“Qarabağ” çempionatda tək qalıb” – Mahmud Qurbanov

“Qarabağ” çempionatda tək qalıb” – Mahmud Qurbanov
ÖLKƏ FUTBOLU 25 May 2018 / 13:48 5738
-  A +

“Qarabağ”ın asan çempion olmaması üçün ona güclü rəqiblər yaratmaq lazımdır”

Millimizin sabiq məşqçisi Mahmud Qurbanovun Qol.az saytına müsahibəsi

- Topaz Premyer Liqada daha bir mövsümə yekun vuruldu. Çempionatımız ötənilkindən nə ilə fərqləndi?

- Deməzdim ki, ötənilkindən fərqli nəsə oldu. Çünki yenə “Qarabağ” çempion oldu. Sona 4 tur qalmış çempionluğu rəsmiləşdirdi. “Qarabağ”dan başqa, bir qədər “Qəbələ” fərqlənirdi. Mövsüm başlayanda düşünürdüm ki, “Qəbələ” də çempion ola bilər. Ancaq ən güclüsü “Qarabağ” çıxdı. Digər klublar Avroliqa üçün sonadək mübarizə apardı. “Sumqayıt”ın gözəl şansı olsa, bunu əldən verdi. “Kəpəz”in sonuncu pilləyə düşməsi gözlənilməz oldu.

- “Qarabağ” getdikcə daha asan çempion olur...

- Mənə görə, “Qarabağ” bu mövsüm çox asanlıqla çempion oldu. “Qəbələ” də sonadək mübarizə apara bilmədi. Hər şey göz önündədir. “Qarabağ”ın asan çempion olmaması üçün ona güclü rəqiblər yaratmaq lazımdır. Əvvəllər heç olmasa çempionluğa 4-5 iddialı komanda olurdu. İndi çempionat başlayanda hamı “Qarabağ” və “Qəbələ”dən nəsə gözləyir. İndi “Qarabağ” tək qalıb. Ona görə də onların asan çempion olacağı əvvəlcədən də görünürdü.

- Çempionatdakı bu rəqabətsizlik “Qarabağ”ın avrokuboklardakı çıxışına necə təsir edəcək?

- Təbii ki, rəqabətsiz çempionat öz mənfi təsirini göstərəcək. “Qarabağ”ın heyətini qorumasından da çox şey asılı olacaq.

- “Qarabağ” artıq Çempionlar Liqasında 2-ci deyil, 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Sizcə, bunun çempionumuzun turnirdə irəliləməsinə mənfi təsiri ola bilər?

- Məncə, heç bir təsir etməyəcək. Çünki ilk mərhələdə rahat rəqib düşür. Əksinə, oyun təcrübəsi baxımından faydalı ola bilər.

- Sizə doğma olan “Kəpəz”in Premyer Liqanı tərk edərək birinci divizionda iştirakı gözlənilir. Yəqin Gəncə klubunun durumu sizi də üzür.

- Doğurdan da çox üzücü durumdur. Çempionatın əvvəlində heç kim fikirləşməzdi ki, “Kəpəz” birinci diviziona düşəcək. Bu haqda danışmaq bir az mənə çətindir. Əlbəttə, komandanın aşağı liqaya düşməsi yaxşı hal deyil. Futbol ictimaiyyətindən də heç kim istəməz ki, Gəncə futbolsuz qalsın. “Kəpəz” 4 ilə yaxın Premyer Liqada iştirak etmədi. Bunun təsirini gördük. Gəncədə istedadlı uşaqlar daha yetişmədi. Çempionatda 10 komanda olsa, bəlkə də “Kəpəz”i də saxlayarlar. Ancaq bildiyimə görə, yenə 8 komandalı çempionat olacaq.

- Ölkə kubokunun finalında “Qəbələ” və “Keşlə” komandaları üz-üzə gələcək. Favoritiniz var?

- Finalda favorit olmur. Bir oyundan ibarətdir. Mövsümün axırıncı oyunudur. Hər iki komanda var gücünü ortaya qoyacaq. “Keşlə” üçün gözəl şans yaranıb ki, kuboku qazanıb Avroliqaya getsin. “Qəbələ”nin də çempionluğu əldən versə də, titul qazanmaq şansı var. Ötən mövsüm finalda uduzmuşdu. Ona görə də hər iki komanda çox istəklidir. Mənim favoritim yoxdur.

- Millidən ayrıldıqdan sonra işsizsiniz?

- Bəli, heç bir yenilik yoxdur. 

- Təkliflər var?

- Yox.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı