“Neftçi"ni "Binə", "Sədərək" bazarına çeviriblər" – təyinata reaksiyalar

“Neftçi"ni "Binə", "Sədərək" bazarına çeviriblər" – təyinata reaksiyalar
ÖLKƏ FUTBOLU 8 İyun 2018 / 16:22 8474
-  A +

“Ayaqlarını millətə göstərdilər, görək, özü başını necə göstərəcək”


Nəhayət, “Neftçi”nin yeni baş məşqçisi müəyyənləşdi. Klubun rəsmi saytı bu gün səhər saatlarında Roberto Bordinin yeni mövsümdən “ağ-qaralar”ı çalışdıracağını açıqladı. Paytaxt klubunu 1 xalla götürüb, çempionatın sonunda 46 xalla təhvil verib bürünc medal qazandıran Tərlan Əhmədovun istefaya göndərilib, yerinə qeyri-rəsmi məlumata görə, illik 200 min avro qarşılığında italyalı mütəxəssisin təyin olunması, sözsüz ki, birmənalı qarşılana bilməzdi. Ona görə də rəsmi açıqlamadan dərhal sonra sosial şəbəkələrdə Bordinlə bağlı müxtəlif fikirlər səslənməyə, mülahizələr yürüdülməyə başlandı.

Bəs görəsən mütəxəssislərin bu təyinata münasibəti necə oldu? Reaksiyaları öyrənmək üçün əvvəlcə Ağasəlim Mircavadovla əlaqə saxladıq. Maraqlıdır ki, respublikanın əməkdar məşqçisi son illərdə Moldova “Şerif”ini çalışdırmış Roberto Bordini tanımadığını bildirdi:



Ağasəlim Mircavadov

“Neftçi”yə yeni baş məşqçi təyin olunduğunu bilmirdim, bu gün səhər həmkarlarınızdan biri dedi. Kim olduğunu soruşdum, bildirdi ki, italyandır. Dedim, vallah tanımıram. Əgər təyinat alıbsa, deməli, istəyiblər ki, bura gəlib. Yoxsa onun nə günahı var? (gülür). Adını eşitməmişəm, əvvəllər harda işlədiyini bilmirəm. İşini bilmədiyim üçün nəsə demək çətindir. Hər halda uğurlar arzu edirəm. “Neftçi”dir də, bizim istədiyimiz klubdur. Amma çox qəribə haldır ki, belə bir vaxtda ona 200-250 min  avro pul verirlər. Bu da hardasa 500 min manat edir. Yəqin pul var ki, gətirirlər. Məni maraqlandıran başqa nüanslar var. Aydındır ki, o insan gəlib ancaq birinci komanda ilə işləyəcək. Nə əvəzedici heyətə, nə də akademiyaya fikir verəcək. Çünki xarici məşqçiləri analiz etmişəm, görmüşəm ki, onlar akademiyaya və yaxud əvəzedici komandaya əhəmiyyət vermirlər. Sərəncamında 20-22 futbolçu oldu, qurtardı getdi. Məlum məsələdir ki, onun 6-7 nəfər öz oyunçusu olacaq. Yəqin ki, onları da gətirəcək. Əcnəbi məşqçilərin iş prinsipi budur ki, getdikləri yerə öz futbolçularını da aparırlar. Oynayırlar, pul qazanırlar, sonra da o biri ölkəyə gedirlər. “Neftçi”yə başqa məşqçi lazım idi ki, akademiya, əvəzedici heyətlə sıx əlaqədə olsun. Azərbaycanda yaxşı gənc oyunçular var. Onlarla da ayrıca işləsin. Düzdür, birinci komanda vacibdir, “Neftçi” avrokuboklarda oynayacaq. Orda da uğur qazanmaq lazımdır. Amma qısa zamanda komandanı yenidən formalaşdırmaq, Avroliqada uğurlu çıxış etmək asan olmayacaq. Digər tərəfdən, bayaq da dediyim kimi, əcnəbi məşqçilərin öz futbolçuları olur. Hara gedirlərsə, onları da ora aparırlar. Uğur qazansalar, lap yaxşı, qazanmasalar da, onsuz müqaviləsi var. Sonuna qədər işləyəcək. Göndərilsə, pulunu alacaq. Belə götürəndə Azərbaycan futbolu ilə tanışlıq ona çox da lazım deyil. Özü ilə 6-7 futbolçu gətirəcək və onlarla fırladacaq”.

Sualı ünvanladığımız növbəti şəxs isə Tahir Süleymanov oldu. “Neftçi”nin sabiq vitse-prezidenti Bordinin mətbuatda yazılan məbləğ (illik 200 min avro) qarşılığında uğur qazanmağa borclu olduğunu vurğuladı:


Tahir Süleymanov

“Uzun illərdən sonra "Neftçi"ni əcnəbi məşqçi çalışdıracaq. Azərbaycan klub futbolunda məsuliyyətdən qaçan, özlərinə güvənməyən rəhbərliklər əsasən əcnəbilərə üstünlük verirlər. Yaxın keçmişdə "Neftçi", son illər "Qarabağ" yerli məşqçi, mütəxəssislərlə tarixi uğurlar, çempionluqlar, kuboklar qazanıb. Əcnəbilər arasında yeganə Qriqorçuk qrup üzü gördü. Buna baxmayaraq o da daxildə heç bir titul qazana bilmədi. "Neftçi" son illər bərbad durumdadır. Klubu "Binə", "Sədərək" bazarına çeviriblər. Hər mövsüm rəhbəlikdən tutmuş məşqçi, futbolçulara qədər əlcək kimi dəyişirlər. Biri gedir, digəri gəlir. "Neftçi" yükünü daşıya bilmədiklərinə görə çıxış yolu tapa bilmirlər. Tərlan Əhmədovla 3-cü yeri tutduqdan sonra çox riskli addım atıldı. Təəssüf ki, bu tək idman prinsiplərinə görə deyil, şəxsi münasibətlərlə bağlı idi. "Neftçi"nin yeni rəhbərliyi italyan məşqçiyə xilaskar gözü ilə baxır. Təyinatın, "Neftçi"nin sabahının məsuliyyəti tam olaraq onların üzərindədir. Yerlilərlə nəticələr qazanmış "Neftçi"nin ödənişli Bordinlə daha böyük uğurlar qazanması şərtdir. Rəhmətlik Böyükağa Hacıyevin çempionluq, qruplar dönəmində italyan qədər məvacibi olmayıb. Heç ona yaxın da getməyib. "Neftçi"nin tək yolu çempionluq qazanıb qruplar yolunu tutmaqdır. Bordinin Moldovada işi uğurlu alınıb. Fərq ondadır ki, "Şerif" son illərin "Qarabağ"ı kimi uzun illərdir ölkəsində şəksiz liderdir. İndi isə "Neftçi" liderliyini geri qaytarmalıdır. "Qarabağ"dan bunu almaq heç də asan olmayacaq. Digər tərəfdən namizədlərə baxdıqda pərakəndəlik hiss olunurdu. Adları çəkilən məşqçilərin fərqli futbol baxışları var idi. "Neftçi"nin ənənəvi oyun üslubu var. Baş məşqçi buna sadiq qalmalıdır. Flaqman eksperimentlər məkanı deyil. Çox qısa müddətdə komanda Avroliqaya hazırlanmalıdır. İnanaq ki, italyan məşqçi Azərbaycana gəlib milyonlar qazanaraq heç bir uğur əldə etməyən Adams, Dənizli, Starkov, Gede kimilərinin aqibətini yaşamayacaq. Məqsədi, məramı, niyyəti artıq ilk açıqlamalarından bilinəcək. Azərbaycana ilk qədəm qoyduğunda ayaqlarını millətə göstərdilər. Görək özü başını necə göstərəcək. “Neftçi” üçün uğurlu olsun!”.

Futbol meneceri Erkin İbrahimovun fikrincə isə Bordin uğurlu seçimdir və “Neftçi”yə xeyir verə bilər:


Erkin İbrahimov

“Məncə, Bordinin “Neftçi”yə təyinatı uğurlu alına bilər. Hamı bilir ki, italyan məşqçilər taktiki baxımdan savadlı olurlar. Bu da Azərbaycan futbolunda ən böyük problemlərdən, çatışmayan cəhətlərdən biridir. Bura gələn istənilən əcnəbi məşqçi deyir ki, aşağı yaş qruplarından gələn uşaqlar taktiki sarıdan savadlı deyillər. Bu baxımdan Bordin “Neftçi” üçün çox xeyirli ola bilər. Bundan başqa, o, artıq postsovet məkanında işləyib. Moldova ilə bizim futbolun durumu hardasa oxşardır: stadionlar pisdir, insanların futbola münasibəti Avropadakı kimi deyil. Futbola yuxarı, peşəkar səviyyədə yox, avam kimi yanaşırıq. Yaxşı nəticə olur, tərifləyirik. Pis nəticə olur, tənqid edirik. Bütün bunları nəzərə alsaq, deyə bilərəm ki, uğurlu seçimdir. Hətta deyərdim ki, rumıniyalı məşqçi Marius Şumuditsadansa, Brodinin gətirilməsi daha məntiqlidir. Həm də səhv etmirəmsə, Azərbaycanda heç vaxt İtaliya kimi futbol ölkəsindən məşqçi çalışmayıb. Düzdür, hərdən əcnəbi futbolçular və məşqçilər gəlib burda mentalitet problemi ilə üzləşirlər. Bordin “Napoli”də oynayıb. Bakı ilə Neapol qardaşlaşmış şəhərlərdir. Futbola yanaşma fərqli olsa da, mentalitet hardasa eynidir. Həyata baxışımız demək olar ki, italyanlarla eynidir. İtalyalı futbolçular, misal üçün, hollandlar kimi deyillər. Onların öz temperamentləri var, çılğın adamlardır. Ancaq futbol çox qəribədir. Kim deyə bilərdi ki, Yuri Maksimov gəlib, “Keşlə”ni hardan-hara qaldıracaq. Heç kimdə əminlik yox idi. Azərbaycan futbolu isə yüzqat qəribədir. Belə baxanda, kağız üzərində Bordindən daha da adlı-sanlı və güclü məşqçilər Azərbaycana gəlib, amma heç nə edə bilməyiblər. Bu kimi hallar da olub. Ona görə də risk həmişə var. Bu məsələdə onun klubla əlaqələrinin necə qurulması, münasibəti və ona Azərbaycan futbolu haqda hansı məlumatların veriləcəyi önəmli olacaq”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər