hanı o 120 min avro? Elə ölkələr var ki, hakimləri təlim-məşq toplanışına getmirlər. Mən də razıyam ki, yayda hakimlərimiz xarici ölkələrdə hazırlıq keçməsinlər. Bunun səbəbi var. Təlim-məşq toplanışının əsas məqsədi hakimlərin nəzəri, fiziki vəpraktiki hazırlığının artırılmasıdır. Əgər sən Bolqarıstanda 5-10 oyun idarə edəcəksənsə, praktiki hazırlıq olmayacaqsa,  bunu elə Azərbaycanda da keçmək olar. Amma qış toplanışı faydalıdır. Çünki orada 70-ə yaxın oyun idarə edirlər. Hakimlərə şərait yaratmaq, onların arxasında dayanmaq lazımdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord