Azərbaycanlı mütəxəssislər Argentina haqda – “Daxildə anarxiyadır”

Azərbaycanlı mütəxəssislər Argentina haqda –  “Daxildə anarxiyadır”
ÖLKƏ FUTBOLU 22 İyun 2018 / 15:17 5273
-  A +

Uzun illərdir böyük turnirlərin favoriti hesab olunan Argentina millisi Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxışı ilə diqqət çəkir. Komandanın kapitanı və lideri Lionel Messi də keçirilən iki oyunda heç nə ilə yadda qalmayıb. Güclü psixoloji təzyiq altında olan "Barselona"lı ulduz futbolçu nəinki qol vurub, heç məhsuldar ötürmə də edə bilməyib. Ötən gün Xorvatiyaya acı məğlubiyyət isə komandanı, xüsusilə də baş məşqçi Xorxe Sampaolini kəskin tənqid atəşinin hədəfinə çevirdi.

İndi cənubi amerikalıların qrupdan çıxmaq şansı təkcə öz əlində deyil. Onlar növbəti turda Nigeriyaya qalib gəlməklə yanaşı, İslandiyanın Xorvatiya ilə matçda büdrəməsinə də ümid etməlidir.

Xorvatiya millisinin düşdüyü bu çətin durum haqda futbol mütəxəssislərimizlə danışdıq.

Əvvəlcə "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanova müraciət etdik. O, uğursuzluqda Argentina Futbol Federasiyasını və millinin baş məşqçisi Xorxe Sanpaolinin günahlandırılmalı olduğunu düşünür:

"Rusiya-2018-ə qarşı antikampaniya aparılsa da, təşkilatçılıq, stadion, azarkeşlərin möhtəşəmliyinin şahidi oluruq. Bütün dünyadan yüzminlərlə azarkeş mundiala axışıb. Dinindən, mənsubiyyətindən asılı olmayaraq, futbol artıq bir idman növünü aşaraq barışıq rəmzinə çevrilib.

Argentina son 40-50 ilin ənənəvi favoritlərindən biri sayılır. Uğursuzluğun səbəbləri var. Milli ümumiyyətlə, dünya çempionatına qatılmaya da bilərdi. Seçmə mərhələnin son turunda çox çətinliklə buna nail oldu. Düşünmək olardı ki, Argentina millisi üçün bir siqnal olacaq və onlar daha yaxşı hazırlıq keçəcəklər.

Favorit millilərin futbolçularının böyük əksəriyyəti Avropanın top-klubları, aparıcı çempionatlarında çıxış edirlər. Ağır mövsümdən sonra demək olar istirahət etmədən futbolçuları fiziki,  psixoloji çempionata hazırlamaq böyük futbol elmi tələb edir. Müasir futbolda bu iki faktor olmadan taktiki gedişlərdən danışmağa dəyməz. Futbolçuların ustalığı isə üst səviyyədədir.

"Sampaolinin böyük psixi problemləri var"

Uzun illərdi Argentinada Messi amili qabardılır. Federasiya, məşqçi işinə qarışdığı bildirilir. İstənilən halda günahkarlar rəhbərlik və baş məşqçidir.

Messi dahi futbolçudur. Bununla yanaşı meydanda 11 futbolçudan biridir. Argentinada davamlı Maradona ilə müqayisə olunması Messinin üzərinə olmazın psixoloji yükünü qoyur. Təəssüf ki, xilaskar rolunda baxılan Messi uzun illərdi təzyiqi üzərindən ata bilmir. Futbol isə komanda oyunudur. Müasir futbolda bir futbolçu tək olaraq oyunun nəticəsini həll edə bilməz.


Tahir Süleymanov

Argentina millisində Messidən başqa kifayət qədər ulduz futbolçular var. Hətta rəqabət, digər amillər o qədər güclüdür ki, mundiala aparılmayanlar da oldu. Belə millinin bərbad oyun sərgiləməsi qəbulolunmazdır. Xorvatiya ilə görüşdən sonra baş məşqçiləri fərdi keyfiyyətli futbolçuların olmasını önə çəkərək meydanda anlaşmanın zəif olduğunu bildirib. Bu mənasız fikirlər məşqçinin Argentina kimi milliyə layiq olmadığının əyani sübutudur. Əlinin altında bu qədər usta futbolçulaın varsa, meydanda komanda oyununu, taktiki gedişləri, fiziki, psixoloji hazırlığı elə baş məşqçi öz korpusu ilə  təmin etməlidir.

Gənclərin dəbə uyğun hərəkət etməsi başadüşüləndir. Baş məşqçinin isə "nakolka"larını texniki zonada nümayiş etdirməsi, ümumiyyətlə, özünü o hala salmasından hiss olunur ki, böyük psixi problemləri var. Sanki bir baykerdir, motosiklı çatışmır. Bayker təfəkkürlü insan meydanda o səviyyədə usta futbolçuları "zaparojest" motoru ilə oynadır. Hazırda baş məşqçi ilə Messinin millidə bir uyğunluğu var - "nakolka"ları...

Baş məşqçi ilk növbədə pedaqoq, psixoloq olmalı, taktiki savadı ilə seçilməlidir. Argentina millisinin bu vəziyyətə düşməsinin əsas səbəkarlarından biri də federasiya rəhbəliyidir. Baş məşqçini də o vəzifəyə gətirən onlardır. Bu gün artıq futbolçuların məşqçiyə qarşı etirazı xəbərləri dolaşır. Futbolçular bu addımı atırsa, deməli, millidə anarxiyadır. Nə rəhbərlik, nə baş məşqçi vəziyyəti idarə edə bilmir. İdarə edə bilsəydilər, milli belə bərbad oynamazdı.

Futbolçuların vəzifəsi meydanda futbol oynamaq, tapşırıqları yerinə yetirmək, nəticələr qazanmaqdır. Hətta ulduz futbolçular olsa belə, doğru işlər görülmədiyi, birliyin olmadığı yerdə uğurlu nəticələr isə ola bilməz”.


Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev isə deyir: 

“Əvvəlcə qeyd edim ki, biz o məşqçilərin və futbolçuların yanında kiçik adamlarıq. Ona görə də onları tənqid etməyimiz etik cəhətdən düzgün olmaz. Ancaq qıraqdan gördüklərimiz haqda danışa bilərik. Sanki Argentina millisi komanda şəklində birləşə bilmir. Daxildə bir parçalanma var. Futbolçuların da əsəbləri üzə çıxmağa başlayıb. Həm baş məşqçi, həm də futbolçular gərginlik içindədir. Belə vəziyyətdə nəticə qazanmaq çox çətindir. Məncə, komandadakı gərginlik bu duruma gətirib çıxarıb. Arxayınlıq da ola bilər. Görürük ki, Rusiya və Xorvatiyadan başqa 1-2 qoldan artıq qol vuran komanda yoxdur. Rəqiblər arasında böyük uçuruma rast gəlinmir. Bu da ulduz futbolçuların yer aldığı millilərin arxayınlığı ilə bağlıdır.


Şahin Diniyev

Sırf baş məşqçini günahlandırmaq olmaz. Futbolçular meydanda nə etdi ki? Futbolçular da nəsə etməyib. Ona görə də komandanın baş məşqçidən narazı qalması düzgün deyil. Bu gün Argentina yaxşı oynasaydı, hamı Sampaolinin heyət seçimini də tərifləyəcəkdi. Futbolun da mənası budur ki, hər şey uğursuzluq olanda yada salınır.

Messi haqda

Bu gün Ronaldodan başqa heç bir komandanın lideri iki oyunda özünü göstərməyib. Ronaldonun da oyunu yoxdur. Sadəcə, onun vurduğu qollar oyunun taleyini həll edir. Ronaldonun qollarına baxın. Birini penaltidən vurub, birində qapıçının kobud səhvi oldu. Qrizmanna, Poqbaya, Neymara baxın. Hər biri 2-ci, 3-cü rollardadır. Bunlar psixoliji təsirdəndir. Məncə, heç bir ulduz futbolçu mundiala həm psixoloji, həm də fiziki cəhətdən hazır gəlməyib. Yəni təkcə Messi yox, bütün ulduz futbolçular mundiala tam hazır deyil. Messinin üstünə bu qədər gedilməməlidir. Ancaq bu da faktdır ki, Messi Xorvatiya ilə oyunda özünə oxşamırdı. 

Biz deyə bilmərik ki, Argentina millisinin daxilində nə baş verib. Ancaq qıraqdan görünən odur ki, komandada əhval-ruhiyyə yaxşı deyil, nizam-intizam yoxdur. Bununla belə, Argentinanın qrupdan çıxmaq şansı bitməyib. Azarkeşlik etdiyim komandalardan biri Argentinadır. Çox istərdim ki, qrupdan çıxsın”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın