"Qəbələ"yə borcum var, onu qaytarmağa çalışacağam" - video

"Qəbələ"yə borcum var, onu qaytarmağa çalışacağam" - video
ÖLKƏ FUTBOLU 17 İyun 2018 / 15:57 4900
-  A +

"İlyarımdır burda deyildim, komandadan uzaqda idim. Artıq “Qəbələ”yə qayıtmışam. Həm futbol, həm də yaş mənasında bura mənim böyüdüyüm yerdir. “Qəbələ”yə döndüyüm üçün çox xoşbəxtəm".

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə klubun rəsmi telekanalına açıqlamasında deyib. 1,5 illik fasilədən sonra doğma komandasına qayıdan gənc futbolçu təəssüratlarını bölüşüb:

“Düşünürəm ki, “Qəbələ”yə borcum var. Əsas heyətdə meydana çıxmamışam. Akademiyanın yetirməsi olaraq, bu il borcumu qaytarmağa çalışacağam. Komanda üçün əlimdən gələni edəcəm”.

Roman Qriqorçukun gedişindən sonra baş məşqçi təyin olunan Sənan Qurbanov haqda da danışan B. Mustafazadə onunla işləməyin çətin olmayacağını bildirib: “Sənan müəllimi akademiyadan tanıyıram. O da bizim kimi oradan başlayıb. Həm o, akademiya uşaqlarını, həm də biz onu yaxşı tanıyırıq. Onun tələblərini yerinə yetirməyə çalışacağıq. Məncə, bizim üçün çətin olmayacaq. Çünki bir-birimizi tanıyırıq. Bizim psixologiyamızı, futbolçulara hansı formada yanaşmalı olduğunu yaxşı bilir”.

Millinin toplanışı ilə əlaqədər elə də çox istirahət edə bilməyən futbolçu bunu problem hesab etmir: “Millinin oyunlarından sonra qısa da olsa, istirahət etmək imkanımız oldu. 3-4 günü maksimum dəyərləndirməyə, futboldan bir az kənarlaşmağa çalışdıq. Artıq yeni mövsümün hazırlıqlarına başlamışıq. Biz futbolçuyuq, buna dözməliyik. İşimiz budur, problem olduğunu düşünmürəm. Hazırlığa yüksək ab-havada başlamışıq. Ümid edirik ki, belə də davam edəcək”.

Müdafiəçi komandasının Avroliqadakı hədəflərini də açıqlayıb: “Qarşıdan Avroliqanın təsnifat mərhələsi gəlir. Bu, mənim üçün də bir ilkdir. Avrokuboklarda oynamaq şansı qazana bilərəm. Buna görə xoşbəxtəm. Məşqlərdə əlimdən gələni edəcəyəm ki, Avroliqa oyunlarında meydana çıxım. Komanda olaraq əsas hədəfimiz mərhələlər keçməkdir. İki dəfə qrupa düşmüşük. Yenilənmiş heyətlə mübarizə aparacağıq. Bunu 3-cü dəfə bacarmaq çətin olsa da, ən azından cəhd edəcəyik. Ümid edirəm ki, bacardığımız qədər irəliləyəcəyik”.

Sonda isə azarkeşlərə səslənən B. Mustafazadə onlardan dəstək gözlədiyini söyləyib: “Azarkeşlərə sözüm odur ki, bizi həm Avroliqa, həm də çempionat oyunlarında dəstəkləsinlər. Bu, bizim üçün önəmlidir. “Qəbələ” azarkeşləri heç vaxt öz komandalarından dəstəyini əsirgəmir. İnanıram ki, bu dəfə də elə olacaq.”

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord