"Bunlar gülməli şeylərdir, AFFA bizi sıxmır" - Rail Məlikov

"Bunlar gülməli şeylərdir, AFFA bizi sıxmır" -  Rail Məlikov
ÖLKƏ FUTBOLU 17 May 2018 / 18:35 3249
-  A +

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada 2017-2018 mövsümün son turunda "Zirə" ilə keçiriləcək vacib oyundan danışan təcrübəli futbolçu komanda ətrafında dolaşan söz-söhbətlərə də aydınlıq gətirib.


- “Sumqayıt” ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra yaxşı nəticələr qazana bilmir. Enişin səbəbini nədə görürsən?

- Nəticə baxımından şanssızlıq var. Qol vura bilmirik. Əlimizə düşən imkanları boşa veririk. Top sanki, qapıya girmək istəmir. Hər bir işdə xeyir var. "Zirə" ilə son oyunumuz qalıb. Bu görüşdə hər şeyin üstündən xətt çəkməyə çalışacağıq.

- Hər iki komanda üçün olduqca vacib qarşılaşma olacaq...

- Əlbəttə. Çempionatın son oyunudur. Bu matça final kimi baxırıq. Elə meydana da bu yanaşma ilə çıxacağıq. Hamı dərk edir ki, bu oyun bizə nə verəcək. Bütün gücümüzü ortaya qoyub, qələbə qazanmağa çalışacağıq. Əlimizə düşən bütün qol imkanlarından yararlanmalıyıq.

- Mövsümü ilk 3-lükdə bitirmək üçün yaxşı şansınız var idi. Hər şey öz əlinizdə idi. Amma bir anda hər şey əleyhinizə döndü. Siz şanssızlıqdan şikayətlənsəniz də, başqa söz-söhbətlər də gəzir. İddiaya görə, AFFA "Sumqayıt"ı sıxır, komandanın avrokuboklara çıxmasını istəmir...

- Bunlar boş şeylərdir. Bizi nə sıxan var, də təzyiq göstərən. Bizim baş məşqçimiz, rəhbərliyimiz var. Hamımız da qələbə qazanıb komandanı daha da irəli aparmaq istəyirik. Kənar qüvvələr bizə heç nə demir, heç nə etmir. Mən hər şeyi şanssızlıqla əlaqələndirirəm. Yaxşı şansımız var idi. Əlimizə düşən fürsətləri boşa verdiyimiz üçün bu yerə gəlib çıxdıq. Adımıza çıxarılan xəbərlər gülməli şeylərdir. Bunu heç bir insana yaraşdırmıram.

- "Zirə"ni məğlub etsəniz, mövsümü 3-cü pillədə başa vurmaq şansınız da var. Amma bunun üçün "Neftçi" Gəncədə "Kəpəz"ə uduzmalıdır...

- Düzdür, oyun Gəncədə olacaq. Amma mən inanmıram ki, "Neftçi" əlinə düşən fürsəti boşa versin. Pis çıxmasın, "Kəpəz" "Neftçi" ilə bizə qarşı oynadığı kimi oynamayacaq. Komandanın Premyer Liqanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Ona görə motivasiyaları da aşağı düşəcək. Amma biz ilk növbədə öz oyunumuza baxacağıq. Qələbə qazanmağa çalışacağıq. "Neftçi"nin nəticəsi bizi çox da maraqlandırmayacaq. Əsas fikrimiz "Zirə" ilə matçda olacaq. Meydanda başabaş mübarizə gedəcək. Xeyirlisi nədirsə, o da olacaq.

- "Zirə"ni udub çempionatı 4-cü sırada bitirsəniz belə, avrokuboklarda iştirak etməyə bilərsiniz. "Keşlə" kubokun finalında "Qəbələ"ni məğlub etsə, Avroliqaya 4-cü komanda kimi məhz bakılılar yollanacaqlar...

- Bəli, şanslar 50/50-yədir. Final oyunundan da çox şey asılı olacaq. Amma indi həmin görüşü fikirləşməli deyilik. Birinci, qarşımıza qoyulan hədəfə çatmalıyıq. Çempionatı bacardığımız qədər yuxarı pillələrdə bitirmək istəyirik. Qələbə qazandıqdan sonra bu haqda düşünmək olar. "Qəbələ" udar, Avroliqaya biz gedərik.

- Ümumiyyətlə, "Sumqayıt" Avroliqada oynamağa hazırdır?

- Əlbəttə ki. Niyə də hazır deyil?! Avroliqaya çıxaq, ondan sonra çatışmazlıqlar barədə fikirləşərik. İnanıram ki, hər şey yaxşı olacaq.

- "Sumqayıt"la müqavilən bu ayın sonunda başa çatacaq. Nə düşünürsən?

- Bizim komandada futbolçuların əksəriyyətinin müqaviləsi mayda bitir. Eləcə də mənim. Hələlik yeni müqavilə haqda söhbət olmayıb. Yəqin ki, mövsüm başa çatdıqdan sonra bunlar müzakirə olunacaq. Təklif eləsələr, qalıb oynayaram.

- Başqa klublardan təkliflərin var?

Yox, hələlik heç nə yoxdur. Heç özüm də maraqlanmıram ki, nə var, nə yox. Fikrimiz mövsümün son oyunundadır. Hamımız "Zirə" ilə matça köklənmişik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı