Salah tapmacası – mundialda oynayacaqmı?

Salah tapmacası – mundialda oynayacaqmı?
GÜNDƏM 18 İyun 2018 / 12:48 5073
-  A +

Dünən Rusiya və Misir milli komandaları sabah hər iki komanda üçün ciddi əhəmiyyət daşıyan DÇ-2018-in matçında qarşılaşmaq üçün Sankt-Peterburq şəhərinə gediblər. Matç ərəfəsi çoxlarını düşündürən bir sual var – Məhəmməd Salah bu görüşdə oynayacaqmı?

ZƏDƏ

Bu, mayın 26-da Kiyevdə Çempionlar Liqasının finalında baş verdi. “Real”ın müdafiəçisi Serxio Ramosla mübarizə zamanı “Liverpul”lu Salah uğursuzcasına yerə yıxıldı və sol çiynini zədələdi. İndi həmin hadisəyə görə kimin günahkar olmasını müzakirə etməyin heç bir mənası yoxdur. Hazırkı faktın özü narahatlıq doğurur. Misir millisinin liderinin dünya çempionatını buraxmaq riski var.
 


Bununla bağlı ehtimal əvvəldən səslənirdi. Hələ sözügedən finalın gedişatı zamanı BBC-nin jurnalisti Adriano del Monte yazmışdı ki, Salah çempionata hazır olmayacaq. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, belə diaqnoz qoymaq erkəndir. Finalın ertəsi günü Misirin idman naziri Xaled Abdel Əziz hamını sakitləşdirməyə çalışdı. Özünün Feysbuk səhifəsində o yazdı ki, Salahın bərpası 2 həftə cəkəcək. Həmin günün axşamı isə hücumçunun dostu Əli Majar sosial şəbəkədə belə bir mesaj paylaşdı: “Şükür Allaha! Salah üç həftə sonra meydana dönəcək”. İndi belə görünür ki, futbolçunun dostunun verdiyi informasiya daha dəqiq imiş.

İSPANİYADA BƏRPA PROSESİ

Salah özü finaldan bir sutka sonra sükutu pozdu. O, Tvitterdə yazdı: “Bu, çox ağır bir gecə idi. Amma mən döyüşçüyəm. Heç nəyə baxmayaraq, əminəm ki, Rusiyaya gedəcəyəm və elə edəcəyəm ki, siz mənimlə qürur duyacaqsınız. Sizin sevginiz və dəstəyiniz mənə güc verəcək”.

Gecikmək olmazdı. Ona görə də Salah bərpa prosesi keçmək üçün dərhal İspaniyaya yola düşdü. Rəsmi diaqnoz çiyinin zədələndiyini təsdiqlədi. Finaldan düz bir həftə sonra nəhayət, Misirin baş məşqçisi Ektor Kuper də danışdı. Argentinalı mütəxəssis həkimlərin proqnozunun nikbin olduğunu söylədi: “Bütün hesabatlar onu göstərir ki, Salah dünya çempionatında oynayacaq”. Amma konket hansı matçlarda? Bax bunu Kuper dəqiqləşdirmədi.

ƏLLƏ TOXUNMAQ OLMAZ!

İyunun 10-da Misir millisi Salahla birgə Qroznıya getdi. Səfərdən bir gün əvvəl futbolçu etiraf etdi ki, özünü yaxşı hiss edir və Uruqvayla ilk matçda oynamağa ümid bəsləyir. Amma Rusiyaya uçuş zamanı Tvitterdə yayılan bir video yenidən narahatlıq yaratdı. Həmin videoda fanatlardan biri Salahın çiynindən qucaqlayaraq selfi çəkmək istəyir. Bu vəziyyətdən futbolçu narazı qalır, ağrı hiss edir və azarkeşdən əlini çəkməsini istəyir.

Misir Rusiyadakı ilk məşqi Salahsız keçirdi. Növbəti gün isə o, fərdi proqram əsasında məşq etdi.  O, pis görünmürdü. Yüngül qaçır və bəzən çox da hündürə olmadan tullanırdı. Məşqi izləyənlər danışırdı ki, çiynindəki ağrılar Salahı narahat edir. İyunun 11-i idi.

Buna baxmayaraq, komandanın həkimi bəyan etdi ki, Salah Rusiya ilə görüşdə mütləq oynayacaq, Uruqvayla ilk matçda isə onun iştirak edib-etməyəcəyi final fitinə bir sutka qalmış bilinəcək.

İyunun 12-də Salah yenə fərdi qaydada məşq etdi, növbəti gün isə ümumi qrupa qoşuldu. Amma bir şərtlə: Salaha ağır hərəkətlərə icazə verilmədi.  Misirlilər öz qəhrəmanlarını qoruyurdular.

Uruqvayla görüş üçün Yekaterinburqa gələndə Kuper təntənəli şəkildə bəyan etdi ki, Salah birinci oyuna, demək olar ki, hazırdır. Rusiya ilə görüşdə isə iştirakı üçün heç bir problem qalmayacaq. Hücumçu həqiqətən də ümumi qrupda məşq edirdi. Amma Uruqvayla görüşdə o, meydana çıxmadı. Tuneldə çempionatın maskot-oğlanı əlini Salahın çiyninə qoymaq istəyəndə isə futbolçu onun əlini itələyərək geri çevirdi.

FORMANI KOMANDA YOLDAŞLARININ KÖMƏYİ İLƏ GEYİNMƏK



İndi isə Misir millisinin nümayəndələrinin sözlərinə inanmaq çətindir. Vəziyyət ziddiyyətlidir. Uruqvayla matçdan sonrakı məşqdə Salaha forma geyinmək üçün düz üç futbolçu yoldaşı (!) kömək etdi.

Amma ertəsi, bazar günü o, komandası ilə birgə həndbol oynadı və topu sol əli ilə rahat tutdu. Düzdür, bu, onun hələ tam sağalmasının göstəricisi demək deyil. Əsas odur ki, Salah məşq zamanı komanda yoldaşları ilə təmasa girirmi? Həndbol oyunu zamanı Məhəmməd komanda yoldaşlarından bir qədər uzaq dayanırdı. Hər halda belə görünür, təhlükə qalmaqdadır.

Elə həmin günü axşam Salahın agenti Rami Abbas İssa Tvitterdə yazdı ki, Məhəmməd formadadır.

Bəs, o, Rusiya ilə görüşdə iştirak edəcəkmi? Bununla əlaqədar “Sport-eskperss” qəzetinin müxbiri Misir nümayəndə heyətinə müraciət edib. Komandanın mətbuat xidmətinin rəhbəri Üsama İsmayıl Salahın ikinci oyuna yüz faiz hazır olacağını desə də, millinin meneceri İhab Leheta bildirib: "Biz bu suala indi cavab verə bilmərik. Amma Salahın durumu qaydasındadır”.

Başqa bir xəbərə görə, Salah sabah meydana çıxacaq. Amma o, “təmiz toplar”a oynayacaq, yəni rus futbolçularla fərdi mübarizəyə qoşulmayacaq. Lakin əlbəttə, hətta belə bir vəziyyətdə belə, son İngiltərə Premyer Liqanın bombardiri istənilən komanda üçün təhlükəlidir.

Qol.az
(Yazı Rusiyanın “Sport-ekspess” qəzetinin materialları əsasında hazırlanıb)

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı