“Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov

“Əvvəl Zaur Tağızadəylə məni hədələdi, sonra da milliyə çağırmadı” – İlqar Qurbanov
MÜSAHİBƏ 6 Aprel 2018 / 14:57 13225
-  A +

Təbiətcə sakit biridi, amma zəngin karyerası olduğundan yaxşı müsahib də deyə bilərik. Söhbət üçün niyə məhz İlqar Qurbanov? Səbəb çoxdu, əlbəttə. Erkən yaşda Türkiyə superliqasında oynayıb. Səhv etmirəmsə, elə ilk qolu vuran da (“Sivasspor”da oynayanda “Beşiktaş”a). 17 yaşındaykən “Fənərbaxça” kimi klubun əsas komandasına da çağırılıb. Həm də Azərbaycan millisinə! Tək bunlar? Yox. O, həm də 6 il “Qarabağ”da oynayıb. Sonra? İsgəndər Cavadovun bacısı oğlu və nəhayət, hamının bildiyi başqa bir fakt - Vaqif Cavadovun da bibisioğludu.

Təbii, söhbətimiz zamanı bu sadalanan faktların hamısına toxunacağıq. Sizi yazının girişiylə yormayıb, bu geniş, amma ümid etmək istərdim ki, oxucuları yormayacaq müsahibəni oxumağa dəvət edirəm.

***

- Türkiyəyə, “Fənərbaxça” dəvət ediləndə 13, ya 14 yaşım vardı. Yadımda qalmayıb dəqiq. Fuad Musayevin AFFA prezidenti olduğu dövr idi. İslam Kərimovun rəhbərliyi altında “Neftçi”də oynayırdım. Ordan dəvət gəldi və belə bir böyük klubdan. Kim “yox” deyərdi ki? Getdim İstanbula. Qısa zamandan sonra Türkiyənin aşağı yaş qrupu üzrə millilərinə də dəvət aldım. U-13, 14 və 15 millilərində oynadım. Özü də əsas heyətdə. Sağ cinah müdafiəçisi idim. İndiki kimi. Balkan çempionatında da oynayıb, ikinci yeri tutmuşduq.

- Fuad Musayevin adını çəkdin, yadıma düşdü ki, səninlə bağlı narazılıq edirdi. 2000-ci il idi, deyəsən. Deyirdi ki, İlqar Qurbanovu milliyə dəvət edirik, amma gəlib öz doğma vətəninin komandasında oynamaq istəmir.

- Mənə rəsmi təklif olmamışdı. Həm də uşaq idim. Bir azərbaycanlı kimi həmişə istəyirdim ki, Azərbaycan millisində oynayım.

- Axı, artıq Türkiyə millisində çıxış edirdin...

- Bizdən dəvət yox idi. Sonra Azərbaycanda futbolda ara qarışdı. Yadınızdadı? Elə o vaxtlar da Türkiyə millisində oynamaq təklifi oldu, qəbul etdim. Həm də yaşım az idi, axı. Öz iradəmlə qərar verə bilmirdim.

- Bu məqamı niyə xüsusi vurğulayıram? Futbolumuzda ara qarışanda sənin dayın İsgəndər Cavadov AFFA-nın prezidenti olmaq istəyirdi, Fuad Musayevə müxalif mövqedə idi. Musayev təbii ki, o vaxt uşaq olan sən İlqar Qurbanovu yox, dayın İsgəndər Cavadovu daha çox günahlandırırdı ki, sənin bizim millidə oynamağının qarşısını alır. Bununla da AFFA prezidentinə təzyiq edir.

- Yox, yox, yox... Elə şey ola bilməz. Dayım mənə ömrü boyu deməyib və deməzdi ki, Azərbaycan millisinə gəlmə. Düz fikir deyil bu. Onun mənə çox köməyi olub. Həmişə də bir dayı kimi xətrini çox istəmişəm.

- Amma bizim milliyə gəlişin Fuad Musayevin AFFA prezidentliyindən gedişindən sonra baş tutdu.

- Bunun onun gedişi ilə bir əlaqəsi yox idi. Karlos Alberto Torres milli komandaya baş məşqçi təyin edilmişdi. O vaxt Vaqif Sadıqov da U-20 millisini çalışdırırdı, zəng vurub məni komandaya dəvət etdi. Gərək ki, 17 yaşımda idim, artıq öz iradəmlə qərar verar verməyi bacarırdım. Təklifi qəbul etdim. Və bu o vaxt idi ki, Kristof Daum məni “Fənərbaxça”nın əsas komandasına cəlb etmişdi. 2003-cü il idi. 1 il əsas komandada oldum. “Antalyaspor”la səfər matçında meydana çıxdım.

17 yaşım tamam olmamış Daum məni komanda ilə təlim-məşq toplanışına apardı. Elə onun rəhbərliyi dövründə, səhv etmirəmsə, 17 yaşımda da superliqada rəsmi oyuna çıxdım. Hə, millidən danışırdıq. Vaqif Sadıqov dəvət etdi. U-20-nin baş məşqçisi idi. Heç bir şərt filan olmadı ki, mən A milli komandada oynamalıyam. U-20-də Qazaxıstanla bir oyun keçirdim. 90 dəqiqə meydanda oldum. Ertəsi isə A milli komandalar qarşılaşacaqdı. Axşamı günü dedilər ki, Zaur Tağızadə xəstələnib, U-20-dən bir nəfər əsas milliyə lazımdı. Məni çağırdılar. Bununla da milli karyeram başladı. 17 yaşımda idim. 3:2 udmuşduq həmin görüşü. 2-ci qoldan əvvəl driblinq etdim, yıxdılar. Cərimə zərbəsindən Rəşad, ya Emin qol vurdu.

- Karyeranın başlanğıcı çox uğurlu olub, deyə bilərik. 17 yaşda əsas millidə oynamaq, “Fənərbaxça”nın əsas komandasına cəlb edilmək, buna qədər bu komandanın əvəzedici heyətinin kapitanı olmağın... (sözümü kəsir)

- Tək əvəzedici yox, bütün aşağı yaş qruplarında kapitan olmuşam.

- Yəni bir çox azərbaycanlı futbolçu belə başlanğıca həsəd apara bilərdi. Ta o vaxta qədər ki, sən Türkiyə səviyyəsində böyük klublarda oynamaq imkanın olduğun halda, 2004-cü ildə yeni yaranan “Xəzər Lənkəran”ın təklifini qəbul edib ciddi bir perspektiv vəd etməyən Azərbaycan çempionatına gəlirsən.

- Bu sualla azarkeşlər tərəfindən də tez-tez qarşılaşıram. Deyirlər, niyə gəldin Azərbaycana?

- Niyə gəldin ki? Çox adam hesab edir ki, “Xəzər Lənkəran”a gəlməyində pul amili əsas rol oynamışdı.

- Deməzdim. İnanın ki, pulu fikirləşmirdim o vaxt. Başqa bir məqam var. Dediyim kimi, “Fənərbaxça”nın A komandasında idim. Ümid edirdim ki, orada tez-tez oynayacağam. Amma getdikcə gördüm ki, yox, şans verməyəcəklər. Mən oynayan il Nikolas Anelka və bir yerli oyunçu – Gurhan Gursoy gəldi. Bundan sonra 2 gənc futbolçu göndəriləcəkdi. Öz futbolçularını saxlayıb, məni əsas komandadan göndərməyi qərara aldılar. O vaxt da elə idi ki, cavan oyunçunu 3-4-cü liqada oynayan komandaya icarəyə göndərirdilər. Mən də o liqalarda oynamaq istəmirdim. Bərbad vəziyyətdə idi. Bir də ki, artıq A milli komandanın futbolçusu idim, Bakıda Maykl Ouenin də çıxış etdiyi İngiltərə millisinə qarşı oynamışdım.

- Mübariz Mənsimov şəxsən özü səni dəvət etmişdi klubuna, yoxsa menecerlər vasitəsi ilə “Xəzər Lənkəran”a getdin?

- Şəxsən özü. İstanbulda görüşüb söhbət etdik.  Şərt-filan, bu haqda danışmadıq. Dedim ki, sadəcə, gəlib bir il oynadıqdan sonra təzədən superliqaya qayıtmaq istəyirəm. O da dedi ki, sənin yolunu bağlamayacağıq. Beləliklə, razılaşdıq. İlk ilimizdə çempionluğu itirdik. Dedilər, bir il də qal oyna, çempion ol, sonra gedərsən. Artıq Ağasəlim müəllim gəlmişdi komandaya. Elə də oldu. Çempionluğu qazandıq və mən Türkiyəyə qayıdıb “Sivasspor”la müqavilə bağladım.

- Azərbaycanda futbolçuların qiymətini ilk dəfə süni şəkildə qaldıran Mübariz Mənsimov olmuşdu. Sirr deyilsə, sən hansı pulun qarşılığında “Xəzər Lənkəran”a gəlmişdin?

- Hardasa illik 150 min dollar. Azərbaycan futbolu üçün yüksək sayıla bilərdi. Amma Türkiyə üçün elə deyildi. Həmin ölkədə mən hər klubda bu qədər pul ala bilərdim. Dediyim kimi, bura gəlməyimin məqsədi 1 il boş qalmaq istəməməyim idi. Mənə oyun təcrübəsi lazım idi. Millidə də oynayırdım. Buna görə də gərək klubsuz qalmayaydım. Bilirəm, məni bu qərarıma görə indiyədək də qınayanlar var. Amma vallah, heç bir peşmanlığım yoxdu. Pul məsələsi... Axı, mən heç vaxt çox zəngin komandalarda çıxış etməmişəm. Bir şeyin tərəfdarı olmuşam: pul az olsun, amma həmişə olsun. Bir də sabit oynayacağım, özüm üçün rahat olan bir klub.

- Dayıların İsgəndər və Füzuli Cavadovlar qərarına necə yanaşmışdılar?

- Hörmətlə. Mən dayılarımın tövsiyələrinə həmişə qulaq asmışam. Çünki həqiqətən futboldan yaxşı başları çıxır. Tənqid etdikləri vaxtlar da olur. Və bu, mənim xeyrimə işləyir.

- Oyununla bağlı nə tövsiyə veriblər?

- Məsələn, İsgəndər dayım həmişə deyirdi ki, “korpus”la oyna. Bu, əvvəllər məndə yox idi. Onun məsləhətini qəbul etdim. Füzuli dayım da futbolla bağlı hücuma daha çox qoşulmağımı istəyirdi. Əlbəttə, həyatla bağlı da məsləhətləri olur. Atam futbolu yaxşı bilir. Onunla da futbola dair söhbətlər edirik. Lazım olanda, atamın da məsləhətlərinə qulaq asıram.


- Tənqidləri nə olurdu bəs?

- Uzun illər əvvəl deyirdilər ki, özəl həyatına fikir ver. Çünki fikir verməsən, bunun futbolçu həyatına ziyanı olacaq.

- Yəqin səbəbsiz yerə demirdilər. Gecə həyatına meylli idin?

- Cavanlıqda olub. Düzdü, ömrü boyu nə spirtli içki içmişəm, nə də siqaret çəkmişəm. Cavanlığımı hərtərəfli yaşamışam. Etiraf edim ki, bu, bəzən futboluma da mane olub. “Xəzər Lənkəran”da çıxış edəndə öz səhvimdən belə xoş olmayan vəziyyətlə üzləşdim. Amma tez də ayıldım.

- Gününü əyləncə klublarında keçirirdin?

- Yox, yox... Məsələn, oyundan sonra elə ola bilərdi ki, dostlarla gedib hardasa dincələk. Amma gedim səhərə qədər klublarda oturum, xeyr, belə şey olmayıb məndə. 

- “Xəzər Lənkrəran”da çıxış edəndə nə olmuşdu ki?

- Futbolçu üçün normal yuxu rejimi vacibdi. Bir ara oldu ki, özümə fikir vermədim, rejimi pozurdum, yuxusuz qalırdım. 3-4 ay boşluğa düşdüm. Amma toparladım özümü. Çünki daim oynayırdım, hədəfim də Türkiyəyə qayıtmaq idi.

- O vaxt kim idi “Xəzər Lənkəran”ın baş məşqçisi?

- Viktor Pasulko.

- O hiss etdi bunu?

- Yox. Gördüm ki, oyunumda geriləmə var, ayıldım.

- Sənə hansı məşqçilərlə işləmək çətin olub?

- Heç biri ilə. Mən hamıyla yaxşı ünsiyyət qurmağı bacarıram. Çətin xarakterli biri də deyiləm. Hər şeyə peşəkar yanaşıram. Deyim ki, kimləsə münaqişəm olub, yox. Yalnız bir dəfə elə həmin Pasulko ilə mübahisəmiz düşdü. O, milliyətcə ukraynalıdı, deyəsən. Bəzən futbolçularla söyüşlə danışırdı. Onlar üçün normaldı. Mən də buna görə etiraz edirdim. Bir dəfə oyunun gedişatında top itirdim, rusca söyüş işlətdi. Mən dedim, ağzınızdan çıxan sözə fikir verin, bir də olmasın. Oyun qurtardı, yaxınlaşdım, dedim, futbolla bağlı mənə nə istəsəz söyləyə bilərsiniz, amma təhqiramiz sözlər işlətməyin. Dedim, ola bilər, sizdə bu, normal qarşılanır, amma bizdə belə şey yoxdu.

- Karyeranda bir məşqçi var ki, yəqin onu heç vaxt unuda bilməyəcəksən. Berti Foqtsu deyirəm.

- Eh.... Allah ona kömək olsun. Karyerama yaman pis zərbə vurdu. Əgər Qurban Qurbanov olmasaydı, bəlkə də 23 yaşında karyeramı bitirmişdim. Onun mənimlə bir söhbəti oldu, Antalyada. “Mersin İdman Yurdun”dan ayrılmışdım. Futboldan iyrənmişdim...

- O hadisəyə görə?

- Hə. Foqts deyirdi ki, İlqar gedib “Makdonalds”dan yemək yeyir. Belə bir adla, mənasız və ağlasığmaz bəhanəylə məni millidən qovdu.  “Makdonalds”da yeyib-içməkdə qəbahət yoxdu. Amma mən “Cola” içən deyiləm, görməsəm, yadıma da düşməz.

- Gəl, aydınlaşdıraq. Nə olmuşdu o vaxt?

- Foqtsun vaxtında Türkiyədə oynayırdım. Deməli, “Boluspor”da çıxış edirəm, səfərdə “Kasımpaşa”ya qarşı qarlı havada oynadıq. Meydan da pis gündə, palçıq. 90 dəqiqə heyətdə oldum. Sonra İstanbula 3 saata yol gəlmişəm. Ordan da Bakıya. Nəsə, səhərə yaxın saat 6 olar, çatdım millinin qaldığı otelə. Yorğunluq, yuxusuzluq, möhkəm də acmışam. Zəng vurub “resepşen”dən soruşdum ki, bu vaxt hazır nə yeməyiniz varsa, göndərin. Sendvic göndərdilər. Rusiya ilə oyun ərəfəsidi. Deməli, kimsə mənim sendvic yediyimi gedib Foqtsa xəbər edər.

- Kim? Öyrənə bildin?

- Yox. Bu, indi elə də əhəmiyyətli deyil. Deməli, “Makdonlads” deyəndə o əslində sendvic yeməyimi nəzərdə tuturdu. Nəsə, səhər saat 8-di. Gordüm oyandırırlar ki, gəl, səhər yeməyinə. İki saat yatmamışam. Nəsə düşdüm restorana, amma yemək yemədim. İstədim ki, sadəcə, orda məni görsünlər, sonra qayıdıb, bir az yuxu alaram. Çünki səhər saat 10-da da məşq vardı. Saat 10-da gəldik “Şəfa”ya məşqə. Hava isti, meydan da süni ortüklü. Çətin bir məşq tapşırıb. Buna deyirəm ki, bəs, mən dünən qar altında ağır oyun keçirmişəm, Türkiyədən Bakıya uzun yol gəlib bu səhər 6-da otelə çatmışam, normal yata bilməmişəm, üstəlik zədəm də var. Xeyri olmadı. Nemesliyi tutdu. Dedi sən də bütün futbolçular kimi qaçmalısan. Məşqin ortasında gördüm hərəkət edə bilmirəm, ağrılar başlayır. Həkimi çağırdım. Onda Foqts başladı üstümə qışqırmağa. Mən də cavab verdim ki, niyə qışqırırsan?

- Reaksiyası necə oldu?

- Deyəcəm. Qəribəsi bilirsən nədi? Demək, mən legioner futbolçuyam, ilk dəfə üz-üzə gəlirik. Bir məşqçi kimi futbolçusu ilə maraqlanmır ki, sən kimsən, harda oynayırsan? Düzü, bu soyuq münasibət məndə şübhə yaratdı. Nəsə məşqin ortasında buna deyirəm ki, məni məşqdən azad edin, qaça bilmirəm. Yuxusuzluq bir tərəfə, həm bədən yorulub, həm də zədəm var. Uşaqlar da, elə bizim Vaqif də mənə deyir ki, dayanma, qaç, döz. Cavab verirəm ki, dözə bilmirəm, axı. Heç vaxt yadımdan çıxmaz, məşqdən çıxdıq, avtobusda Zaur Tağızadəylə arxada oturmuşduq. Zaur da dizindən təzə əməliyyat olunmuşdu. Ona süni meydanda məşq, ümumiyyətlə, olmazdı. Elə ona görə də ağrıları başladığından məşqi yarımçıq tərk etmişdi. Avtobusa girən kimi qəfil bizə hədələyici tonda əl jesti etdi. Yəni görərsiniz... Daha çox mənə ünvanlamışdı. Elə o hadisədən sonra nə Zauru, nə də məni milliyə çağırdı. Sonra müsahibə verib demişdi ki, İlqar “Makdonalds”dan qamburger yeyir. Mən bunun bir oyun olduğunu düşündüm. Mənə həm də o təsir etdi ki, o vaxt heç kim mənə dəstək olmadı. Birdən-bilə sildilər.

- Kimlər dəstək olmadı? Millinin oyunçuları?

- Yəqin ki də. Heç nə olmamış kimi çıxıb getdim. Bir nəfər də demədi ki, bu uşaq 17 yaşından millidə oynayır və “Makdonalds” bəhanəsi ilə millidən çıxarılır.

- Ən çox kimdən dəstək gözləyirdin?

- Dəstək deyəndə ki. Hamı bilir ki, bura qədər öz gücümlə, iradəmlə gəlmişəm (pauza)... Sonra mən də cavab olaraq bir-iki açıqlama vermişdim. Yəqin bu da Foqtsda qıcıq doğurmuşdu. Sonra dəvət göndərmədi. Bu da mənim üçün mənfi hal idi. Çünki Türkiyədə bir klub səni alanda əgər millinin oyunçususansa, münasibət tamam fərqli olur. Həmin qərardan sonra məndə psixoloji eniş dövrü başladı. Ürəyimə salmışdım bunu. Necə olur axı, rusu, dağıstanlısı, hətta afrikalısı milliyə dəvət alır, amma azərbaycanlı oyunçu layiq olduğu halda komandadan kənar qalır?

- Bəs AFFA-nın rəhbərliyi ilə bununla bağlı hər hansı söhbətin oldu?

- Yox. Heç bir söhbətimiz olmadı. Özüm də təşəbbüs göstərmədim. Elə hamı deyirdi, bu, Foqtsun qərarıdı.

- Millinin o vaxtkı kapitanı Rəşad Sadıqovla necə, bu haqda danışığınız olmuşdu?

- Olurdu, əlbəttə. Deyirdi, səbr elə, yaxşı olar.

- Futbolçulardan kimsə Foqtsun qərarını dəyişdirmək üçün cəhd etmişdi?

- Yox. Bir də ki, o elə tərs insandı ki, qərarını dəyişəsi deyildi.

- Elə həmin ərəfələrdə “Qarabağ”a transfer olundun. Səni komandasına Qurban Qurbanov özü dəvət etmişdi, yoxsa arada vasitəçilər vardı?

- Əvvəl Rəşad zəng elədi. “Qarabağ” variantını dedi. 2011-ci il idi. Komanda onda Antalyada təlim-məşq toplanışındaydı. Səninlə də elə o vaxt orda görüşüb söhbət etmişdik. Qurban Qurbanov mənə ən çətin anımda dəstək verdi. Antalyada məni ilk görəndə Qurban müəllim gülməyə başladı. Çünki kökəlmişdim. Onunla 25-30 dəqiqə söhbətimiz oldu. Mənim fikrimi tamamilə dəyişdirdi, sanki o söhbətdən sonra ikinci futbol həyatım başladı. Dedi, heç nəyə fikir vermə, yeni bir şans yaranır sənin üçün, ondan istifadə et. Mənə futbolçu kimi həmişə güvənirdi. Həmin vaxtlar mənən də yanımda oldu.

- 6 il oynadın “Qarabağ”da?

- 6 il yarım. Mənə inanmasaydı, yəqin ki, gətirməzdi “Qarabağ”a. Onunla müqavilə, pulla bağlı heç bir söhbətimiz olmadı. Mənə təminat vermədi ki, oynayacaqsan. Dedi, sadəcə, gəl, yaxşı futbolçu olduğunu sübut elə. İlk 2-3 ay da ümumiyyətlə, oynamırdım. Sonradan məni oyunlara buraxmağa başladı. İlk matçımda səfərdə “Xəzər Lənkəran”la qarşılaşırdıq. 1:1 qurtarmışdı oyun. 90-cı dəqiqədə qol vurub “Qarabağ”ı məğlubiyyətdən qurtarmışdım.

- Ötən il Qurban Qurbanov səni “Qarabağ”dan göndərdi. Onun bu qərarını necə qarşıladın?

- Mən həmişə demişəm, “Qarabağ”ın baş məşqisinə, rəhbərliyinə çox borcluyam. Bu qərar açıqlanmazdan əvvəl Qurban müəllimlə onun otağında söhbətimiz oldu. Dedi, belə məsləhətdi, yolları ayırırıq. Mən də heç səbəbini soruşmadım, soruşmazdım da. Çünki əgər Qurban müəllim getməyimi məsləhət bilibsə, deməli, elə də olmalıdı.

- Həmin qərar birmənalı qarşılanmadı. Çünki səninlə eyni mövqedə oynayan və rəqabətdə sənə uduzan Arif Daşdəmirov “Qarabağ”da saxlanıldı, sən isə göndərildin.

- Mən hər şeyi açıq danışanam, nəyisə gizlətmirəm. Əgər onun qərarı xoş gəlməsəydi, məni narazı salsaydı, bunu deyərdim. Qurban müəllim futboldan küsdürüldüyüm, ruhdan düşən vaxtlarımda mənə dəstək oldu. Komandasına çağırdı və 7 ilə yaxın orda oynatdı. Mənimlə şəxsi-qərəzliyi filan olsaydı, bu qədər müddət “Qarabağ”da saxlamazdı, axı. Dediyim kimi, göndəribsə, deməli, belə məsləhətdi. Heç ondan soruşmadım da, axı niyə məni komandadan göndərirsən? Gedəndə, onun halallığını alıb getdim. Ona minnatdarlıq etdim. İndiyə kimi də əvvəlki isti münasibətimiz qalır.

- Arif Daşdəmirovla bağlı bir sualım da olacaq. Çünki “Qarabağ”da o ehtiyatda qalıb, sən əsas heyətdə oynasan da, maraqlıdı ki, milliyə sən yox, məhz bu dağıstanlı futbolçu dəvət alırdı.

- “Qarabağ”da çıxış etdiyim son 4 ildə milliyə çağırılmamağım üçün heç bir səbəb yox idi. Heç kim mənə deyə bilməzdi ki, kimdənsə zəifəm. Mən öz mövqeyimdə indiyə kimi hamıdan güclüyəm. Düzdü, zədələndiyim üçün bir müddətdi formada deyiləm. Amma 1 ay oynayım, yenə hamıdan güclü olacağam. Avropaliqa, yerli çempionatda davamlı əsas heyətdə oynamışam, qollar vurmuşam. Mən düzü, daha çox medianın dəstəyini gözləyirdim. Jurnalistlərdən mənim çağırılmamağımla bağlı bir-iki dəfə Prosineçkiyə sual ünvanlanmışdı. O da sualı yola vermişdi və mövzu bağlanırdı. Öz klubunda daim oynayanın deyil, oynamayanın milliyı çağırılması, əlbəttə, mənə ləzzət etmirdi.

- Özün bir izah tapa bilirsən ki, niyə milliyə çağırılmırsan?

- Vallah, tapa bilmirəm.

- Yəqin, o vaxtkı məşqçilərin baxışında – istər Foqts olsun, istər Prosineçki - sən milliyə layiq oyunçu deyildin.

- Onların heç biri Qurban müəllimdən artıq deyil ki... Qurban Qurbanov kimi məşqçi məni 6 il öz komandasında oynadıb.

- Arifin özüylə münasibətin necədi?

- Yaxşıdı. Tez-tez görüşür və telefonla danışırıq. Uşaqlarımız da eyni baxçaya gedir.




- Ümumiyyətlə, legionerlərin milliyə çağırılmasının əleyhinəsən?

- Hə. Yaxşı ki, Qurban müəllim gələndən sonra bunun qarşısı xeyli alınıb. Deyirlər, legionerlər yerlilərdən üstündü. Samir Abbasovun “Sumqayıt”ına baxın. Bir nəfər legioner yoxdu. Necə gözəl oyun oynayırlar. Bizim futbolçulara güvənmək lazımdı. Qurban müəllim 31 yaşlı Asif Məmmədovu milliyə çağırdı. Asif uşaq kimi sevinirdi. Deməli, milliyə layiqdi ki, çağırılıb. “İnter”də parladığı dövrdə milliyə dəvət edilmirdi? Bəs, indi nə oldu ki, çağırılır?

- Amma milliyə çağırılan əcnəbilərdən məsələn, Riçard Almeyda və Bədavi Hüseynovun komandaya layiq olduqlarını düşünənlər də var. Bu haqda sən nə deyə bilərsən?

- Almeydanın “Qarabağ”dakı oyununu hələ millidə görməmişəm. Bədavi isə zədələnənə qədər yaxşı oynayırdı.

- Sənin kimi, dayın oğlu Vaqif Cavadov da milliyə cəlb edilmir. Amma səndən fərqli olaraq, onun karyerasında uzun illər eniş getdi. Bunun səbəbini nədə görürsən?

- Səbəbi? Deyəsən ki, məşq etmir, yox, hamıdan çox məşq edir. Deyəsən ki, avaraçılıq edir, yox, elə də deyil. İçki içmir, siqaret çəkmir. Ailəli insandı. Demək olar, bütün günü bir yerdəyik. Mən bunu şanssızlıqla bağlayıram. Çox şanssızlıq oldu. Legioner futbolçu qol vurmayanda heç Vaqif qədər tənqid edilmirdi. Çox tənqid olunur.

- Ona irad tutan jurnalistlərə görə, Vaqif haqlı tənqidlərdən nəticə çıxarmır və bu da onun karyerasına mənfi təsir edir.

- Ola bilər. Nə deyim... Ola bilər. Bir dövrdə bilirsiniz millidə və “Qarabağ”da çox parladı. Amma mən yenə da şanssızlıqla əlaqələndirirəm.

- Onda eniş lap çox uzun getdi.

- Məncə, ona lazımi dəstək verilmədi. Ümumən ona bizim futbolda dəstək lazım idi. Amma hər şey hələ bitməyib. Mən inanıram ki, sabah 1-2 qol vursa, o yenə də əvvəlki kimi oynamağa başlayacaq.

- Elə bil hər şeyi ürəyinə salan, tez inciyən biridi.

- İnciməyə haqqı var. Olurdu da, milliyə bir afrikalı dəvət edilirdi, amma Vaqif yox. İnciməyib, neyləsin? Ümumiyyətlə, tez inciyən uşaqdı. Hər şeyi ürəyinə salır. Bu da pis şeydi. Amma indiyə qədər şəhərə çıxanda hamı onu tanıyır, hörmətlə yanaşır. Futbolçular da xətrini çox istəyir. Məncə, hələ də gec deyil. Ard-arda 2 tur qol vursun, dəyişəcək hər şey.

- Deyəsən, ən çox incidiyi mediadır?

- Mediadan incimir. Sadəcə, müsahibə verməyi xoşlamır. Müsahibə verəndə də onu səhv başa düşürlər. Hərdən mən də müsahibə verirəm. Bir də görürsən, "A" deyirsən, "B" yazırlar. İnsan istər-istəməz növbəti dəfə danışmağa çəkinir. Məncə, buna görədir. Bütün jurnalistlərlə münasibəti yaxşıdır. Azərbaycan futbolunda oğlan kimi Vaqifə çox hörmət edirlər. Bilirlər ki, yaxşı uşaqdır. Hamı ilə məsafəlidir. Hörmət saxlayandır. Heç kimə yuxarıdan-aşağı baxmaz.

- İndiki İlqardan da danışaq. "Qəbələ"də işlərin necə gedir?

- Komandaya gələndə gözlədiyimdən də yaxşı başladıq. Bundan sonra Avroliqada şansızlıq yaşadıq. 12-13 nəfər yeni futbolçu gəlmişdi. Komandaya tam uyğunlaşmamışdılar. Bu, bir-iki aya düzələn şey deyildi. Məsələn, "Qarabağ"da gözünü bağlayırdın, bilirdin ki, arxada Bədavi var. Səhv eləsən, səni sığortalayacaq. Amma "Qəbələ"də birinci il keçirdiyimiz oyunlarda bu problemi yaşadıq. Uyğunlaşmaq barədə çətinlik var idi.

- Amma sən pis başlamamışdın. Hətta qol da vurdun...

- Hə, elə onu deyirəm. 3 məhsuldar ötürmə etmişdim, Avroliqada qol da vurmuşdum. Bundan sonra "Sumqayıt"la oyunda ağır zədə aldım və 3-4 ay futbol oynaya bilmədim. Komandada eniş var idi. Sabit oynaya bilmirdik. Bunun nə ilə bağlı olduğunu aydınlaşdıra bilmirəm. Baş məşqçi daha yaxşı bilər.

- Baş məşqçi ilə münasibətləriniz necədir?

- Yaxşıdır. Roman Qriqorçuk bir az şən, zarafatcıl adamdır. Mən öz işimi görürəm, məşqlərimi edirəm. Hazırda 2-ci yerdəyik. İstəyərdik, çempion olaq. Amma bir az çətin görünür.

- 10-cu ildir ki, millidən kənardasan və hazırda 31 yaşın var. Bu gün üçün özünü milli komandada görürsənmi?

- Yox, hazırkı durumumda millidə oynamağa hazır deyiləm. Gedib, orda biabır olaram. Birincisi, məni bu vəziyyətdə Qurban Qurbanov da çağırmaz. Çünki o, elə bir insandır ki, başqasının haqqına girməz. Kim hazırdısa, onu çağırır. Amma formada olsam, şans gözləyəcəm. Dəvət göndərməsə, heç vaxt demərəm ki, niyə çağırmadın. Mən onun tərəfdarıyam ki, milidə gəncləşmə getsin, yeni nəsil gəlsin. Bundan sonra maksimum 3-4 il oynayarıq. İstərdim ki, bayraqlarla stadionlara gedək, cavan futbolçuların yaxşı oyunlarını izləyək. Neçə ildir millidə oynamıram deyə, artıq çağırılmamağa öyrəşmişəm. Ona görə də çox fikir vermirəm. Amma görürəm ki, Asif, digər təcrübəli futbolçular çağırılır. Onda yenidən ümid yaranır. Düşünürəm ki, niyə olmasın. Lakin dediyim ki, indi formada deyiləm, azı 3-4 oyun keçirməliyəm ki, özümə gəlim.

Aydın BAĞIROV
[email protected]

Daha çox


Son xəbərlər