"Bu, "Neftçi" rəhbərliyinin fikridir, mənim müqaviləm var" - Kampaz

"Bu, "Neftçi" rəhbərliyinin fikridir, mənim müqaviləm var" - Kampaz
ÖLKƏ FUTBOLU 18 İyun 2018 / 14:09 5800
-  A +

“Neftçi”nin komandadan göndərməyə çalışdığı Mayk Kampaz Qol.az-a müsahibə verib. Paytaxt klubu ilə məsələni həll etmək üçün Bakıya gələcəyini söyləyən kolumbiyalı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

- “Neftçi”dən gedəcəyiniz dəqiqdir?

- Xeyr, hələ heç nə bilinmir. Mənim klubla dekabr ayına kimi müqaviləm var. Elə buna görə də Bakıya qayıdıram.

- Nə vaxt gəlirsiniz?

- Sabah Azərbaycanda olacağıq.

- Deyəsən, tək gəlmirsiniz...

- Əlbəttə, tək olmayacam. Menecerim də mənimlə Bakıya gələcək.

- Bir müddət öncə belə bir xəbər yayılmışdı ki, “Neftçi” sizə 3 ayın maaşını verməklə müqaviləni qarşılıqlı şəkildə pozmağı təklif edib. Siz də razılaşmısınız...

- Bu, onların fikridir. Mənə heç nə deməyiblər. Ümumiyyətlə, bu barədə danışığımız olmayıb. Sadəcə, bilirəm ki, məni komandadan göndərmək istəyirlər.

- Bəs siz özünüz “Neftçi”də qalmaq istəyirsiniz?

- Yenə deyirəm, mənim müqaviləm var. Dekabra kimi komandada qalmalıyam. Amma nəyin necə olacağını indidən deyə bilmərəm. Ona görə də üzrlü sayın. Əvvəlcə hazırkı vəziyyəti yoluna qoymalıyam. Ondan sonra istədiyiniz sualı mənə verə bilərsiniz. Söz verirəm ki, hamısını cavablandıracam.

- “Neftçi”də olduğunuz müddətdə cəmi 14 dəqiqə oynamısınız. Əsas heyətə düşməyinizə nə mane olurdu?

- Səbəbini özüm də bilmirəm. Baş məşqçi şans vermədi. Oynasaydım, özümü yaxşı tərəfdən göstərə bilərdim.

- Dünya çempionatı haqda nə deyə bilərsiniz? Kolumbiya millisi hələ mundialda meydana çıxmayıb. Doğma komandanızın şanslarını necə dəyərləndirirsiniz?

- Kolumbiya dünya çempionatında öz sözünü deməyə hazırlaşır. Heyətdə kifayət qədər güclü futbolçular var. Düşünürəm ki, şansları var. Çünki bu futbolçularla daha yaxşı səviyyəyə çıxa bilərlər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq