Aqil Abbasla futbola baxmaq

Aqil Abbasla futbola baxmaq
XƏBƏR 20 Fevral 2018 / 15:59 3940
-  A +

Arada bizə bir-iki gün istirahət verir, onu da adamın burnundan gətirir. Bazar günüdü, dostlarla yığışmışıq bir yerə, istəyirik bir qismət çörək kəsək, pulumuz çatsa da bir qismət araq içək. Bir ağdamlı dostumuz var, imkanı bir az bizimkindən çoxdu, bir az yox ey, lap çoxdu, bu yazarları da sevər. Dəvət eləmişdi qəşəng yemək-içmək məclisinə. Hava da soyuq, əsl vurmalı hava.

Heç hələ süfrəyə oturmamışdıq müdir zəng elədi ki, gəl gedək futbola, bu gün "Qarabağ" Bayıl Arenada Səbaillə oynayır. Dəli oldum. İstədim ürəyimdə müdirə söyəm, gördüm nə söysəm ikimizin də dədə-balalarını tutacaq, söymədim. Nə qələt eləyə bilərdim ki? Dostlara da dedim ki, bir vacib iş çıxıb, mütləq getməliyəm.

Ürəyimdə müdirə yüngül söyə-söyə durdum gəldim, müdiri də götürüb getdim Bayıl Arenaya. Müdirlə bir-iki dəfə də futbola getmişik, VİP-də oturmuşuq, yemək də , içmək də, çay da, kofe də. Dedim, heç olmasa, eybi yox, burda alınmadı, orda alınar.

O da alınmadı. Müdir dedi ki, "Qarabağ"ın fanatları ilə birlikdə oturacağıq. Yağış, çiskin… nə isə, onlarla bir yerdə oturduq.

Amma bir az keçdi, özüm də qoşuldum o fanatlara. Nə təhər bağırıramsa: «İmarət Ağdam! Qarabağ bizimdir, bizim olacaq! Ən böyük «Qarabağ», başqa böyük yox! Qurban Qurbanov! Qurbanıq sənə!» fanklubun üzvləri də mənə baxır ki, bu hardan gəlib çıxıb bura? Hərdən müdirə baxıram, görürəm gözləri dolub. Nə qədər bağırsam da, fikrim qalıb quzu kababının yanında. Bir azdan gördüm müdir düşüb gedir, mən də onun arxasınca.

Heç demə, "Qarabağ" klubunun rəhbərliyi müdirin fanatlarla bir yerdə olduğunu görüblər, Emrah Çelikel telefon açıb ki, xahiş edirik gəlin VİP-ə, bir az da söhbətimiz var.

Ay can-ay can, əvvəllər VİP-i görmüşdüm axı. Getdik VİP-ə. Çay, kofe, şokolad, peçenye, tort, meyvə şirələri, araq da versəydilər yaxşı olardı, amma vermədilər.

Gözəl bir futbol izlədik.

Nə olsun mən "Qarabağ"ın tərəfini tuturam, "Səbail" gözəl oynadı. Şərəflə məğlub oldu. İlk dəfəydi "Səbail"in oyununu izləyirdim, ləzzət elədi belə bir klubumuz da var.

Və mən heç bilirsiz kimlərlə çay içdim? Azərbaycan futbolunun ulduzu Elbrus Abbasovla, Asim Xudiyevlə, Xəqani Məmmədovla, hətta "Qol.az"ın redaktoru Aydın Bağırovla.

Həmin gün iki qələbə sevinci yaşadım – birincisi, "Qarabağ" uddu, ikincisi də Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan 67 balla qələbəni.

Futbol bitdi. Fikirləşdim ki, bu qar-qiyamətdən sonra hər iki qələbəyə görə yəqin bir qonaqlıq verər. Qonaqlıq vermədi. Gətirib evinin yanında düşürəndə də mənə siqaret aldırdı, pulunu da mənə verdirdi.

Bax, bizim müdir belə müdirdi.

Nicat NOVRUZOĞLU,
"Ədalət" qəzeti





Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi