"Gedişimin "Neftçi" və Samir Abasovla əlaqəsi yoxdur" - Amil Yunanov

"Gedişimin "Neftçi" və Samir Abasovla əlaqəsi yoxdur" - Amil Yunanov
ÖLKƏ FUTBOLU 22 May 2018 / 16:00 6379
-  A +

"Sumqayıt"dan ayrılan Amil Yunanov Qol.az-a müsahibə verib. 3 ildir oynadığı komandadan gedişinin səbəblərini açıqlayan gənc hücumçu milli komandaya yenidən dəvət almasından da danışıb.


- "Sumqayıt"dan ayrılmağın dəqiqləşib?

- Bəli, artıq komandadan ayrılmışam.

- Gedişin bir qədər gözlənilməz oldu. Niyə ayrıldın komandadan?

- Müqaviləm başa çatmışdı. Qalmaq istəyirdim. Elə rəhbərlik də məni saxlamaqda maraqlı idi. Oturub söhbət etdik. Mən öz şərtlərimi, onlar da öz şərtlərini irəli sürdülər. Müzakirə apardıq, gördük ki, razılaşa bilmirik, yollarımızı ayırdıq.

- Konkret hansı məsələdə razılığa gələ bilmədiniz? Maliyyə, yoxsa...?

- Səbəblər arasında maliyyə də var. Amma təkcə pul deyil, başqa məqamlar da oldu. Ona görə də çıxıb "pul məsələsində razılığa gələ bilmədim" desəm, düzgün olmaz.

- Mövsümün ortasından etibarən adın "Neftçi" ilə yanaşı hallanırdı. Bəlkə bir səbəb də budur?

- Bu sualı mənə çox verirlər. Amma onu deyim ki, ortada heç nə yoxdur. İndi bütün fikrimi milli komandaya yönəltmişəm. Yığmanın oyunlarından sonra hər şey bilinəcək.

- "Zirə" ilə mövsümün son oyunundan sonra Samir Abasov istefa verdi. Baş məşqçinin gedişi sənin qərarına nə dərəcədə təsir etdi?

- Gedişimin Samir Abasovun istefası ilə əlaqəsi yoxdur. Tamamilə öz qərarımdır. Yenə deyirəm, müqavilə şərtlərində razılığa gələ bilmədiyimiz üçün yollarımızı ayırdıq.

- Başqa təkliflərin var?

- Xeyr, hələ ki, heç bir klubdan təklif almamışam.

- Futbolçular adətən başqa variantları olanda komandadan ayrılırlar. Klubsuz qalmaqdan qorxmursan?

- Bunu yaxınlarım da mənə dedilər. İnanıram ki, yaxşı olacaq. Milli komandanın oyunlarından sonra bu barədə düşünəcəm.

- Millidən söz düşmüşkən, Qurban Qurbanov yenidən sənə dəvət göndərdi. Deyəsən, etimadı doğrultmusan...

- Yenidən milliyə çağırılmaq mənim üçün xoş oldu. Bu, baş məşqçinin qərarıdır. Millidə möhkəmlənmək üçün növbəti şansdır. Bundan maksimum yararlanmağa çalışacam.

- Millinin heyətində Moldova və Makedoniyaya qarşı oynadın. Öz çıxışından razı qaldın?

- İlk oyunumu özümü də qane etmədi. Amma ikinci qarşılaşmada normal oynadığımı düşünürəm. Bununla belə, üzərimdə hələ çox işləməliyəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord