Ərtoğrul Sağlam: “Azərbaycandan heç bir təklif almamışam”

Ərtoğrul Sağlam: “Azərbaycandan heç bir təklif almamışam”
MÜSAHİBƏ 19 Noyabr 2008 / 18:43 5881
-  A +

İstanbulun “Beşiktaş” klubunun sabiq baş məşqçisi Ərtoğrul Sağlam apasport.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Ərtoğrul bəy, sizin “Xəzər-Lənkəran”ın baş məşqçisi postuna təyin olunacağınızla bağlı Azərbaycan mətbuatında xəbərlər dolaşır. Bildirilir ki, az öncə “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov baş məşqçi olmağınız üçün sizə 1,5 milyon dollar təklif edib. Bu məsələyə şəxsən özünüzün aydınlıq gətirməyinizi istəyirik. Yayılan xəbərlər nə dərəcədə doğrudur?

- “Xəzər-Lənkəran”ı çox sevdiyim türkiyəli mütəxəssis Rasim Kara çalışdırır. Onu müəllimim sayıram, çünki uzun müddət “Beşiktaş”da onun rəhbərliyi altında oynamışam. Karaya gələcək işlərində uğurlar arzulayıram. Mübariz Mənsimovla tanışlığım olsa da, bu yaxınlarda onunla nə görüşmüşəm, nə də danışmışam. Sizə səmimi şəkildə söyləyirəm ki, mənə “Xəzər-Lənkəran”dan heç bir təklif gəlməyib.

- “Beşiktaş”dan ayrıldıqdan sonra hansı klublar sizinlə maraqlanıb?

- Mənə 8 klub dəvət göndərib. Bunlardan 5-i Türkiyə komandasıdır. Qalan təklifləri isə xarici ölkə klublarından almışam.

- Bəs, xarici ölkələr arasında Azərbaycan yoxdur?

- Hələ ki mənə belə təklif gəlməyib.

- Türkiyə mətbuatında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəhbərliyinin də sizinlə danışıqlar apardığı barədə informasiya var. Buna münasibətiniz necədir?

- Ümumiyyətlə, Azərbaycandan dəvət almamışam. Qardaş ölkədən yığma və ya klub səviyyəsində heç kimlə danışıqlar aparmamışam.

- Azərbaycandan dəvət gəlsə, bunu qəbul edərsinizmi?


- Azərbaycanı çox sevirəm, bu ölkəni ikinci vətənim sayıram. Orada çoxlu soydaşlarımız var. Ancaq bir məşqçi kimi, mənim öz hədəflərim var.

- Belə demək olarmı ki, Azərbaycanda çalışmaq sizin iddianıza sığmır?

- Yox. Əslində, ölkənizdə işləsəm, bunu məşqçilik karyeramda geriyə addım saymaram. Öz işimlə Azərbaycan futbolsevərlərinə, azarkeşlərinə sevinc bəxş etməkdən məmnun olardım. Bildiyimə görə, sizin futbolunuza böyük diqqət ayrılır və son zamanlar bu istiqamətdə dirçəliş var. Bu mənada futbolunuzun inkişafına töhfə verməkdən şad olardım. Lakin real işbirliyinin qurulması üçün danışıqlar masası arxasında ortaq məxrəcə gəlmək lazımdır. Məşqçi bir kluba öz heyəti ilə gəlir. Hansısa komandanın rəhbərliyi ilə fikirlərimiz üst-üstə düşərsə, futbol fəlsəfəmiz uyğun gələrsə, əməkdaşlığımız baş tutar. Yəni, şərtlərdən çox şey asılıdır. Təbii ki, hər bir məşqçi kimi, mən də çalışdıracağım komandanın uğurlu çıxışına, öz parlaq oyunu ilə azarkeşləri sevindirməsinə nail olmaq istəyirəm.

- Vaxtilə “Kayserispor”da baş məşqçisi olduğunuz Rəşad Sadıqovun sonrakı çıxışını izləyirsinizmi?

- Bəli. Rəşad çox sevdiyim futbolçulardan biridir. O, “Kayserispor”dan öz istəyi ilə ayrıldı. Biz ona “get” demədik.

- Sadıqovla aranızda heç bir problem yaşanmayıb?

- Yox. Bunu Rəşaddan da soruşa bilərsiniz.

- Xəbəriniz varmı ki, indi Sadıqov “Neftçi”nin əsas heyətindən də uzaqlaşdırılıb?

- Məgər onu komandadan çıxarıblar? Rəşadın nəsə problemi yaranıb?

- Sadəcə, “Neftçi”nin baş məşqçisi islahatlar apararaq, onu ehtiyat komandaya göndərib...

- Rəşadla birgə işlədiyimiz vaxtda, o, zəif deyildi. Onu səviyyəli futbolçu hesab edirəm.

- Hazırda özünə yeni klub axtarışında olan Sadıqov yenə Türkiyə çempionatında oynamaq istəyir. “Boluspor” klubu onunla ciddi maraqlanır. Səviyyəli futbolçu hesab etdiyiniz Rəşadın Türkiyə ikinci liqasında oynamasına necə baxırsınız?

- Fikrimcə, Sadıqov Superliqada da oynamağa qadirdir. O, “Kayserispor”da çıxış edərkən, heç də zəif təsir bağışlamırdı. Biz onun komandada qalmasını istəyirdik. Lakin Rəşad vətəninə qayıtmağı üstün tutdu. Nəticədə ona mane olmadıq. Rəşadın növbəti dəfə Türkiyədə legioner həyatı yaşamaq fikrinə düşməsi yaxşı haldır. Hesab edirəm ki, öz səviyyəsini ikinci liqada sübuta yetirərək, gələcəkdə daha yüksək hədəflərə çata bilər.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi