Ayxan həmin Ayxandı...

Ayxan həmin Ayxandı...
XƏBƏR 16 Aprel 2018 / 13:54 3617
-  A +

Aşağıdakı bu dialoq hazırda “Qarabağ” və milli komandamızın “sükanı arxası”nda dayanan Qurban Qurbanovun qol.az saytına 2010-cu ilin aprelində verdiyi müsahibədəndi.

- “Bakı”ya 1:4 hesablı məğlubiyyətdən sonra sizi istefaya səsləyən “Qarabağ”ın azarkeşlərindən incik düşdüyünüzü demişdiniz. Bu incikliyiniz hələ də davam edirmi?

- İstər-istəməz incikliyim qalıb. Əlbəttə, özünə hörmət edən heç bir məşqçi belə şüarlar eşitmək istəməz. Biz hamımız - klubumuzun rəhbərliyi, məşqçi heyəti və futbolçular Qarabağın adının məsuliyyətini yaxşı başa düşürük. Qarabağın, Ağdamın işğal altında olmasından bizim azarkeşlər mənəvi əzəb çəkirlər. Ona görə də biz hər bir oyunumuzda onları sevindirməyə çalışırıq. Amma futbolda uğursuzluqlar da olur. Axı, həmişə qələbə qazanmaq olmaz. Necə olurdu, dünənə qədər məni alqışlayırdılar, indi isə… Mənim incikliyim qalıb və qalacaq da. Hərçənd, bütün hallarda mən azarkeşlərimizi də başa düşürəm.

- Amma sizi istefaya bütün stadion deyil, bir qrup azarkeş səsləyib.

- Ümumiyyətlə, bu, elə bir məsələdir ki, 3-4 nəfərin belə şüarlarla çıxış etməsi tribunadakı bütün azarkeşlərə təsir göstərir. Hər halda, düşünürəm ki, “istefa” sədaları ilə komandaya kömək etmək olmaz. Azarkeş komandayla həmişə birgə olmalıdır - yaxşı günündə də, pis günündə də. Hansısa bir narazılığı varsa, onu normal qaydada bildirməlidir.

Bu isə Roman Qriqorçukun 2016-cı ilin mayında “Qəbələ”nin “Qarabağ”dan aldığı məğlubiyyətdən sonra bu sətirlərin müəllifinin də iştirak etdiyi mətbuat konfransından bir hissədi:

- Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?

- Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu, onların komandaya olan sevgisini yox, münasibətini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə satqın adlandırardım.

Dünən analoji hal Zirə Olimpiya Stadionunda yaşandı. “Nişangah”dakı Ayxan Abbasov idi. Bənzər mənzərədi. Büdrəmə olan kimi fanatlar “istefa” hayqırır. Hərə bir cür reaksiya verir. Ancaq nümunə kimi seçdiyimiz “Qarabağ” və “Qəbələ”nin baş məşqçiləri daim məhz xarizmaları ilə tanınıblar. Qurbanovun başçılıq etdiyi “Qarabağ” bu gün Azərbaycan adını elə yüksəkliklərə qaldırır ki...  Qriqorçukun “Qəbələ”ni ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıması milyonlarla insanın sevincinə səbəb oldu...

Dünən isə “Zirə” doğma “divarlar arası”nda “Neftçi”yə 0:1 məğlub durumda olduğu bir zamanda fanatlar “Kalinka” mahnısının müsiqisi ritmində “Ayxan, istefa” şüarlarını səsləndirməyə başladılar. Bəs, Abbasov neyləyib ki, istefa qışqırılır? Komanda Premyer Liqadan düşür, yoxsa baş məşqçi oyun satır? Ardıcıl 9 oyundu qələbə qazanmırlar. Ok. Necə olur ki, 9 turdu qələbə üzünə həsrət qalan kollektiv hələ də avrokubok zonasındakı yerini qoruyur? Bu nəticəni qazanan Ayxan olmayıb? Yoxsa ötən mövsüm qış fasiləsində avrokubok zonası əlçatmaz göründüyü dövrdə “Zirə”ni qəbul edib yekunda bürünc medallaradək daşıyan başqası idi?

Çempionatın sonuna 5 tur qalıb. Hansı ağlı başında olan mütəxəssis sona 5 tur qalmış komandanı qəbul edər? Axı, indiki durumda kimisə istefaya səsləmək yox, komandanın arxasında dayanmaq lazımdı. Nə edilməli idi? Lap elə həmin 0:3-dən sonra yerli fanatlar komandanı səsləməli, onları alqışla yola salmalı idilər. Bu sevgini zirəlilərdə bu komanda yaradıbsa, çətin vəziyyətində kluba təpki göstərmək yox, dayaq olmaq gərəkdi.

Çıxış yolu varmı? Ölümdən başqa hər şeyə çarə var. Yaranmış vəziyyətdə klub rəhbərliyi, məşqçi heyəti komandanın fəal fanatları ilə görüş keçirməlidi. Yaranmış durumda azarkeşlərin komandaya dayaq olmasına dair profilaktik söhbət etməyə ehtiyac var. Hətta “Zirə” avrokuboklara düşməsə, bundan sonrakı 5 turun hamısında məğlub olsa belə, faciə baş verməyəcək. Çünki avrokuboka düşməməklə həyat bitmir.

Qurban Qurbanov vaxtilə “istefa” deyənləri onu ayaq üstə alqışlamağa məcbur etdi. Qurban həmin Qurbandı. Roman Qriqorçuk vaxtilə onu komandadan getməyə çağıranların səhər saatlarında aeroporta gələrək “Qəbələ”, “Qriqorçuk” hayqırmağa vadar etdi. Roman həmin Romandı. Onlar geri çəkilmədilər, əksinə, daha çox çalışdılar, təslim olmadılar, sonda bu məhəbbəti qazanmağı bacardılar.

Ayxan Abbasov komanda acınacaqlı durumda olanda “Zirə”ni quyunun dibindən avrokubok zonasınadək daşımağı bacardı. Ayxan da həmin Ayxandı. Təslim olub, istefa vermək zəiflərin təqdiridi. İndiki durum Abbasov üçün bir çağırışdı. Ya böyük məşqçi olmaq üçün mübarizə aparacaq, ya da təslim olub istefa verəcək. Dağıtmaq həmişə asan olub, qurub yaratmaq isə çətin. Abbasov da yaratdığı binadan getməməlidi, çünki “domino effekti”ni verəcək. Özü də, binası da dağılacaq.

Ceyhun ƏLİYEV
sport24.az

P.S. Bu yazının işıq üzü görməsinə dair qərarı dünənki mətbuat konfransında verdim. Abbasov “7 əsas oyunçum yox idi” kimi tutarlı “kozır”dan istifadə etməyərək, “komanda uduzursa, birinci günahkar mənəm” dedi. Əsl güclü məşqçi kimi!


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi