"Çox aqressiv və tələbkar biridir" – Slavik Alxasov

"Çox aqressiv və tələbkar biridir" – Slavik Alxasov
ÖLKƏ FUTBOLU 13 Mart 2018 / 21:27 3202
-  A +

"Keşlə"nin müdafiəçisi Slavik Alxasov Topaz Premyer Liqanın 20-ci turunun “Qəbələ” ilə oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

“Oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Çünki onlar da çox sayda hücumlar etdilər. Bilirdik ki, çətin olacaq. Buna görə də bu nəticəni sərfəli hesab edirəm”.

- “Neftçi”yə məğlubiyyətdən sonra necə oldu ki, toparlana bildiniz?

- Həmin oyundan sonra toplanışımız oldu. Qərara gəldik ki, hər şeyi unudub bu görüşə köklənək. Klub prezidenti də sağ olsun, yanımızda oldu, bizə dəstək verdi. Biz də bunun nəticəsi olaraq, bu gün bəlkə də ən yaxşı oyunumuzu göstərdik.

- Görüşün baş hakimi Ömər Paşayev bəzi epizodlarda mübahisəli qərarlarla yadda qaldı. Onun idarəçiliyindən razı qaldınmı?

- Bəli, razı qaldım. Düzdür, bir neçə epizodda fərqli qərarlar verdi. Amma bunu başa düşmək olar. Çünki, o da insandır və səhv edə bilər. Mən ciddi bir səhv görmədim.

- “Keşlə”nin potensialı var, lakin öz oyununu tam olaraq ortaya qoya bilmir. Sizə nə mane olur?

- Fikrimcə, komanda tam formalaşmayıb. Zaman keçdikcə bütün bunlar qaydasına düşəcək.

- Qış fasiləsindən sonra transfer edilən futbolçular komandaya lazımı qədər kömək edə bilmirlər…

-Yox, mən belə düşünmürəm. Bəzi futbolçular var ki, komandaya yeni uyğunlaşırlar. Fikrimcə, zamanla heyət tam formalaşacaq.

- Ölkə kubokunun yarımfinalındasınız.Bəlkə də bütün gücünüzü ora saxlayırsınız…

- Bəli, bizim üçün kubok önəmlidir. Rəqibimiz də “Sumqayıt”dır. Onları çox yaxşı tanıyırıq. Bilirik ki, Azərbaycanda iki güclü komanda varsa, biri onlardır. Məşqçilərini də tanıyıram. Çox aqressiv və tələbkar biridir. Mən özüm də onun rəhbərliyi altında çıxış etmişəm və bilirəm ki, güclü taktikaları var. Lakin biz çox istəkliyik və finala vəsiqə qazanmaq niyyətindəyik. Var gücümüzü ortaya qoyacağıq ki, qələbə qazanaq.

- Qış fasiləsindən sonra “Sumqayıt”ı məğlub etmək heç bir kluba nəsib olmayıb. Bu sizə psixoloji təsir göstərir?

- “Sumqayıt” tam formalaşmış bir komandadır. Futbolçuları ötürməni baxmadan, gözüyumulu verirlər. Bunun da əsas səbəbi məşqçidir. Bayaq da söylədiyim kimi, onların çox güclü məşqçiləri var. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, mərhələni adlayan tərəf  biz olaq.

- Bəs öz məşqçinizdən də razısanmı?

- Maksimov güclü mütəxəssisdir. Hər bir futbolçu ilə zarafat edir. Çalışır ki, komandada ab-hava yaxşı olsun.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı