Qazaxıstanla Qazax futbolunun fərqi

Qazaxıstanla Qazax futbolunun fərqi
YAZARLAR 18 Aprel 2018 / 15:36 2968
-  A +

AFFA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, bu qurumun İcraiyyə Komitəsi (İK) 11 üzvdən ibarətdi. Aralarında yüksəkçinli dövlət məmurları da var. Mətləbə dəxli olmasa da, gülməli fakt: bir dəfə hansısa rusdilli sayt bu "yüksəkçinli dövlət məmuru" ifadəsini bizim dildən ruscaya “высокопоставленный китайский чиновник” (yüksək səviyyəli Çin məmuru) kimi tərcümə etmişdi.

Bunu indinin özündə də siyasi jurnalistlər təbəssümlə yada salırlar. Nə isə, biz yenə qayıdaq İK-nın üzvlərinə. Həmin məmurlar niyə futbol idarəçiliyində təmsil olunur və futbolun inkişafı adına nə ediblər, bunu İK-nin toplantılarında iştirak edənlərdən başqa bilən yoxdu. Niyə? Ona görə ki, toplantı başlayanda teleoperatorlar və fotoqraflar çəkiliş etdikdən sonra özlərindən başqa hamını çıxarırlar bayıra. Başlayır qapalı iclas. O iclas da cəmi bir saat, ya saat yarım çəkir. Futbolumuzdakı problemlərin neçə illərdi niyə düzəlmədiyini elə ali qərarverici orqan olan İK-nin iclaslarının belə tələm-tələsik bitməsindən təxmin etmək olar.

Bunlara baxanda, tam əmin olursan ki, rəhmətlik Fuad Musayev əməlli-başlı idarəçiymiş. Hər nə qədər sərt xasiyyəti olsa da və diktator adlandırılsa da, İK-nın iclaslarının mediaya açıq şəkildə keçirildiyi vaxtlar az olmurdu və həmin iclaslarda ciddi müzakirələr gedirdi. Fuad Musayevlə razılaşmırdılar, əks arqument ortaya qoyurdular. İndikilərdən Kazbek Tuayev, yaxud İsgəndər Cavadovun Rövnəq Abdullayevin fikirlərinə, yaxud verəcəyi qərara qarşı çıxacağını təxmin edə bilərsiniz?

Kazbek müəllim bu gün “azerisport”a müsahibəsində deyir ki, Qazaxıstan futbolu heç vaxt Azərbaycan futbolu ilə eyni səviyyədə olmayıb, yəni bizdən aşağı olub. Futbolumuzun bu kökə düşməsinin tək səbəbkarı İK-ni üzvü kimi Kazbek Əliyeviç deyil, təbii ki. Amma gerçəklikdən kənar bu kimi zərərli fikirlər az da olsa pay sahibidi.

Sövet dövründə iki ölkə arasında futbolların səviyyəsi necə olub, bunu qurdalamayaq. Gələk, bu günə və fantaziyalarımızı işə salmayıb, konkret faktlara müraciət edək. İndi FİFA reytinqində Qazaxıstan hardadı? Bizdən öndə! Bəs, iki ölkənin çempionlarını müqayisə etsək, Çempionlar Liqasında qrupa ilk dəfə kim düşüb? Yenə də qazaxlar - “Astana”! Halbuki futbola ayrılan yüzmilyonların qarşılığında bizim çempionlardan biri indi də deyil, hələ 8-9 il əvvəl orda oynamalıydı. O vaxtlar Belarusun BATE-si ÇL-in qrupuna necə vəsiqə qazanırdısa, o cür! Qazaxıstanın Premyer Liqasında az qala hər bölgədən komanda var. Bizdə isə bölgələrdə futbol deyə bir şey qalmayıb.

AFFA İcraiyyə Komitəsində bu problemi qaldıran olur, görəsən? Məsələn, elə birbaşa vəzifəsi region futbolunun maraqlarını qorumaq olan Kazbek Tuayev, yaxud İsgəndər Cavadov?

Pul olan yerdə hər şeylə öyünə bilərsən, yeri gələndə Qazaxıstan futboluna yuxarıdan aşağı da baxa bilərsən, amma bölgə və rayonlardan söz düşəndə, heç olmasa öz ölkənə, elə bizim Qazaxın timsalında bütün bölgələrin futbolu ilə də maraqlanmalısan. Zamanında yaxşı futbol ənənəsi olub bu rayonun. Amma indi stadionları nə günə düşüb? Komandaları özü hardadı? Həvəskar liqası statuslu yarışda! Azarkeşləri oyuna dəvət etmək üçünsə hər ev oyunu öncəsi maddi imkansızlıqdan flamastirlə afişa hazırlayıb, ağaca yapışdırırlar. Elə bil 60-70-ci illər Sovetin kolxoz dövrüdü, əllə afişa hazırlayıb, kənd camaatını kinoya baxmağa çağırırlar. Oturub İK-ni iclasında kofe içib guya futbolu müzakirə edənlər, bu kədərli faktdan danışsalar, pis olmazdı.

21-ci əsrdi e!..

Amma kaş ki, o afişanı hazırlayanlarda olan futbol sevgisi AFFA İK-də oturanların çoxunda olaydı. Onda bu günə düşməzdi, düşməyəcəkdi futbol...

Aydın BAĞIROV
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər