“Qəbələ”yə nə olub?

“Qəbələ”yə nə olub?
ÖLKƏ FUTBOLU 16 Aprel 2018 / 15:00 3114
-  A +

Mövsümün əvvəlində qarşısına çempionluq məqsədi qoyan, ancaq fasilədən sonra sərgilədiyi qeyri-sabit oyunla hədəfindən uzaqlaşan “Qəbələ” bu gedişlə avrokuboklardan da kənarda qala bilər.

Ən yaxın izləyicisi “Sumqayıt”la xal fərqi 3-ə enən əyalət təmsilçisini 4-cü pillədəki “Zirə”dən 7, 5-ci olan “Neftçi”dən isə 8 xal ayırır. Qarşıda hələ 5 turun qaldığını nəzərə alsaq, Roman Qriqorçukun komandası üçün işlərin heç də yaxşıya doğru getmədiyini söyləmək olar. Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın finala çıxmaq şansı yüksək deyil. Qış fasiləsindən sonra 27 mümkün xaldan yalnız 11-ni (2 qələbə, 2 məğlubiyyət, 5 heç-heçə) toplayan “Qəbələ”nın çempionluq şansları isə demək olar ki, yox dərəcəsindədir. Əyalət klubu 56 xalla turnir cədvəlinin zirvəsində yer alan “Qarabağ”dan 14 xal geri qalır. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası növbəti turda “Sumqayıt”ı məğlub edəcəyi təqdirdə, digər oyunların nəticələrindən asılı olmayaraq, ardıcıl 5-ci, ümumilikdə isə 6-ci çempionluğunu rəsmiləşdirəcək.

Bəs, mövsümə iddialı başlayan “Qəbələ”nin qış fasiləsindən sonrakı qeyri-sabit çıxışı və düşdüyü hazırkı durumun səbəbləri nədi?

Qol.az saytı bununla əlaqədar klub rəsmisinə və mütəxəssislərə müraciət edib.



Zaur Əzizov


Zaur Əzizov: “Vəziyyətdən çıxış yolu axtarırıq”

“Qəbələ”nin baş meneceri Zaur Əzizov deyir ki, problemi daim məşqçilər korpusu ilə müzakirə edirlər: “Klubun daxilində də bu məsələni kifayət qədər müzakirə edirik. Futbolda belə hallara rast gəlmək olur. Vəziyyətdən çıxış yolu axtarırıq. İlk növbədə baş məşqçini dinləyirik. Məşqçilər korpusu, futbolçularla gündəlik görüşlər keçirilir. Gördüyümüz, hətta baş məşqçi ilə müzakirə etdiyimiz müəyyən çatışmazlıqlar var. Amma onları mətbuata açıqlaya bilmərik. Çünki mövsüm hələ yekunlaşmayıb. Ən vacibi odur ki, komandada bütün futbolçular qeyri-sabit çıxışa son qoymaq, uğurlu seriyaya başlamaq üçün əllərindən gələni edirlər. Ola bilər ki, futbolçu hansısa oyunlarda istənilən səviyyədə çıxış etməyib. Amma son matçlarda meydanda var-gücləri ilə mübarizə aparırlar. Görürük ki, futbolçular kifayət qədər məsuliyyəli davranırlar”.



Ağasəlim Mircavadov

Mircavadov: “Problem komandanın daxilindədir”

“Qəbələ” rəsmisi futbolçuların işlərinə peşakər yanaşdıqlarını söyləsə də, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov fərqli fikirdədir. Əməkdar məşqçi problemin daha çox oyunçulardan, xüsusilə legionerlərdən qaynaqlandığını vurğuladı: “Qəbələ”nin oyunlarına baxıram. Hiss olunur ki, futbolçular istəkli deyillər. Komandanın daxilində nə baş verdiyini bilmirik. Eşitdiyimə görə, qış hazırlıqları normal keçib. Antalyada olublar, yaxşı yoldaşlıq görüşləri oynayıblar. İndi isə çox aşağı səviyyədə çıxış edirlər. Əsas problem daxildədir. Onu isə biz bilmirik. Bəzi legionerlər hərdən oynayır, hərdən oynamırlar. Bilmirsən, niyə belə olur. Bəzən cəzalı, bəzənsə zədəli olduqları deyilir. Azərbaycana gələn xarici məşqçilərin əksəriyyəti işləri alınmayanda yalandan söz gəzdirməyə başlayırlar ki, məni filan komanda istəyir. Peşəkar futbolçular üçün baş məşqçinin kim olması fərq eləmir. Qriqorçuk olsa da, olmasa da, öz oyunlarını oynamalıdırlar. Çünki peşəkar futbolçusansa, müqavilən olan klubu sevməlisən, ürəklə oynamalısan. Mən belə başa düşürəm. Başqa cür ola bilməz”.


“Qriqorçuku yeni tanısaydıq, müəyyən şübhələr ola bilərdi”

Klubun baş meneceri Z.Əzizov Roman Qriqorçukun mövsümün sonu “Qəbələ”dən ayrılıb, “Astana” və ya Latviya millisinə keçəcəyi haqda iddialara da toxunur. Onun fikrincə, bu cür xəbərlərin yayılmasının komandanın uğursuz çıxışı ilə heç bir əlaqəsi yoxdur: “Ümumiyyətlə, belə söhbətlər komandanın çıxışına heç bir halda təsir edə bilməz. Bəlkə də baş məşqçini yeni tanısaydıq, müəyyən şübhələr ola bilərdi. 3 ildən çoxdur “Qəbələ”də çalışır. Belə bir ehtimal heç öz aramızda belə müzakirə olunmur. Buna ehtiyac da yoxdur. Baş məşqçi ilk gündə necə işləyirdisə, indi də elə çalışır, vəziyyət dəyişməyib”.



Şahin Diniyev

Diniyev: “Tək baş məşqçini günahlandırmaq düzgün deyil”

Bəs, “Qəbələ”nin bu durumuyla əlaqədar milli komandamızın və “Kəpəz”in sabiq baş məşçisi Şahin Diniyev nə fikirləşir?

- Komanda “qara zolağ”a düşüb. Bu problem böyüdülməməlidir. Nəticələr barədə çox şey demək olar. Amma komandanın içində olmadığımızdan nələrin baş verdiyini bilmirik. Dünyada hər bir klub qara zolağa düşür. Bu, milli komandalarda deyil, ən çox klublarda olur. Çünki il ərzində müəyyən eniş dövrü yaşayırlar. Bunun qısa və ya uzun müddət davam etməsi isə rəhbərlik, baş məşqçi və futbolçulardan asılıdır. Düzdür, uğursuzluğa görə baş məşqçi məsuliyyət daşıyır. Amma tək onu günahlandırmaq da düzgün deyil. Keçən il “Kəpəz”in də başına belə bir şey gəlmişdi. Ardıcıl 5 oyundan məğlub olduq. Ondan sonra isə keçirdiyimiz 7 oyundan 6-da qələbə qazandıq. Hər komandada belə şeylər ola bilər. Bunu anlayışla qarşılamaq lazımdır. “Qəbələ” vəziyyətdən çıxa bilər. Rəhbərlik, baş məşqçi və futbolçular əl-ələ verib, hər şeyi öz xeyirlərinə dəyişə bilərlər”.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
21.11.18  21:15

"Bavariya"da ciddi itki

21.11.18  13:54

Biz və Kosovo...

21.11.18  10:49

Neymar zədələndi