Qurban Qurbanovun “Burda oynamaq istəmirlər” fikrinə reaksiyalar

Qurban Qurbanovun “Burda oynamaq istəmirlər” fikrinə reaksiyalar
ÖLKƏ FUTBOLU 15 May 2018 / 18:00 7253
-  A +

Milli komandamız və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu günlərdə Qol.az-a verdiyi geniş müsahibədə (müsahibə burada) Azərbaycan futbolu üçün bir neçə problemə toxunub.

Yerli çempionatın səviyyəsindən, komanda və azarkeş sayının azlığından narahatlığını dilə gətirən mütəxəssis məhz bu kimi səbəblərə görə ölkəyə səviyyəli legioner gətirməyin çətin olduğunu bildirib. O deyib:

"Elə futbolçu olub ki, biz ona daha çox pul təklif etmişik, amma bura gəlmək istəməyib. Çünki çempionatda komandanın sayı, azarkeş azlığı, meydançalarımızın durumu və sair bu kimi məqamlar var. O futbolçu ona bizimlə eyni məbləğdə pulu verən Rusiya, Belçika klublarını qoyub, bura gəlməz. Hətta Portuqaliyanın autsayder komandalarına gedirlər, nəinki bura. Ona görə transfer məsələsi bizim qazandığımız pulun üzərində qurulmayıb. Problem futbolçuya çox, ya az pul təklif etməyimizdə deyil. Problem ölkədə futbolunun nüfuzu ilə bağlıdır. Futbolçu baxır ki, “Qarabağ” oynayır, tribunada 500-1000 nəfər azarkeş var. Onlar hər şeyə diqqət ayırırlar. Hamısı deyir ki, Bakı dəyişib, çox gözəl şəhərdir. Amma başqa çempionatlarda iştirak etmək istədiklərini deyirlər".

Bəs görəsən, futbol adamları və menecerlər Q.Qurbanovun bu fikirləri haqda nə düşünürlər? Qol.az saytı bununla bağlı onlardan bəzilərinə müraciət edib.

Ağasəlim Mircavadov (əməkdar məşqçi):

"Qurban Qurbanovun fikirləri ilə tamamilə razıyam. Bu gün ölkəyə səviyyəli legioner gətirmək çox çətindir. Nəinki bu gün, hətta mən məşqçi işlədiyim vaxtlarda belə olub ki, futbolçulara təklif göndərmişik, amma çempionatın səviyyəsini, azarkeş sayını biləndən sonra bura gəlməkdən imtina ediblər.



Hələ o vaxt əcnəbi futbolçular daha çox maliyyəyə fikir verirdilər. İndi isə pulla yanaşı, çempionatın səviyyəsini, azarkeş sayını və hətta meydançaların vəziyyətini də nəzərə alırlar. Ona görə də ilk növbədə çempionatın səviyyəsini yüksəltməli və azarkeşləri stadionlara cəlb etməliyik. Düzdür, klubların sayı da önəmlidir. Amma əsas olan kəmiyyət yox, keyfiyyətdir. 8 komandalı belə olsa, Premyer Liqada sağlam rəqabət, mübarizə olmalıdır. Ölkəyə səviyyəli legionerlər gəlməlidir ki, gənc nəsil onlara baxıb, nəsə öyrənə bilsin".


Səbuhi Səfiyarlı ("Qəbələ" klubunun meneceri):

"Tamamilə haqlı iraddır. Biz də dəfələrlə belə hallarlarla rastlaşmışıq. Hətta ən axırıncı transferlərimizdən Deyv Bultuisi qeyd edə bilərəm. Yayda komandaya cəlb etmişdik. Amma özünü yaxşı tərəfdən göstərə bilmədi. Halbuki onu "Nürnberq"dən almışdıq. Bizdən Hollandiyanın güclülər dəstəsinə getdi. Azərbaycana gəlmək istəmirdi. Deyirdi ki, oyunlara azarkeş gəlmir. Narazılıq edirdi. Qəbələ ilə maraqlanmışdı ki, mərkəz deyil.



Bildirmişdi ki, burda oynaya bilmərəm. İnad edib gətirdik, amma 6 aydan sonra gördük ki, nə bizdə alınır, nə də onda. Çıxdı getdi. Digər transferimiz Endi Hallidey də Şotlandiyadan bura gələndə tərəddüd edirdi. Ordakı hər oyuna 20-25 min azarkeş gəlir. Azərbaycanda boş tribunalar qarşısında oynayanda isə həmin motivasiya olmur. Azarkeş onlar üçün böyük amildir. Adicə, 2 nəfər domino oynayanda o qədər həvəs olmur. Amma kənardan 2-3 nəfər baxanda başqa həvəslə oynayırlar.

Legioner futbolçu üçün birinci növbədə maliyyədir. Gərək, qat-qat artıq pul verək ki, çatışmazlıqları nəzərə almasın. Bizim klublarda belə imkan yoxdur. Çox az fərqlə artıq pul təklif edə bilirik. Onda da başlayırlar müqayisə aparmağa ki, buna görə nələrdənsə keçməyə dəyərmi. Məsələ bundadır. Biz də o qədər çox pul verə bilmərik ki, onlar bu amilləri nəzərə almasınlar. Əslində böyük pullar verib gətirilən futbolçular da olub. Ancaq onlar istənilən oyunu göstərə bilməyiblər. Hansısa legionerə qat-qat artıq pul vermək də düzgün deyil. Çünki komandadakı balansı pozur. Ona görə də azarkeş, futbol mühitinin olmaması çox böyük amildir. Çünki olub ki, futbolçuya yaxşı pul təklif etmişik, sırf azarkeş amili, çempionatın səviyyəsinə görə gəlmək istəməyib. Bizdə Fakundo Perreyra var idi, PAOK-dan 1 illik gəlmişdi, 6 aydan sonra getdi. Deyirdi ki, məlum səbəblərdən burda oynaya, yaşaya bilmirəm. Bir də süni meydançalara görə getmək istəyirdi. 6 aydan sonra bizə müraciət etdi, biz də başa düşdük ki, alınmır, getməyinə icazə verdik. Belə hallar çox olub".

Erkin İbrahimov (futbol meneceri):

"Qurban müəllimin dediklərində həqiqət var. Həmişə elə bilirdik ki, Azərbaycan futbolunda pul varsa, istənilən legioneri gətirmək olar. Ancaq belə deyil. Düzdür, üstünlüklər də az deyil. Məsələn, bilirlər ki, gəlib Bakı kimi şəhərdə yaşayacaqlar. Dünən bir futbolçu ilə danışmışam. Deyir ki, Azərbaycana, deyək ki, 5 manata gedərəm, Qazaxıstana isə iki dəfə baha qiymətə - 10 manata. İnanmıram ki, bəzi legionerlər sırf 8 komandalı çempionat olduğu üçün bura gəlmək istəməsinlər. Legionerin çox da vecinədir ki, 8, yoxsa 18 komandalı yarışdır. Məndə belə bir şey olmayıb.



Çempionatın səviyyəsi və azarkeş amilinə isə fikir verirlər. Amma əsas puldur. Məsələn, "Qarabağ" hansısa futbolçuya 500 min verirsə, həmin futbolçu eyni məbləği verən Türkiyə klubuna gedəcək ki, superliqada normal stadionlarda, mühitdə oynasın. Özünü normal futbolçu kimi hiss edər. Azərbaycanda isə bu bir qədər çətindir. Çünki ajiotaj azdır. Harasa gedirlərsə, tanımırlar. Medianın diqqəti də lazımı səviyyədə deyil. Ümumiyyətlə, futbolçular adətən şöhrətpərəst olurlar. Belə şeyləri görməyəndə Türkiyə, Rusiya kimi ölkələrə üz tuturlar. Digər tərəfdən, bu ölkələrdən daha səviyyəli çempionatlara getmək asandır. Bu kimi amillər var. Meydançaların süni olması da əsas göstərici deyil. Burda fərdi yanaşma var. Elə futbolçu var ki, həkim ona süni örtükdə oynamağa qadağa qoyur. O da maraqlanır, öyrənəndə ki, mövsüm ərzində oyunların 50 faizini süni meydanda oynayacaq, razılaşmır. Ancaq bu, nadir hallarda olur. Əsas məsələ maliyyə, çempionatın səviyyəsi və azarkeş amilidir. Bu məsələdə Qurban Qurbanovla razılaşaram.

Son vaxtlar ölkəyə səviyyəli legionerlərin az gəlməsi maliyyə ilə bağlıdır. Əvvəllər "Bakı", "Xəzər Lənkəran" kimi klublar var idi. Amma pul həmişə keyfiyyət demək deyil. Məsələn, "Neftçi"nin o vaxt seleksiyası güclü olsa da, ən çox pulu mənasız bir futbolçuya - Emil Mpenzaya xərcləyiblər. Amma götürək "Zirə"ni. Adamlar az maliyyə ilə maksimum dərəcədə mümkün olanı, inanılmazı edirlər. Misal üçün, mənim gətirdiyim Yovan Krneta "Neftçi"nin müdafiəçilərindən daha az maaşa oynayır. Gəlin, baxaq görək, o, bu günə qədər "Neftçi"yə gələn müdafiəçilərdən zəifdirmi? Klublarımızda olan maliyyə ilə daha yaxşı futbolçu gətirmək olardı. Bunu öz adıma deyirəm və əminəm. Bizim futbol adamlarımız, məşqçilərimiz bəhanələri çox sevirlər”.

Erkin İbrahimov “Qarabağ”dan Dino Ndlovunu getməsinə və Riçard Almeydanın klubdan ayrılmaq istəməsinə də toxunub:

“Burda qeyri-adi nəsə yoxdur. Təbii ki, gedəcəklər. "Qarabağ"ın Çempionlar Liqasında qrupa düşməsi möcüzə idi. Arzu edək ki, hər il olsun. Amma real danışsaq, belə olmayacaq. Riçard hələ qışda getmək istəyirdi. Yaşı 30-a yaxınlaşır, başa düşür ki, pul qazanmaq lazımdır. O, sırf pul amilinə görə gedir.

Legioner futbolçunun alternativi, başqa təklifi varsa, o zaman çempionatın səviyyəsini, azarkeş amilini nəzərə alır. Ancaq digər variantı olmayan futbolçu heç nəyə baxmayacaq, gələcək. Kiçik klublar bu cür problemlə üzləşməməlidir. Burda başqa bir problem var. Məsələn, qışda "Keşlə"yə futbolçu gətirəndə deyirdim ki, burda maaşlar belədir, inanmırdılar. Deyirdilər ki, orda bizim dostumuz, komanda yoldaşımız oynayıb, 200-300 min pul alıb. Hətta bildirirdilər ki, sən yalan deyirsən, maaşlar 5-6 dəfə azaldıla bilməz (gülür). İndiki reallığı deyəndə inanmırlar, qaçırlar. Bu kimi problemlər var. Futbolçu elədir ki, başqa seçimi yoxdursa, 8 yox, 4 komandalı çempionata da gedəcək. Xarici futbolçular üçün əsas puldur. Əsasən də afrikalı və braziliyalı oyunçular üçün. Çox nadir hallarda bəzi legionerlər komanda sayına diqqət yetirsin. "Qarabağ"la da əməkdaşlıq edirəm. Ötən il onlara Afrika mənşəli futbolçu təklif etmişdim. Futbolçu özü heç nəyə baxmadı. Dedim, 8 komandadır, dedi "ok". Sadəcə, klublar öz aralarında razılığa gələ bilmədilər. Daha çox biz çempionatın səviyyəsi və azarkeş sayında uduzuruq. Hər bir futbolçu soruşur ki, ev oyunlarına azarkeş gəlirmi? Komanda sayı ilə bağlı maksimum sual verə bilərlər ki, niyə belədir. Bu, o qədər də vacib amil deyil. Mən özüm həmişə tərəfdarı olmuşam ki, eybi yox, 8 komanda da olsa, maliyyə dayaqları yaxşı olsun. Maaşlar vaxtında ödənilsin. Əvvəlki dövrlərdəki kimi, futbolçuları aldatmasınlar. Azərbaycanla bağlı şikayətlər gəlməsin".

Elnur SALAHOV,
Qol.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki