"Qurban Qurbanovun istədiyi oyunu göstərə bilmirik"

"Qurban Qurbanovun istədiyi oyunu göstərə bilmirik"
MÜSAHİBƏ 24 Mart 2018 / 00:13 5123
-  A +

Milli komandamızın üzvü Ruslan Abışov Belarusla yoldaşlıq oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qarşılşma ilə bağlı fikirlərini açıqlayıb.

- Bu il evdə keçirdiyimiz ilk oyun idi. Doğma azarkeşlər qarşısında qələbə qazanmaq istəyirdik. Məncə, ilk dəqiqələrdən oyunumuz pis alınmadı. Belarus da nəticəyə oynayırdı. Oyunun böyük hissəsində topa nəzarət bizdə idi. Gözləmədiyimiz anda qapımızda top gördük. Millidə yeni simalar var idi, yenidən qurulan komandayıq. Qurban Qurbanovun istədiyi oyunu tam göstərə bilmirik. Ancaq oyundan-oyuna hər şey daha yaxşı olacaq. Çünki futbolçular baş məşqçinin onlardan nə istədiyini yaxşı anlayır.

- Baş məşqçinin tapşırıqlarını tam yerinə yetirməyə nə mane olur?

- Baş məşqçinin istədiyini maksimum dərəcədə yerinə yetirsək, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazana bilərik. Bu oyunlar Millətlər Liqasına hazırlıq xarakteri daşıyır. Qrupdakı rəqiblərimiz bizə qarşı bu tipdə oynayacaqlar. Bu cür oyunlarda təcrübə yığmalıyıq ki, rəsmi görüşlərd səhvlər buraxmayaq.

- Səncə, yeni futbolçular özlərini göstərə bildilərmi?

- Milli komandaya dəvət olunanların hər biri ölkə çempionatında yaxşı çıxış edirlər. Heç biri haqda mənfi fikir bildirə bilmərəm. Hər birinə uğurlar arzu edirəm və inanıram ki, milliyə gələcək oyunlarda da maksimum dərəcədə kömək edəcəklər.

- Belarusun vurduğu qol kuryoz alındı...

- Qol epizodunda bəxtimiz gətirmədi. İstəyirdik ki, oyunu dəyişək. İkinci yarının əvvəlində qol epizodumuz oldu. Fərqlənə bilsəydik, oyun tamam başqa cür olacaqdı. Əsas odur ki, belə oyunlardan nəticə çıxaraq. Bu matçlar bizim üçün təcrübədir. Qarşıdakı görüşlərdə maksimum dərəcədə ehtiyatlı olmalıyıq ki, belə səhvlər buraxmayaq.

- Moldova və Belarusla oyunlardan sonra komandada ruh düşkünlüyü ola bilər?

- Nəticə hər zaman önəmlidir. Amma məncə, rəsmi və yoxlama görüşləri arasında fərq var. Çünki futbolçunun məsuliyyəti rəsmi oyunlarda birə-beş artır.

- Bu oyunla Millətlər Liqasında hansı nəticəni qazana bilərik?

- Hələ sentyabra kimi vaxtımız var. Hər bir futbolçu həm klubunda, həm də millidə ən yaxşı şəkildə hazırlaşmalıdır ki, Millətlər Liqasında yaxşı nəticə qazanaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord