"Neftçi"də qalsaydım, nə "Qarabağ"a, nə də milliyə dəvət alardım" – Rahil Məmmədov

"Neftçi"də qalsaydım, nə "Qarabağ"a, nə də milliyə dəvət alardım" – Rahil Məmmədov
ÖLKƏ FUTBOLU 13 İyun 2018 / 16:49 6835
-  A +

“Qarabağ”ın yeni transferi Rahil Məmmədov Qol.az-a müsahibə verib. Ağdam klubuna transferinin təfərrüatlarını açıqlayan gənc müdafiəçi maraqlı məqamlara toxunub.

- Əvvəlcə “Qarabağ”a transferindən başlayaq. Keçid necə alındı?

- “Qarabağ”dan təklif gəldiyini mənə “Səbail”dən dedilər. Sonra Qurban Qurbanovla görüşdüm. Ardınca isə rəsmi müqaviləyə imza atdım.

- Maraqlıdır, Qurban Qurbanovla görüşdə nə danışdınız? Sənə ilk sözləri nə oldu?

- Bu, məşqçi ilə oyunçu arasında olan söhbətdir. Ona görə də nə danışdığımızı demək istəmirəm.

- “Qarabağ”dan təklif almaq sənin üçün gözlənilməz olmadı?

- Açığı, bir qədər gözlənilməz oldu. Çiyin əməliyyatından sonra “Neftçi”də 6 aya yaxın oynamadım. Sonra “Səbail”ə keçdim. Cəmi 4 ay əsas heyətdə yer aldım. Düzdür, müəyyən təkliflər gözləyirdim, amma bu dərəcə tez olacağına inanmırdım.

- Ölkənin ən iddialı klublarından birinə keçdin. Bilirsən ki, “Qarabağ”da əsas heyətə düşmək elə də asan olmayacaq. Necə düşünürsən, özünü doğrulda biləcəksən?

- Qabaqcadan bir söz demək çətindir. Onu deyim ki, “Qarabağ”a kimisə əvəzləməyə gəlməmişəm. Öz oyunumla komandaya xeyir verməyə çalışacam. “Qarabağ”ın aparıcı üzvlərindən biri olmaq istəyirəm. Həm məşqlərdə, həm şəxsi həyatımda hər şeyin ən yaxşısını etməyə çalışacam ki, işlər yolunda getsin. Bilirəm ki, “Qarabağ” elə-belə klub deyil, iddiasını da hamı bilir. Əlimdən gələnin ən yaxşısını edəcəm ki, əsas heyətdə yer alım və özümü doğruldum.

- “Səbail”ə keçəndən sonra öz oyununla Qurban Qurbanovun diqqətini cəlb etdin. Bunun nəticəsində “Qarabağ”a transfer oldun. Hətta milli komandaya belə dəvət aldın. Səncə, “Neftçi”də qalsaydın, belə bir şans qazana bilərdinmi?

- Məncə, “Neftçi”də qalsaydım, nəinki “Qarabağ”, heç milliyə də dəvət almazdım. Bəlkə də gələcəkdə ola bilərdi. Amma hər şeyin bu dərəcədə tez baş verəcəyinə inanmazdım. “Səbail”ə keçidim mənim üçün uğurlu addım oldu.

- “Neftçi”dən hansısa incikliyin var?

- Bu, futbol həyatıdır. Bir mövsüm bir məşqçi olur, gələn mövsüm bir başqası. Ola bilər ki, hansısa səni öz komandasında görmək istəməsin. Nədənsə incimək peşəkarlıq olmazdı. Məşqçilərdə günah görmürəm. Yəqin, kimdənsə zəif idim ki, komandadan göndəriblər. Bu məsələdə heç kimdən incikliyim yoxdur. Əvvəlki məşqçinin taktikasına uyğun idim, oynayırdım. Tərlan müəllim məni quracağı komandada görmək istəmədi. Mən orda qalıb, ehtiyatda oturmaq fikrində deyildim. Həmin vaxt ən ideal variant “Səbail” idi. Sağ olsun Samir Əliyev, rəhbərliklə danışdı, məni istədiyini bildirdi. Nəticədə “Səbail”ə keçdim.

- “Neftçi”dən söz düşmüşkən, komandada baş məşqçi dəyişikliyi oldu. Tərlan Əhmədovu istefaya göndərib, əvəzində italiyalı mütəxəssis Roberto Bordini gətirdilər. Buna münasibətini bilmək maraqlı olardı...

- Bu barədə heç bir söz deyə bilmərəm. Çünki mən “Neftçi”dən gedəndən sonra klub rəhbərliyi də dəyişdi. Heç onlarla da tanış deyiləm. Tərlan müəllimlə də çox işləmədik ki, haqqında nəsə deyə bilim. Yeni məşqçini isə ümumiyyətlə tanımıram. Düzdür, hardasa məşqçi işlədiyini bilirəm, amma yaxın tanışlığım yoxdur. Ona görə də bir söz demək çətindir. Arzu edərdim ki, komandaya xeyirli bir məşqçi olsun, “Neftçi” əvvəlki iddiasını qaytarsın.

- Bir az da millidən danışaq. Bakıda Qırğızıstan üzərində 3:0 hesablı qələbədən sonra Astanada eyni hesabla Qazaxıstana məğlubiyyət bir qədər gözlənilməz oldu...

- Düzü, bu məğlubiyyəti izah etmək mənə bir qədər çətindir. Öz səhvlərimizdən uduzduq. Oyuna yüksək səviyyədə hazırlaşmışdıq. Sadəcə, kobud səhvlərə görə məğlub olduq. Amma əsas odur ki, səhvlərimizdən nəticə çıxara bildik və səfərdə Latviyaya qalib gəldik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər