Günahkar tək AFFA-dı?

Günahkar tək AFFA-dı?
YAZARLAR 22 May 2018 / 14:55 9820
-  A +

Rəsmi protokola inansaq, Topaz Premyer Liqanın son turunun “Qəbələ” – “Qarabağ” qarşılaşmasını və ya həmin matçdan sonra təşkil olunan mükafatlandırma mərasimini stadiondan cəmi üç min tamaşaçı izləyib.

Mükafatlandırmada çempion “Qarabağ”, vitse-çempion “Qəbələ” ilə yanaşı 3-cü yeri tutan “Neftçi”yə də medallar verildiyini nəzərə alsaq, ortaya acı bir mənzərə çıxacaq. AFFA nümayəndələrinin şişirmə rəqəmləri belə ölkənin bu gün üçün 3 TOP klubunun tribunaya 3000-dən çox azarkeşi güclə yığa bildiyini növbəti dəfə təsdiq edib. Çempionatımızın hansı kökə düşdüyünə bundan yaxşı simvolik yekun ola bilərdimi sizcə?

"Qəbələ" ilə "Neftçi"ni hardasa başa düşmək olar. Bəs, "Qarabağ"? Bu mövsüm son oyunları idi. Çempionluq kuboku ilə mükafatlandırılırdı və deməli, normalda tribunalar dolu olmalıydı. Amma 6 minə yaxın tamaşaçı tutumu olan "Azərsun Arena"da nə qədər azarkeş var idi? 3000 hə?

Bu, artıq problem də deyil, bir ölkənin futbolunun faciəsidi, yəqin ki. Və bu faciənin səbəbkarı, təqsirkarı bizim azarkeşi özünə "Qarabağ"dan, "Qəbələ"dən, "Neftçi"dən daha çox sevdirən "Qalatasaray"la "Fənərbaxça" deyil, əlbəttə.

Problemin qaynağı AFFA-dı deyəcəksiniz, haqlısınız. PFL-di deyəcəksiniz, haqlısınız. Nəhayət, bu iki qurumun ucbatından bölgələrdə futbolsuzluğun yaranmasıdı deyəcəksiniz, yenə də haqlısınız. Amma niyə bizə elə gəlir ki, səbəbkarlar təkcə AFFA ilə PFL-di? Yəni klublarda heçmi günah yoxdu?

Yüksək liqada bölgələrin az təmsil olunmağından danışanda yada ilk düşənlərdən Tovuz olur. Yadınızdadı yəqin, “Turan” ötən ilin elə bu vaxtlarında birinci divizionun qalibi olsa da, AFFA lisenziyalaşdırma məsələsini səbəb, yaxud bəhanə edib onları Premyer Liqaya buraxmadı. Bəs, AFFA-nın bu qərarına etiraz edən kim oldu: bir qrup tovuzlu kasıb azarkeş, bir də beş-altı jurnalist. Bu adamlar AFFA-dan “Turan”ın haqqını tələb edəndə, bir rayonun futbolunun taleyinin həll olunduğu vaxtda isə klubun özünün rəhbərliyi yoxa çıxmışdı. Komandaya pulu buraxan AFFA-dı deyə sakitliklərini hardasa anlayışla qarşılamaq olardı. Heç kimdən federasiyaya müharibə elan etməsi də tələb olunmurdu. Amma istənilən halda, o qədər azarkeşə, futbolçuların çəkdiyi əziyyətə hörmət olaraq, qərarı dəyişmək istiqamətində ciddi cəhdlər etmək mümkün idi. Amma olmadı və görünür, bu da hər ikisinə sərf edirdi – “Turan”ın yerinə özünün qeyri-rəsmi başqa klubu “Səbail”i yüksək liqaya buraxan AFFA-ya da, beş-on manatının kəsilməməsinə razı olub komandalarının birinci divizionda ömür çürütməsini qəbul edən “Turan” rəhbərliyinə də…

İndi də “Kəpəz”in yüksək liqaya buraxılmayacağı söhbəti çıxıb. Az qala bütün Gəncə azarkeşləri öz klublarının birinci diviziona göndərilib şəhərlərinin futbolsuz qalacağının narahatlığını yaşayırlar. Və belə bir durumda klubun rəhbərliyi ağzına su alıb oturub. Nə edirlər, nə etmək istəyirlər bilinmir.

Birinci diviziondan danışanda, əlbəttə, bu turnirin son çempionu “Xəzər”in üzləşdiyi duruma üzülməmək olmur. Yaxşı komanda yaratdılar, qısa zamanda da medianın dəstəyini, rəğbətini qazandılar. Mövsümün sonunda isə Premyer Liqada iştirak hüququ əldə etdilər. Amma elə ki, AFFA “Xəzər”ə də lisenziya verilmədiyini elan etdi, o gündən bu klubun da səsi-sorağı yerli-dibli kəsildi. “Xəzər”in əvəzindən danışan yenə 3-5 jurnalist oldu. Klub rəhbərliyinin qərara etiraz etməsi bir yana, bununla razılaşmadığına dair hər hansı açıqlamasına rast gəlinmədi. Belə olduqda və emosiyalar da bir qədər sakitləşdiyindən ortaya cavabını gözləyən suallar çıxır, təbii ki. Əgər ictimaiyyət “Xəzər”in AFFA-nın bir çox lisenziyalaşdırma tələbini yerinə yetirdiyi halda, Premyer Liqaya buraxılmadığını düşünürsə, o zaman klubun rəhbərliyi özü bu fikirləri təsdiq edən açıqlama niyə vermir? Əlbəttə, klub özü əlini yanına sallayıb susanda haqlı şübhələr də yaranacaq. Məsələn, bəlkə “Xəzər” həqiqətən də AFFA-nın əsas tələblərini yerinə yetirə bilməyib?! Əgər doğrudan da belədisə federasiya rəhbərliyi niyə az qala çarmıxa çəkilməlidi?

Birinci divizionun qalibi “Xəzər”in deyil, beşinci yeri tutan “Sabah”ın Premyer Liqaya buraxılması sonuncunun AFFA-ya yaxın olması fikrinə əsas yarada bilər. Bunun belə olub-olmadığına isə hər halda yeni mövsümün oyunları daha dəqiq cavab verəcək. Amma sabah nə olacağından asılı olmayaraq, futbolumuzun bu günə düşməsinin səbəbkarı həm də klublardı, onların yeri gələndə öz haqqına sahib çıxa bilməməsi, yaxud bunu istəməməsidi.

Bizim futbolda bütün problemin səbəbi bir adam, bir qurumun üzərinə atılmamalıdı. Dərinə gedəndə problem çox adamda, çox instansiyadadı: federasiyada, klublarda. Hamısı bir-birinə zənzirvari bağlıdı və heç nə təsadüfi deyil.

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər