"Divizionda oynayacağımızla bağlı "Kəpəz"ə rəsmi müraciət daxil olmayıb"

"Divizionda oynayacağımızla bağlı "Kəpəz"ə rəsmi müraciət daxil olmayıb"
ÖLKƏ FUTBOLU 17 May 2018 / 16:55 3202
-  A +

"Kəpəz"in icraçı direktoru Elnur Camalxanov Qol.az-a müsahibə verib. Komandanın gələcək taleyi ilə bağlı fikirlərini açıqlayan klub rəsmisi sonuncu pilləni tutmalarına baxmayaraq, Premyer Liqada qalacaqlarına inandığını bildirib.


- "Kəpəz" Premyer Liqanın son turunda "Neftçi" ilə qarşılaşacaq. Komandanın turnir cədvəlində sonuncu olması və bu səbəbdən də növbəti mövsümdən birinci divizionda çıxış edəcəyi ilə bağlı AFFA-nın qərarı qarşıdakı oyuna necə təsir edəcək?

- Komanda oyuna ciddi hazırlaşır, çempionatda mübarizə hələ başa çatmayıb. Əhval-ruhiyyə də yaxşıdır, futbolçular necə lazımdırsa, elə də məşq edirlər.

- Növbəti mövsümdə birinci divizionda oynayacağınız dəqiqləşib, yoxsa hələ də nəyəsə ümid edirsiniz?

- Bu barədə “Kəpəz” klubunun rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb. Bildiriş almadığımıza görə, biz bu yöndə bir söz deyə bilmərik. Düzü, mən inanmaq istəmirəm ki, "Kəpəz" birinci diviziona düşəcək. Bunu zaman göstərəcək. 

- Bu istiqamətdə rəhbərlik səviyyəsində hansısa işlər görülürmü?

- Konkret olaraq hansı işlərin görülməsini nəzərdə tutursunuz, mən bunu bilmirəm. Yenə deyirəm, ortada rəsmi heç olmadığı üçün gözləyirik.

- Gəncənin yenidən futbolsuz qalması gündəmdədir və bu, ölkə futboluna təsirsiz ötüşməyəcək...

- Bəli, tam olaraq razıyam. Gəncə futbolunun uzun illərə söykənən ənənəsi var. “Kəpəz” Azərbaycan futbolunun tarixində öz dəsti-xətti olan klubdur. Komandamızın Premyer Liqadan I diviziona düşməsi təbii ki, ölkə futboluna təsirsiz ötüşməyəcək. Bununla tək Gəncə yox, ümumiyyətlə, qərb regionu futbolsuz qalacaq. Məncə, bu qədər azarkeş kütləsini nəzərə almaq lazımdır.

- Ümumiyyətlə, "Kəpəz" diviziona düşsə, fəaliyyətini davam etdirəcək? Yunis Hüseynov deyib ki, komanda dağıla bilər...

- Mən Yunis müəllimin nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Aşağı liqaya düşmək həyatla vidalaşmaq demək deyil. Həyat mübarizədir. “Kəpəz” birinci diviziona düşərsə belə, elitaya qayıtmaq üçün mübarizəyə qoşulub yenidən layiq olduğu yerə dönməyə çalışacaq. “Kəpəz” ruhdan düşməyəcək.

- Bir müddət öncə Gəncə şəhər stadionunda yenidənqurma və təmir işləri başlamışdı. AFFA-nın məlum qərarından sonra işlər dayandırılıb, yoxsa hələ davam edir? Davam edirsə, bugünə qədər nə kimi işlər görülüb?

- Hər şey qaydasındadır, təmir-bərpa işləri davam etdirilir. Stadionun özündə, bazada nəzərdə tutulan işlər görülür. Əlavə meydançaların salınması üçün hazırlıq işləri gedir.

- Bölgələrin futbolsuz qalması, son olaraq "Kəpəz"in də Premyer Liqada iştirak etməməsinə dair qərarın verilməsi, əyalət azarkeşlərini özündən çıxarıb və artıq AFFA əleyhinə, xüsusilə Elxan Məmmədova qarşı genişmiqyaslı kampaniya başladılıb. Elə "Neftçi" ilə qarşıdakı oyunda da böyük etiraz dalğası gözlənilir. Bu barədə nə deyə bilərsiniz?

- Mən azarkeşləri səbrli və təmkinli olmağa çağırıram. Premyer Liqa da, I divizion da bizimkidir. Bu yarışların hər ikisi Azərbaycana aiddir və bir bayraq altında fəaliyyət göstərir. Bu o demək deyil ki, aşağı liqada çıxış edən klubların azarkeşləri bu şəkildə təpki göstərməlidirlər. Xeyr, səbrlə öz işimizi davam etdirməliyik. Nəzərə almaq lazımdır ki, AFFA neçə illərdir komandaya maliyyə dəstəyi verir. Şəhər stadionunda beynəlxalq standartlara cavab verən təbii örtüyün salınmasına köməklik göstərib. Yenə də yekun rəsmi qərarı gözləyək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər